24271/05
WyrokETPCz2008-01-17ECLI:CE:ECHR:2008:0117JUD002427105
Analiza orzeczenia
Sekcja wygenerowana przez AI na podstawie treści orzeczenia — nie stanowi cytatu.
Zagadnienie prawne
Czy ujawnienie mediom poufnych szczegółów propozycji ugodowej złożonej przez rząd w postępowaniu przed ETPCz stanowi nadużycie prawa do skargi indywidualnej, prowadzące do uznania skargi za niedopuszczalną?Ratio decidendi
Trybunał uznał, że zasada poufności negocjacji ugodowych, wynikająca z art. 39 ust. 2 Konwencji i reguły 62 § 2 Regulaminu Trybunału, ma charakter bezwzględny i jest kluczowa dla ochrony stron oraz Trybunału przed naciskami. Celowe naruszenie tej zasady stanowi nadużycie procedury. W niniejszej sprawie skarżący i ich przedstawiciele świadomie i wielokrotnie ujawnili mediom szczegóły propozycji ugodowej rządu, w tym kwotę odszkodowania i strategię negocjacyjną. Trybunał odrzucił argument skarżących, że celem było rozwianie „plotek”, stwierdzając, że plotki te nie powstałyby, gdyby informacje nie zostały ujawnione. Takie działanie Trybunał uznał za nadużycie prawa do skargi indywidualnej, co skutkowało uznaniem skargi za niedopuszczalną.Stan faktyczny
Skarżący, dziennikarze z Azerbejdżanu, planowali zorganizować demonstrację w obronie wolności mediów. Władze Bakı zaproponowały alternatywne miejsce, które skarżący odrzucili, organizując protest w centrum miasta bez zgody. Policja rozpędziła demonstrację, a czterech skarżących zostało zatrzymanych na ponad dwie godziny. Skarżący złożyli skargę krajową na złe traktowanie i naruszenie wolności zgromadzeń, która została odrzucona przez sądy krajowe z przyczyn proceduralnych. Po wniesieniu skargi do ETPCz, rząd złożył propozycję ugodową, której szczegóły, w tym kwota odszkodowania, zostały ujawnione mediom przez skarżących i ich przedstawicieli.Rozstrzygnięcie
Trybunał jednogłośnie uznaje skargę za niedopuszczalną.Pełny tekst orzeczenia
İNSAN HÜQUQLARI ÜZRƏ AVROPA MƏHKƏMƏSİ
BİRİNCİ BÖLMƏ
QƏRARDAD
36609/08 nömrəli şikayət
Rauf Abbasov və digərləri (Rauf Abbasov and Others)
Azərbaycana qarşı
İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Palatası (Birinci Bölmə)
Sədr, İzabel Berro-Lefevre (Isabelle Berro-Lefèvre),
Hakimlər:
Elizabet Steyner (Elisabeth Steiner),
Xanlar Hacıyev (Khanlar Hajiyev),
Maryana Lazarova Traykovska (Mirjana Lazarova Trajkovska),
Culiya Lafranq (Julia Laffranque),
Linos-Aleksandr Sisilianos (Linos-Alexandre Sicilianos),
Erik Möse (Erik Møse)
və katib Sören Nilsendən (Søren Nielsen) ibarət tərkibdə
2008-ci il iyulun 10-da təqdim edilmiş ərizə ilə əlaqədar 2013-cü il mayın 28-də müşavirə keçirərək və iş üzrə cavabdeh Hökumətin qeydlərini və onlara cavab olaraq ərizəçilər tərəfindən təqdim edilmiş qeydləri nəzərə alaraq aşağıdakıları qərara almışdır:
FAKTLAR
Ərizəçilər Azərbaycan Respublikasının vətəndaşları cənab Rauf Abbasov, cənab Azər Abbasov, cənab Elşad Məmmədov, cənab Zabil Nəcizadə, cənab Etibar Ağayev, cənab Qənimət Zahidov, cənab Mehman Əliyev və cənab Şahvələd Namazov Bakı şəhərində yaşayırlar. Onlar Azərbaycanda fəaliyyət göstərən hüquqşünaslar cənab R.Hacılı, cənab E.Sadıqov və cənab K.Ağaliyev tərəfindən təmsil olunmuşlar.
Azərbaycan Hökumətini Avropa Məhkəməsi yanında səlahiyyətli nümayəndə cənab Ç.Əsgərov təmsil etmişdir.
A. İşin halları
Tərəflərin təqdim etdiyi izahatlara əsasən iş üzrə faktların qısa məzmunu aşağıdakı kimi göstərilə bilər.
Müstəqil jurnalistlər və ya siyasi müxalifəti dəstəkləyən jurnalistlər kimi fəaliyyət göstərən ərizəçilər Azərbaycanda media azadlığına dəstək vermək üçün nümayiş keçirməyi qərara almışlar.
2007-ci il iyunun əvvəlində Bakı şəhər İcra Hakimiyyətinə ünvanlanmış məktubda ərizəçilər məlumat vermişlər ki, onlar Bakı şəhərində yerləşən Dakar meydanından Heydər Əliyev adına Neftayırma Zavodunadək nümayiş keçirməyi planlaşdırırlar.
2007-ci il 9 iyun tarixli cavab məktubu ilə Bakı şəhər İcra Hakimiyyəti ərizəçilərə Həzi Aslanov metrostansiyasından Ukrayna dairəsinədək yürüşün keçirilməsinə və Ukrayna dairəsində nümayişin keçirilməsinə icazə vermişdir. Nümayişin keçirilməsinə 2007-ci il iyunun 12-də saat 15:00-dan 17:00-dək icazə verilmişdir.
Təklif olunan ərazinin şəhərin mərkəzindən uzaqda yerləşməsi və həmin vaxtda Ukrayna dairəsində yol təmiri işlərinin aparılması ilə əlaqədar ərizəçilər orada mitinqin keçirilməsinin mümkün olmadığını bildirərək Bakı şəhər İcra Hakimiyyətinin təklifi ilə razılaşmamışlar.
Həmin səbəblərə görə və Bakı şəhər İcra Hakimiyyətini müvafiq qaydada məlumatlandırmayaraq ərizəçilər mitinqin şəhərin mərkəzində, Sabir parkında keçirilməsi qərarına gəlmişlər.
2007-ci il iyunun 12-də bütövlükdə iyirmi beş-otuz jurnalist (o cümlədən ərizəçilər) əllərində müxtəlif plakatlar saxlayaraq Sabir bağında yığışmış və burada nümayişin keçirilməsinə cəhd göstərmişlər. Lakin mitinqin başlanmasından 5-10 dəqiqə keçəndən sonra bağın yanına bir neçə maşınla yaxınlaşan Səbail Rayon Polis İdarəsinin otuza yaxın əməkdaşı nümayişçiləri dağıtmağa başlamışlar.
Ərizəçilərin dördü, cənab Rauf Abbasov, cənab Zabil Nəcizadə, cənab Qənimət Zahidov və cənab Şahvələd Namazov zorla polis maşınlarına otuzdurularaq Səbail Rayon Polis İdarəsinin 9-cu polis bölməsinə aparılmışlar. Polis şöbəsində iki saatdan artıq müddət ərzində saxlanılmış həmin ərizəçilər sonradan sərbəst buraxılmışlar.
2007-ci il iyulun 12-də ərizəçilər Səbail Rayon Polis İdarəsinə qarşı iddia qaldıraraq bildirmişlər ki, nümayişin dağıdılması zamanı onlar polis tərəfindən pis rəftara məruz qalmışlar və onların sərbəst toplaşmaq və öz fikrini sərbəst ifadə etmək azadlıqları pozulmuşdur.
2007-ci il iyulun 20-də Səbail rayon məhkəməsi dövlət rüsumunu müvafiq qaydada və məbləğdə ödəmədiklərinə görə ərizəçilərin şikayətinə baxılmasını rədd etmişdir.
Bakı Apellyasiya Məhkəməsi 2007-ci il 18 sentyabr tarixli qərardadı ilə ərizəçilərin şikayətini rədd etmiş və birinci instansiya məhkəməsinin şikayətin mümkünsüzlüyü barədə qərardadını qüvvədə saxlamışdır. Bakı Apellyasiya Məhkəməsi müəyyən etmişdir ki, ərizəçilərin şikayəti Mülki Prosessual Məcəllənin iddianın məzmunu barədə tələblərinə cavab vermir və ərizəçilər bir neçə fotoşəklin surətlərindən başqa, digər sübut təqdim etməmişlər.
Ali Məhkəmə 2007-ci il 12 dekabr tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin qərardadını qüvvədə saxlamışdır. Ali Məhkəmənin qərarı ərizəçilərə 2008-ci il yanvarın 10-da göndərilmişdir.
B. Məhkəmə qarşısında barışıq sazişinin şərtlərinin mətbuata
açıqlanması
2010-cu il noyabrın 30-da ərizə cavabdeh Hökumətə göndərilmişdir. 2011-ci il iyulun 15-də Hökumət Məhkəmə qarşısında aparılan icraat çərçivəsində barışıq sazişinə dair təklifini təqdim etmiş və 2011-ci il iyulun 21-də həmin təklif ərizəçilərə göndərilmişdir.
2011-ci il avqust ayının əvvəlində Azərbaycan mətbuatında Hökumətin barışıq sazişinə dair təklifi ilə əlaqədar məqalələr dərc edilmişdir. Bir neçə məqalə aşağıda təqdim edilir.
2011-ci il avqustun 2-də “Yeni Müsavat” qəzetinin internet səhifəsində məqalə dərc edilmişdir. Həmin məqalədə yerləşdirilmiş altı fotoşəkildə cənab Etibar Ağayev və cənab Qənimət Zahidovdan başqa, digər şəxslərlə yanaşı bütün ərizəçilər görsənirlər. “Hakimiyyət 8 jurnalistə 40000 avro təklif edir” başlığı altında dərc edilmiş məqalənin müvafiq hissəsində aşağıdakılar göstərilmişdir:
“Hazırda isə durum ondan ibarətdir ki, hakimiyyət jurnalistlərin tələb etdiyi 40 min avroluq təzminatı ödəməyə hazırdır. Qarşı tərəf jurnalistlərə problemin dostcasına həllini təklif etməklə işin bundan sonra Avropa Məhkəməsində davam etdirilməməsinə, Azərbaycana qarşı daha bir məhkəmə qərarının cıxarılmamasına çalışır. Dünən E.Seyidağa və Q.Zahid istisna olmaqla iddiaçı jurnalistlər “Yeni Müsavat” qəzetinin redaksiyasında bir araya gələrək, son durumu dəyərləndirdilər. Müzakirə iştirakçılarının ortaq qənaəti jurnalistlərə qarşı törədilən qanunsuzluğun qarşılığında təklif edilən maddi təzminat məbləğinin az olması ilə bağlı idi. Bundan başqa, onlar son qərar verilərkən əsas iki variant üzərində dayandılar. Bu variantlardan birincisi şərtli razılaşmadan ibarətdir. Belə ki, bu halda iddiaçı jurnalistlər “dostcasına həll”i məhkəmə hakimlərinin və onlara qarşı zorakılıq tətbiq edən polislərin cəzalandırılmasını tələb etmək şərtilə qəbul edə bilərlər. Bu zaman hakimiyyət də mövcud durumu yaradan səbəbləri aradan qaldırmalıdır. İkinci variant isə iddiaçıların sözügedən iddianı Avropa İnsan Hüquqları Məhkəməsində son mərhələyə qədər aparmalarından ibarət idi.
Jurnalistlər müzakirə zamanı onu da bildirdilər ki, sözügedən qərar çıxarılsa, bu, beynəlxalq konvensiyanın 11-ci maddəsi üzrə Azərbaycan üzrə çıxarılan ilk qərar ola bilər. Bu da Azərbaycanın demokratik düşərgəsi, azad söz adına əhəmiyyətli işdir. Hazırda beynəlxalq təşkilatların, demokratik ölkələrin Azərbaycan iqtidarına qarşı əsas çabaları da beynəlxalq konvensiyanın 11-ci maddəsini həyata keçirməklə bağlıdır.
Maraqlı fikir mübadiləsindən sonra jurnalistlər bu məsələni Media Hüquqları İnstitutunun direktoru Rəşid Hacılının iştirakı ilə yaxın günlərdə bir daha müzakirə etmək qərarına gəldilər.”
Digər məqalə bir gün əvvəl 2011-ci il avqustun 1-də Azadlıq Radiosunun internet səhifəsində dərc edilmişdir. “Azərbaycan hakimiyyəti 8 jurnalistə barışıq təklif edir” başlığı altında dərc edilmiş məqalə S.Akifqızı tərəfindən yazılmışdır. Məqalədə göstərilmişdir ki, ərizəçilərdən biri cənab Şahvələd Namazov Azadlıq Radiosuna məlumat vermişdir ki, Azərbaycan Hökuməti səkkiz jurnalistə barışıq sazişi təklif etmiş və bu sazişə 40000 avro məbləğində təzminatın ödənilməsi daxildir. Cənab Şahvələd Namazov bildirmişdir ki, bəzi jurnalistlərin Hökumətin təklifini qəbul etmək istəyini nəzərə alaraq onlar razılığa gələ bilmirlər. Bundan sonra o, aşağıdakıları qeyd etmişdir:
“Ümumi mövqe ondan ibarətdir ki, biz yalnız təzminatın ödənilməsi ilə barışa bilmərik, bizim sərbəst toplaşmaq azadlığımız pozulmuşdur. Bizlərdən bəziləri Avropa Məhkəməsinin qərarının qəbul edilməsində israrlıdır, belə ki, həmin qərar presedent olacaq.”
Həmin məqalədə digər ərizəçi cənab Rauf Abbasov öz mövqeyini bildirmişdir. O qeyd etmişdir ki, iddiada onlara qarşı zor tətbiq etmiş polislərin və onların şikayətini baxılmamış saxlamış birinci instansiya məhkəməsinin hakiminin cəzalandırılması xahiş edilmişdir. O, aşağıda göstərildiyi kimi davam etmişdir:
“Lakin Azərbaycan Hökumətinin təklifində bununla bağlı zəmanət verilməmişdir; həmin zəmanətlər verilsə idi, ərizənin baxılan işlərin siyahısından çıxarılması mümkün olardı.”
2011-ci il avqustun 2-də “Amerikanın səsi” radiosunun internet səhifəsində ərizəçilərin üç nümayəndəsindən biri cənab Rəşid Hacılı ilə müsahibə dərc edilmişdir. Məqalə “Rəşid Hacılı: Avropa Məhkəməsinin qərarı ölkədəki məhkəmə sisteminə və qanunvericiliyə müsbət təsir edə bilər” başlığı altında dərc edilmişdir. Həmin məqalənin müvafiq hissəsində aşağıdakılar qeyd edilmişdir:
“Sual: Jurnalistlər “dostcasına barışıq” təklifi ilə razıdırmı?
Cavab: Mən, vəkil olaraq jurnalistlərin hər birinə məlumat vermişəm və hökumətin təklifini də onlara göndərmişəm. Onlar həm ayrılıqda qərarlarını dəqiqləşdirməlidir, həm də birgə müzakirə aparıb qərar verməlidirlər.
Sual: Hökumət nə təklif edir? Şikayət edən jurnalistlər kimlərdir?
Cavab: Şikayət edənlər, “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev, “Azadlıq” qəzetinin redaktoru Qənimət Zahid, jurnalist Şahvələd Cobanoğlu, “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu, bu qəzetin muxbirləri Azər Ayxan, Zabil Müqabiloğlu, Elşad Məmmədli və Etibar Seyidağadır. Bizim tələbimizdə hər bir zərərçəkən üçün 5 min avro müəyyən olunmuşdu və əlavə xərclərin ödənilməsi də əksini tapmışdı. Hökumət mənəvi kompensasiyanın hamısını ödəməyi təklif edib, amma məhkəmə və hüquq xərclərini ödəməyi təklif etməyib.
Sual: Hökumətlə jurnalistlər arasında fikir ayrılığı olarsa, Avropa Məhkəməsi qərar qəbul edəcəkmi?
Cavab: Ərizəçilər hökumətin təklifini qəbul etməsə, yəqin ki, Avropa Məhkəməsi işə baxılmasını davam etdirəcək. Düzdür, “dostcasına təklif”i niyə qəbul etmədiyini əsaslandırmaq lazımdır. Əsaslandırma arqumentli olmalıdır. Məhkəmə əsaslandırmanı arqumentsiz hesab edərsə, qərarın çıxarılmasını dayandıra da bilər. Ərizəni siyahıdan çıxarıb hökumətin təklifi ilə razılaşmanı şikayətçilərin diqqətinə çatdıra bilər.
Sual: Media şikayətçi jurnalistlər arasında fikir ayrılığı olduğunu yazır. Ərizəçilərin bir neçəsi hökumətin təklifinin qəbul edilməsini istəyir, digər jurnalistlər isə hökumətin toplaşmaq azadlığını təmin etmədiyi üçün “dostcasına təklifi” qəbul etmir. Onlar ölkədə presedent hüququ yaranması üçün Avropa Məhkəməsinin qərar qəbul etməsini istəyir. Siz necə hesab edirsiniz?
Cavab: “Dostcasına təklif”lə bağlı müzakirələrin mediada müzakirə olunması konfidensiallıqla uyğun gəlmir. Digər tərəfdən, zərərçəkən jurnalistlər məsələni ictimai müzakirəyə çıxarırsa, bu da onların hüququdur. Mən hələ ki heç kimin son qərarını almamışam.”
2011-ci il 12 sentyabr tarixli məktubu ilə ərizəçilər Məhkəməni məlumatlandırmışlar ki, onlar Hökumətin barışıq sazişi üzrə təklifini qəbul etməkdən imtina edirlər.
ŞİKAYƏTLƏR
Ərizəçilər Konvensiyanın 3-cü və 13-cü maddələrinə əsasən şikayət edərək iddia etmişlər ki, nümayiş dağıdılarkən onlar polis tərəfindən pis rəftara məruz qalmışlar və onların bununla əlaqədar şikayətləri səmərəli şəkildə araşdırılmamışdır. Ərizəçilər Konvensiyanın 6-cı maddəsi mənasında şikayət edərək iddia etmişlər ki, yerli məhkəmələrin onların polisə qarşı şikayətinə baxılmasının rədd edilməsi barədə düzgün olmayan və zəif əsaslandırılmış qərarları nəticəsində onların məhkəməyə müraciət etmək hüququ pozulmuşdur. Bundan sonra ərizəçilər Konvensiyanın 11-ci maddəsi əsasında şikayət edərək iddia etmişlər ki, Bakı şəhər İcra Hakimiyyəti tərəfindən onların nümayiş keçirmək planlarına maneələrin yaradılması və polis tərəfindən nümayişi dağıdarkən güc tətbiq edilməsi nəticəsində onların sərbəst toplaşmaq azadlığı pozulmuşdur.
HÜQUQİ MƏSƏLƏLƏR
Hökumət bildirmişdir ki, ərizəçilər barışıq sazişinə dair təklifin məzmununu mətbuata açıqlayaraq barışıq sazişi üzrə danışıqların məxfiliyini pozmuşlar. Konvensiyanın 39-cu maddəsi və Məhkəmənin Prosedur Qaydalarının 62-ci Qaydasının 2-ci bəndində aşağıdakılar təsbit edilmişdir:
Konvensiyanın 39-cu maddəsi
“1. Məhkəmə prosesinin istənilən mərhələsində Məhkəmə Konvensiya və ona dair Protokollarda müəyyən edilən insan hüquqlarına hörmət əsasında məsələnin barışıq sazişi ilə təmin etmək məqsədilə maraqlı tərəflərə öz xidmətlərini təqdim edə bilər.
2. 1-ci bənddə nəzərdə tutulan prosedur məxfi olmalıdır.
3. Əgər barışıq sazişi bağlanması mümkündürsə, Məhkəmə faktların və əldə olunmuş razılığın qısaca əks olunduğu qərardadla işi öz siyahısından çıxarır.
4. Bu qərardad barışıq sazişi üzrə qərardadda müəyyən edilmiş şərtlərin yerinə yetirilməsinə nəzarət edəcək Nazirlər Komitəsinə göndərilir.”
Məhkəmənin Prosedur Qaydalarının 62-ci Qaydasının 2-ci bəndi
“Konvensiyanın 39-cu maddəsinin 2-ci bəndinə əsasən barışıq sazişi üzrə danışıqlar məxfi olmalı və icraat zamanı tərəflərin dəlillərinə xələl yetirməməlidir. Mübahisə üzrə icraat çərçivəsində barışıq sazişinə nail olunması zamanı bu barədə yazılı və ya şifahi kommunikasiyalara və ya təklif olunan güzəştlərə istinad edilə bilməz.”
A. Tərəflərin dəlilləri
1. Hökumətin qeydləri
Hökumət bildirmişdir ki, ərizəçilər və onların Məhkəmə qarşısında nümayəndələri Hökumətin barışıq sazişinə dair təklifinin detallarını ictimaiyyət arasında müzakirə edib və onun şərtlərini mətbuatda açıqlayıblar. Öz iddiasını müdafiə edərək Hökumət mətbuatda dərc edilmiş müxtəlif məqalələrə istinad etmişdir. Bundan sonra Hökumət bildirmişdir ki, ərizəçilərdən üçü, cənab Mehman Əliyev, cənab Şahvələd Namazov və cənab Qənimət Zahidov mətbuat konfransı keçirib və orada Hökumətin barışıq sazişinə dair təklifini müzakirə ediblər. Öz iddialarını müdafiə edərək Hökumət internetdə dərc edilmiş məlumata istinad edib.
Hökumət bildirmişdir ki, ərizəçilərin hərəkətləri individual şikayət vermək hüququndan sui-istifadə kimi qiymətləndirilməli və ərizə Konvensiyanın 35-ci maddəsinə uyğun olaraq rədd edilməlidir.
2. Ərizəçilərin qeydləri
Ərizəçilər bildiriblər ki, onlar Hökumətin barışıq sazişinə dair təkliflərini müzakirə etmək üçün “Yeni Müsavat” qəzetinin ofisində görüşmüşlər. Səkkiz ərizəçidən beşi həmin qəzetin əməkdaşları olduqlarına görə onlar görüş üçün həmin yeri seçiblər. Ərizəçilər qeyd ediblər ki, barışıq sazişi üzrə təklifin müzakirəsi qadağan deyil və hesab edirlər ki, “Yeni Müsavat”qəzetinin baş redaktoru tərəfindən (ərizəçi – Rauf Abbasov) barışıq sazişi üzrə görüşün keçirilməsi barədə məlumatın ictimailəşdirilməsi ərizəçilər tərəfindən Hökumətin təkliflərini ictimai müzakirəyə çıxarma kimi qiymətləndirilməməlidir. Ərizəçilərə əsasən həmin məlumatın dərc edilməsi cənab Rauf Abbasovun şəxsi təşəbbüsü olmuşdur. Onlar onu da qeyd etmişlər ki, ərizəçilərdən ikisi, cənab Etibar Ağayev və cənab Qənimət Zahidov həmin görüşdə iştirak etməmişlər.
Eyni zamanda ərizəçilər bildirmişlər ki, onların əsas məqsədi barışıq sazişinə dair təklifin ictimailəşdirilməsi və ya Hökumətə hər hansı təzyiqin göstərilməsi deyil, bəzi jurnalistlərin yuxarıda qeyd edilən təkliflə əlaqədar münasibətləri barədə “şaiyə yaymaq” olmuşdur.
Ərizəçilər bildirmişlər ki, onlar barışıq sazişinə dair təkliflə əlaqədar heç bir mətbuat konfransında iştirak etməmişlər və Hökumətin bu barədə təqdim etdiyi məlumat hər hansı digər mənbə ilə təsdiqlənməmişdir. Eyni zamanda ərizəçilər qeyd etmişlər ki, onların nümayəndəsi Rəşid Hacılı “Amerikanın səsi” radiostansiyasının jurnalistlərini barışıq sazişinə dair təklif barədə məlumatlandırmamış, sadəcə həmin təklifin mövcud olduğunu bildirmişdir. Həmçinin, ərizəçilər qeyd etmişlər ki, Məhkəmə qarşısında onları təmsil edən digər iki hüquqşünas Hökumətin təklifini şərh etməmişlər.
B. Məhkəmənin qiymətləndirməsi
Məhkəmə təkrarlayır ki, Konvensiyanın 39-cu maddəsinə və Məhkəmənin Prosedur Qaydalarının 62-ci Qaydasının 2-ci bəndinə uyğun olaraq barışıq sazişi üzrə danışıqlar məxfi olmalı və icraat zamanı tərəflərin dəlillərinə xələl yetirməməlidir. Mübahisə üzrə icraat çərçivəsində barışıq sazişinə nail olunması zamanı bu barədə yazılı və ya şifahi kommunikasiyalara və ya təklif olunan güzəştlərə istinad edilə bilməz. Bu qayda şərtsizdir və nə qədər detalın açıqlanmasını fərdi qaydada qiymətləndirməyə imkan vermir (baxın, “Balenoviç Xorvatiyaya qarşı” (Balenović v. Croatia (dec.), no. 28369/07, 30 September 2010) və “Lesnina Veletrqovina d.o.o. Makedoniyaya qarşı” (Lesnina Veletrgovina d.o.o. v. the former Yugoslav Republic of Macedonia (dec.), no. 37619/04, 2 March 2010).
Həmin prinsipin vacibliyini qeyd edərək Məhkəmə təkrarlayır ki, müəyyən hallarda məxfilik qaydasının pozuntusu ilə əlaqədar şikayət vermək hüququndan sui-istifadə etmə əsasları ilə ərizənin mümkünsüz hesab edilməsi istisna edilmir (baxın, “Popov Moldovaya qarşı” (Popov v. Moldova (no. 1), no. 74153/01, § 48, 18 January 2005); “Mirolubovs və Digərləri Latviyaya qarşı” (Miroļubovs and Others v. Latvia, no.798/05, § 66, 15 September 2009) və “Benjotski və Digərləri Serbiyaya qarşı” (Benjocki and Others v. Serbia (dec.), nos. 5958/07, 6561/07, 8093/07 and 9162/07, 15 December 2009). Məhkəmə müəyyən edir ki, dövlət, daxili qanunvericiliyində prosedur qaydaların ədalət mühakiməsinin həyata keçirilməsi və hüquqi labüdlük prinsipinə uyğunluğunu təmin edir, bununla tərəflər həmin prinsipin tətbiq olunmasını gözləmək hüququna malikdirlər. Bu prinsip Konvensiyanın və Məhkəmənin Prosedur Qaydalarının prosessual müddəaları ilə əlaqədar tətbiq edilir. Eyni zamanda barışıq sazişi ilə əlaqədar məxfilik prinsipi xüsusilə vacibdir. Belə ki, onun məqsədi tərəfləri və Məhkəməni siyasi və ya hər hansı digər təzyiqlərdən qorumaqdır. Bununla məntiqi olaraq həmin qaydanın bilərəkdən pozulması prosedurdan sui-istifadə kimi hesab edilir. Lakin Məhkəmə qeyd edir ki, məxfi məlumatların açıqlanması ilə bağlı tərəflərin birbaşa məsuliyyəti dəqiq müəyyən edilməlidir. Yalnız şübhə əsasında ərizənin Konvensiyanın 35-ci maddəsi mənasında şikayət vermək hüququndan sui-istifadə əsası ilə mümkünsüz hesab edilməsi mümkün deyil (baxın, “Barreau və Digərləri Fransaya qarşı” (Barreau and Others v. France (dec.), no. 24697/09, 13 December 2011); “Mandil Fransaya qarşı” Mandil v. France (dec.), no. 67037/09, 13 December 2011) və yuxarıda qeyd edilən “Mirolubovs və Digərləri Latviyaya qarşı”, 66-cı bənd).
Konvensiyanın 39-cu maddəsi və Məhkəmənin Prosedur Qaydalarının 62-ci Qaydasının 2-ci bəndi tərəflərə mətbuat və ya kifayət qədər çox sayda şəxslər tərəfindən oxuna bilən məktub, ya da hər hansı digər vasitələrlə barışıq sazişi üzrə təklifi açıqlamağı qadağan edir. Məhkəmə qeyd edir ki, Katiblik tərəfindən ərizəçilərə 2011-ci il martın 24-də göndərilmiş məktubda aydın göstərilmişdir ki, barışıq sazişi üzrə aparılan danışıqlar məxfi keçirilməlidir. Bununla tərəflər bu tələb haqqında bilirdi və onu yerinə yetirməli idilər.
Lakin barışıq sazişinə dair Hökumətin təklifini aldıqdan sonra ərizəçilər onun detallarını mətbuatda açıqlayaraq şərtlərini ictimaiyyətdə müzakirə etmişlər. Xüsusilə, ərizəçilər Hökumət tərəfindən təklif edilən təzminatın məbləğini açıqlayıblar. Bundan sonra onlar barışıq sazişinə dair təklifin digər aspektlərini şərh edib və bununla bağlı tətbiq olunacaq strategiyanı ictimaiyyətdə müzakirə ediblər.
Eyni zamanda, ərizəçiləri təmsil edən vəkillərdən biri barışıq sazişi üzrə ictimai müzakirələrin keçirilməsinin məxfilik prinsipinə uyğun olmadığını qeyd edərək həmin prinsipi özü pozmuş və Hökumətin təklif etdiyi təzminat məbləğini açıqlamışdır.
Yuxarıda qeyd edilənləri nəzərə alaraq Məhkəmə müəyyən edir ki, ərizəçilər dəfələrlə və bilərəkdən barışıq sazişi üzrə aparılan danışıqların detallarını açıqlayıblar. Həmin açıqlamanı Hökumət və ya hər hansı digər tərəf deyil, məhz ərizəçilər vermişdir. Bundan sonra Məhkəmə hesab edir ki, bəzi ərizəçilərin və bütün ərizəçilərin nümayəndəsinin yuxarıda qeyd edilən hərəkətlərini nəzərə alaraq mətbuatda məlumatın açıqlanmasına görə hər bir ərizəçinin ayrılıqda məsuliyyətini müəyyən etməyə ehtiyac yoxdur (baxın, yuxarıda qeyd edilən “Barreau və Digərləri Fransaya qarşı”).
Məlumatın açıqlanması barışıq sazişinə dair təkliflə əlaqədar bəzi jurnalistlərin münasibəti barədə “şaiyə yaymaq” məqsədini güdməsi kimi ərizəçilərin dəlillərinə gəldikdə, Məhkəmə həmin cəhdlə məxfiliyin pozulmasına bəraət qazandırılmasını qəbulolunmaz hesab edir. Ərizəçilər həmin məlumatı sızdırmasa idilər, bu “şaiyə” mövcud ola bilməzdi. Məhkəmə təkrarlayır ki, barışıq sazişi üzrə danışıqların məxfiliyi qaydası Məhkəmədə aparılan prosesdə iştirak edən tərəflərin üzərinə qoyulan prosessual hüquqi qaydadır. Bununla əlaqədar ərizəçilərin və onların nümayəndəsinin hərəkətləri Məhkəmənin prosedur qaydalarına uyğun olmuş Hökumətin barışıq sazişi ilə əlaqədar yanaşmanı hörmətdən salır (baxın, yuxarıda qeyd edilən “Barreau və Digərləri Fransaya qarşı” və “Mandil Fransaya qarşı”).
Nəzərə alaraq ki, ərizəçilər barışıq sazişi üzrə təklifin şərtlərini bilərəkdən ictimailəşdiriblər Məhkəmə hesab edir ki, onların hərəkətləri şikayət vermək hüququndan sui-istifadə kimi qiymətləndirilməlidir və məxfilik prinsipini pozur. Nəticədə, ərizə Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin (a) yarımbəndinə və 4-cü bəndinə əsasən rədd edilməlidir.
Həmin səbəblərə görə Məhkəmə yekdilliklə ərizənin mümkünsüz olduğunu qət edir.
Sören Nilsen İzabel Berro-Lefevre
Katib Sədr
© Rada Europy / Europejski Trybunał Praw Człowieka, źródło: HUDOC (hudoc.echr.coe.int), pozyskano 13.07.2026. · Źródło