37201/06
WyrokETPCz2008-02-28ECLI:CE:ECHR:2008:0228JUD003720106
Analiza orzeczenia
Sekcja wygenerowana przez AI na podstawie treści orzeczenia — nie stanowi cytatu.
Zagadnienie prawne
Czy decyzja o deportacji obywatela Tunezji, skazanego za terroryzm, do Tunezji, gdzie grozi mu realne ryzyko nieludzkiego traktowania, narusza art. 3 Europejskiej Konwencji Praw Człowieka?Ratio decidendi
Trybunał potwierdził absolutny charakter zakazu nieludzkiego i poniżającego traktowania z art. 3 Konwencji, który nie dopuszcza żadnych wyjątków, nawet w przypadku zagrożenia bezpieczeństwa narodowego czy zachowania osoby. Odrzucił argumenty rządu włoskiego i brytyjskiego, że należy wyważyć ryzyko złego traktowania z zagrożeniem dla bezpieczeństwa narodowego lub zastosować wyższy standard dowodowy dla osób niebezpiecznych. Trybunał uznał, że wiarygodne raporty organizacji międzynarodowych i rządowych (Amnesty International, Human Rights Watch, Departament Stanu USA) wskazują na systematyczne stosowanie tortur w Tunezji wobec osób oskarżonych o terroryzm, co stwarza realne ryzyko dla skarżącego. Ogólne zapewnienia dyplomatyczne Tunezji uznano za niewystarczające.Stan faktyczny
Nassim Saadi, obywatel Tunezji mieszkający we Włoszech, został aresztowany w 2002 roku pod zarzutem międzynarodowego terroryzmu. W 2005 roku sąd włoski skazał go za spisek przestępczy, fałszerstwo i paserstwo, uniewinniając z zarzutów terroryzmu, i zarządził jego deportację po odbyciu kary. W tym samym czasie sąd wojskowy w Tunezji skazał go zaocznie na 20 lat więzienia za terroryzm. Po zwolnieniu z więzienia we Włoszech w 2006 roku, włoskie władze wydały nakaz jego deportacji do Tunezji, powołując się na zagrożenie dla bezpieczeństwa narodowego. Skarżący, który ma we Włoszech partnerkę i syna, obawiał się tortur i nieludzkiego traktowania w Tunezji.Rozstrzygnięcie
Skarga została uznana za dopuszczalną. Stwierdzono, że wykonanie decyzji o deportacji skarżącego do Tunezji stanowiłoby naruszenie art. 3 Konwencji. Uznano, że nie ma potrzeby badania, czy wykonanie decyzji o deportacji naruszyłoby również art. 6, art. 8 Konwencji oraz art. 1 Protokołu nr 7. Stwierdzono, że samo stwierdzenie naruszenia stanowi wystarczające zadośćuczynienie za wszelkie szkody niemajątkowe. Zasądzono na rzecz skarżącego 8 000 EUR tytułem zwrotu kosztów i wydatków. Pozostałe roszczenia skarżącego dotyczące słusznego zadośćuczynienia zostały oddalone.Pełny tekst orzeczenia
Avropa İnsan Hüquqları Məhkəməsi
BÖYÜK PALATA
SAADİ (SAADI) İTALİYAYA QARŞI məhkəmə işi
(Ərizə Nº 37201/06)
QƏRAR
Strasburq
28 fevral 2008-ci il
Bu qərar qətidir, amma ona redaktə xarakterli düzəlişlər edilə bilər.
Saadi İtaliyaya qarşı məhkəmə işində Avropa İnsan Hüquqları Məhkəməsi, hakimlər:
Jan-Pol Kosta (Jean-Paul Costa), sədr;
Kristos Rozakis (Christos Rozakis);
Nikolas Bratsa (Nicolas Bratza);
Boştyan M. Zupançiç (Boštjan M. Zupančič);
Peyer Lorensen (Peer Lorenzen);
Fransuaza Tulkens (Françoise Tulkens);
Lukis Lukaides (Loukis Loucaides);
Korneliu Birsan (Corneliu Bîrsan);
Nina Vayiç (Nina Vajić);
Vladimiro Zaqrebelski (Vladimiro Zagrebelsky);
Alvina Gülümyan (Alvina Gyulumyan);
Xanlar Hacıyev (Khanlar Hajiyev);
Din Spilman (Dean Spielmann);
Eqbert Mayer (Egbert Myjer);
Sverre Erik Yebens (Sverre Erik Jebens);
İnete Zimele (Ineta Ziemele);
İzabella Bero-Lefevre (Isabelle Berro-Lefèvre);
habelə hüquq məsləhətçisi V. Bergerdən (V. Berger) ibarət tərkibdə Böyük Palatada iclas keçirərək,
11 iyul 2007-ci ildə və 23 yanvar 2008-ci ildə qapalı müşavirə keçirərək,
yuxarıda qeyd edilən sonuncu tarixdə qəbul edilmiş aşağıdakı qərarı elan edir.
PROSEDUR
1. İş İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının (“Konvensiya”) 34-cü maddəsinə əsasən Tunis vətəndaşı cənab Nassim Saadi (“ərizəçi”) tərəfindən 14 sentyabr 2006-cı ildə Məhkəməyə təqdim edilmiş İtaliya Respublikasına qarşı ərizə (Nº 37201/06) əsasında başlanmışdır.
2. Ərizəçini Milanda vəkillik fəaliyyəti ilə məşğul olan cənab S. Klementi və cənab B. Manara təmsil etmişlər. İtaliya Hökumətini (“Hökumət”) onun nümayəndəsi cənab İ.M. Braqulia və müştərək nümayəndəsinin müavini cənab N. Lettyeri təmsil etmişlər.
3. Ərizəçi iddia etmişdir ki, onun Tunisə deportasiya olunması barədə qərarın icrası onu Konvensiyanın 3-cü maddəsinə zidd olan davranışla qarşılaşmaq riskinə və ədalət mühakiməsi hüququnun (Konvensiyanın 6-cı maddəsi) kobudcasına pozulmasına məruz qoyacaq. Bundan əlavə, sözügedən tədbir onun ailə həyatına hörmət hüququnu (Konvensiyanın 8-ci maddəsi) pozmuş olacaq və həmin tədbir 7 saylı Protokolun 1-ci maddəsində təsbit olunmuş prosessual təminatlar pozulmaqla qəbul edilmişdir.
4. Ərizə Məhkəmənin Üçüncü Seksiyasının icraatına verildi (Məhkəmə Reqlamentinin 52-ci Qaydasının 1-ci bəndi). 16 oktyabr 2006-cı ildə həmin Seksiyanın sədri ərizə barədə cavabdeh Hökumətə məlumat verməyi qərara aldı. Konvensiyanın 29-cu maddəsinin 3-cü bəndinə uyğun olaraq, qərara alındı ki, ərizənin qəbul edilənliyinə və mahiyyətinə birlikdə baxılsın və bu işə üstünlük qaydasında baxılsın (41-ci Qayda).
5. 29 mart 2007-ci ildə hakimlər Boştyan M. Zupançiç, Korneliu Birsan, Vladimiro Zaqrebelski, Alvina Gülümyan, Eqbert Mayer, İneta Zimele və İzabella Berro-Lefevredən, habelə Seksiya katibi Santyaqo Quesadadan (Santiago Quesada) ibarət tərkibdə təşkil olunmuş Üçüncü Seksiyanın Palatası Böyük Palatanın xeyrinə yurisdiksiyasından imtina etdi (Konvensiyanın 32-ci maddəsi və 72-ci Qayda), tərəflərin heç biri bu imtinaya etiraz etmədi.
6. Böyük Palatanın təşkili Konvensiyanın 27-ci maddəsinin 2-ci və 3-cü bəndlərinin və Məhkəmə Reqlamentinin 24-cü Qaydasının müddəalarına uyğun olaraq müəyyən edildi.
7. Ərizəçi və Hökumət hər biri işin mahiyyəti üzrə yaddaş qeydlərini təqdim etdilər. Tərəflər bir-birinin yaddaş qeydlərinə yazılı cavablar verdilər. Bundan əlavə, üçüncü tərəf qismində müdaxilə hüququnu həyata keçirmək istəyini ifadə edən Birləşmiş Krallıq Hökumətindən qeydlər alındı ((Konvensiyanın 36-cı maddəsinin 2-ci bəndi və 44-cü Qaydanın 2-ci bəndi).
8. 11 iyul 2007-ci ildə Strasburqda İnsan Hüquqları Sarayında açıq dinləmə keçirildi (59-cu Qaydanın 3-cü bəndi).
Məhkəmədə iştirak etdilər:
a) cavabdeh Hökumətin adından:
cənab N. Lettyeri, Xarici İşlər Nazirliyi, dövlət hüquq xidmətinin əməkdaşı, müştərək nümayəndənin müavini;
məsləhətçilər:
xanım E. Matsuko, prefekt,
cənab A. Bella, polis rəisi,
cənab K. Qalzerano, polis rəisinin müavini.
b) ərizəçinin adından:
vəkil:
cənab S. Klementi, hüquqşünas
c) Birləşmiş Krallıq Hökumətinin adından:
cənab D. Uolton, nümayəndə;
vəkil:
cənab C. Svift, barrister;
məsləhətçilər:
cənab S. Braviner Roman, Daxili İşlər Nazirliyi;
xanım A. Fitscerald, Ədliyyə Nazirliyi;
cənab E. Adams, Ədliyyə Nazirliyi.
Məhkəmə cənab Klementinin, cənab Lettyerinin və cənab Sviftin çıxışlarını və hakimlərin suallarına onların cavablarını dinlədi.
FAKTLAR
I. İŞİN HALLARI
9. Ərizəçi 1974-cü ildə anadan olub və Milanda yaşayır.
10. Təxminən 1996-cı il ilə 1999-cu il arasında dəqiq müəyyən edilməyən tarixdə İtaliyaya daxil olmuş ərizəçi Bolonya polis orqanı (questura) tərəfindən 29 dekabr 2001-ci ildə “ailə səbəblərinə” görə verilmiş yaşayış icazəsinə malik idi. Bu icazənin müddəti 11 oktyabr 2002-ci ildə bitməli idi.
A. İtaliyada və Tunisdə ərizəçiyə qarşı cinayət prosesləri
11. 9 oktyabr 2002-ci ildə ərizəçi, digər cinayətlərlə yanaşı, beynəlxalq terrorizmdə iştirakda şübhəli bilindiyinə görə (Cinayət Məcəlləsinin 270-ci maddəsi) tutuldu və ibtidai həbs yerinə salındı. Sonradan onun və digər beş nəfərin işi baxılmaq üçün Milan Andlılar Məhkəməsinə verildi.
12. Ərizəçi dörd ittihamla üzləşdi. Onlardan birincisi İtaliyanın xaricində digər dövlətlərdə terroru yaymaqdan ötrü zorakılıq aktları törətmək üçün (partladıcı qurğulardan istifadə etməklə hücumlar da daxil olmaqla) sövdələşməyə girmək ittihamı idi. İddia edilirdi ki, 2001-ci ilin dekabrı ilə 2002-ci ilin sentyabrı arasında ərizəçi sövdələşmənin təşkilatçılarından və başçılarından biri olub, bu işin ideoloji əsaslarını hazırlayıb və onun məqsədlərinin yerinə yetirilməsi üçün zəruri göstərişlər verib. İkinci ittiham “pasportlar, sürücülük vəsiqələri və yaşayış icazələri kimi çoxsaylı sənədlərin” saxtalaşdırılması ilə bağlı idi. Ərizəçi həmçinin oğurluq malları qəbul etməkdə və immiqrasiya qanunvericiliyini pozmaqla naməlum sayda əcnəbilərin İtaliyaya daxil olmasına köpmək etməkdə və buna şərait yaratmaqda təqsirləndirilirdi.
13. Onun məhkəməsində ittiham tərəfi ərizəçinin on üç il azadlıqdan məhrum edilməsini istədi. Ərizəçinin vəkili Andlılar Məhkəməsindən müştərisinə beynəlxalq terrorizm ittihamı üzrə bəraət verməsini xahiş etdi, digər ittihamların həllini isə məhkəmənin ixtiyarına buraxdı.
14. 9 may 2005-ci il tarixli hökmü ilə Milan Andlılar Məhkəməsi birinci cinayət ittihamının hüquqi tövsifini dəyişdi. Onun rəyi belə oldu ki, ərizəçinin təqsirləndirildiyi hərəkətlər beynəlxalq terrorizm əməlini deyil, inayət törətmək üçün sövdələşmə əməlini təşkil edir. O, ərizəçini həmin cinayətə, habelə saxtakarlığa və cinayətləri gizlətməyə görə dörd il altı ay müddətinə azadlıqdan məhrum etdi. O, gizli immiqrasiyaya kömək etmək və şərait yaratmaq ittihamı üzrə ərizəçiyə bəraət verərək qərara aldı ki, o, bu ittiham üzrə təqsirləndirildiyi hərəkətləri törətməyib.
15. Andlılar Məhkəməsi ikinci cəza qismində ərizəçiyə beş il müddətinə dövlət vəzifəsinin icrasını qadağan etdi və cəzasını çəkdikdən sonra deportasiya olunması barədə qərar çıxardı.
16. 331 səhifədən ibarət hökmünü əsaslandırarkən Andlılar Məhkəməsi qeyd etdi ki, ərizəçiyə qarşı sübutlara dinlənilmiş telefon danışıqları və radio rabitələri, şahid ifadələri və ondan müsadirə olunmuş çoxsaylı saxta sənədlər daxil idi. Birlikdə götürülməklə bu sübutlar ərizəçinin oğurlanmış sənədləri qəbul etmək və saxtalaşdırmaq üçün sövdələşməyə girdiyini sübut edirdi, o, yaşayış vəsaitlərini bu fəaliyyətlərdən əldə edirdi. Digər tərəfdən, sözügedən sənədlərin həmin saxta sənədlərdə adları olan şəxslər tərəfindən istifadə olunması (qanunsuz olaraq İtaliyaya daxil olmaq üçün) sübut edilmədi.
17. Beynəlxalq terrorizm ittihamına gəldikdə, Andlılar Məhkəməsi ilk öncə qeyd etdi ki, sövdələşmə xarakterinə görə o halda “terror” sövdələşməsi olur ki, terroru yaymaq, yaxud hökuməti və ya beynəlxalq təşkilatı hər hansı hərəkəti etməyə və ya etməkdən çəkinməyə məcbur etmək niyyəti ilə mülki şəxslərə və ya silahlı münaqişədə aktiv iştirak etməyən şəxslərə qarşı zorakılıq aktları törətmək məqsədini daşısın, yaxud onun motivi siyasi, ideoloji və ya dini xarakterli olsun. Hazırkı işdə ərizəçinin və onun cinayət ortaqlarının törətməyə hazırlaşdıqları zorakılıq aktlarının, ittiham tərəfinin arqumentlərinə uyğun olaraq, silahlı münaqişənin tərkib hissəsi olduğu və ya olmadığı məlum deyildi.
18. Bundan əlavə, ibtidai istintaq və məhkəmə araşdırması zamanı əldə edilmiş sübutlar təqsirləndirilən şəxslərin zorakılıq aktları törətmək planlarını həyata keçirməyə başladıqlarını, yaxud terrorçuluq məqsədləri daşıyan digər şəxsləri və ya təşkilatları maddi-texniki və ya maliyyə dəstəyi ilə təmin etdiklərini əsaslı şübhə yeri qalmadan sübuta yetirə bilməmişdi. Konkret olaraq, dinlənilmiş telefon danışıqlarından və ya radio rabitəsi əlaqələrindən bu cür sübutları əldə etmək mümkün olmamışdı. Bunlar təkcə onu sübut edirdi ki, ərizəçi və onun cinayət ortaqları islam təməlçiləri dairələrinə mənsub şəxslərlə və təşkilatlarla əlaqələrə malik idilər, “kafirlərə” (xüsusən müsəlman ərazisi hesab olunan ərazilərdəki bu cür şəxslərə) düşməncəsinə yanaşırdılar və onların özlərinə yaxın bildikləri dünya eyni dini və ideoloji əqidələrinə görə birləşmiş “qardaşlardan” ibarət idi.
19. Müttəhimlər və onlarla əlaqə saxlayanlar kodlaşdırılmış dildən istifadə edərək allaha inamı gücləndirmək məqsədi daşıyan “futbol oyunu” ifadəsini dəfələrlə işlətmişdilər. Andlılar Məhkəməsinin fikrincə, açıq-ayın bəlli idi ki, bu ifadə hər hansı idman tədbirini deyil, islamın ən radikal formasının prinsiplərini tətbiq etmək aksiyasını bildirirdi. Lakin onun hansı konkret “aksiyanı” nəzərdə tutduğunu və ya onu harada həyata keçirməyin planlaşdırıldığını aydınlaşdırmaq mümkün olmadı.
20. Üstəlik, ərizəçi 17 yanvar 2002-ci ildə Milanı tərk etmiş və yolda Amsterdamda dayandıqdan sonra İrana yollanmış, oradan isə 14 fevral 2002-ci ildə İtaliyaya qayıtmışdı. O, həmçinin İranda olan “qardaşların rəhbəri” ilə danışmışdı. ərizəçinin mənsub olduğu qrupun bəzi üzvləri Əfqanıstandakı “təlim düşərgələrinə” səfərlər etmiş və silahlar, partlayıcı maddələr, habelə müşahidə və videoçəkiliş qurğuları almışdılar. Ərizəçinin və onun cinayət ortaqlarının mənzilində polis islam naminə cihad (yaxud müqəddəs müharibə) barədə təbliğat materiallarını müsadirə etmişdi. Bundan əlavə, Tunisdəki ailə üzvləri ilə telefon danışıqlarında ərizəçi qardaşı Fathal Saadinin “əzabkeşliyindən” danışmış, digər söhbətlərində isə müqəddəs müharibədə iştirak etmək niyyətini bildirmişdi.
21. Lakin terror təşkilatının mövcudluğunu və terror məqsədini sübut edən hər hansı digər sübutlar tapılmadı. Konkret olaraq, ərizəçinin və onun cinayət ortaqlarının öz təməlçi əqidələrini terror aktı anlayışının əhatə dairəsinə düşən zorakı aksiyalara doğru yönəltməyə qərara aldıqlarını göstərən heç bir sübut yox idi. Onların cihada qoşulmaq və islamın düşmənlərini məhv etmək arzusu silahlı münaqişə kontekstində müharibə aktlarına, yəni “terrorizm” anlayışı ilə əhatə olunmayan aktlara uyğun gəlirdi. Ərizəçinin qardaşının həqiqətən intiharçı bomba partlayışında öldüyü, yaxud müttəhimlərin dəfələrlə qeyd etdiyi “futbol oyunu” ifadəsinin məhz həmin hadisəni nəzərdə tutub-tutmadığı müəyyən edilmədi.
22. Ərizəçi və ittiham tərəfi hökmdən şikayət verdilər. Ərizəçi bütün ittihamlar üzrə ona bəraət verilməsini xahiş etdi, ittiham tərəfi isə onun beynəlxalq terrorizmə görə və gizli immiqrasiyaya yardım etməyə və şərait yaratmağa görə də məhkum edilməsini istədi.
23. İttiham tərəfinin şikayətində bildirilirdi ki, Kassasiya Məhkəməsinin presedent hüququna uyğun olaraq, hətta zorakılıq aktı baş verməsə belə, beynəlxalq terrorizm cinayətinin tərkib elementləri mövcud ola bilər, bunun üçün bu cür aktı törətmək planının olması kifayətdir. Bundan əlavə, hər hansı aksiya hətta silahlı münaqişə kontekstində törədilsə belə, xarakterinə görə terror aksiyası ola bilər, bu şərtlə ki, onu törədənlər “dövlətin silahlı qüvvələrinin” və ya qiyamçı qrupun üzvü olmasınlar. Hazırkı işin materiallarındakı sənədlərdən aydın görünür ki, ərizəçi və onun cinayət ortaqları islam təməlçiliyinin ideoloji dəyərlərini təsdiq etmək məqsədi daşıyan zorakılıq aktları törətməkdən ötrü özləri və başqaları üçün saxta sənədlər, silahlar, partlayıcı maddələr və pul əldə ediblər. Bundan əlavə təqsirləndirilən şəxslər beynəlxalq terrorizm sferasına mənsub olan şəxslərlə və təşkilatlarla əlaqələr saxlayıblar və “müqəddəs müharibənin” tərkib hissəsi qismində İtaliyadan kənar ölkələrdə 2002-ci ilin oktyabrından həyata keçirilməsi nəzərdə tutulan zorakı və qanunsuz aksiya planlaşdırıblar. Yalnız müttəhimlərin həbsi bu planın həyata keçirilməsinin qarşısını alıb. Bundan başqa, həmin vaxt Əfqanıstandakı silahlı münaqişə başa çatmış, İraqdakı münaqişə isə hələ başlamamışdı.
24. İttiham tərəfi daha sonra bildirdi ki, ərizəçinin qardaşı cənab Fadhal Saadi İranda həbsə alınmışdı; ərizəçi 2002-ci ilin ya yanvarında, ya da fevralında orada ona baş çəkmişdi. Azadlığa buraxıldıqdan sonra cənab Fadhal Saadi Fransada məskunlaşmışdı və ərizəçi ilə əlaqə saxlayırdı. Sonra o, törətdiyi intiharçı bomba hücumunda öldü, bu fakt ərizəçi və onun ailəsinin digər üzvləri üçün qürur mənbəyi olmuşdu. Bu, ərizəçinin saxlanıldığı həbsxanada onun dinlənilmiş telefon danışıqlarının məzmunundan aydın olmuşdu
25. Nəhayət, ittiham tərəfi yeni sübutları, yəni terrorizm fəaliyyətlərində şübhəli bilinən şəxsin məktublarını və bəyanatlarını və Milandakı məscidin içərisindəki danışıqların radiomikrofon vasitəsilə qeydə alınmış səs yazılarını təqdim etmək üçün vəsatət verdi.
26. 13 mart 2006-cı ildə Milan Andlılar Məhkəməsindən xahiş etdi ki, Cinayət Prosessual Məcəlləsinin (“CPM”) 593-cü maddəsinin 2-ci bəndinin konstitusiyaya uyğunluğu məsələsi barədə qərar çıxarsın. 20 fevral 2006-cı il tarixli 46 saylı Qanunla dəyişiklik edilmiş həmin bənd müdafiə və ittiham tərəflərinin bəraət qərarlarına qarşı şikayət vermələrinə yalnız o halda icazə verirdi ki, birinci instansiya məhkəməsində icraat başa çatdıqdan sonra yeni sübutlar ortaya çıxsın və ya aşkar edilsin. Apellyasiya şikayətləri üzrə Andlılar Məhkəməsi prosesi Konstitusiya Məhkəməsinin qərarı qəbul edilənədək məhkəmə prosesini dayandırdı.
27. 6 fevral 2007-ci il tarixli 26 saylı qərarında Konstitusiya Məhkəməsi İtaliya qanunvericiliyinin müvafiq müddəalarını konstitusiyaya zidd elan etdi, çünki onlar bəraət qərarlarına qarşı ittiham tərəfinin şikayət verməsinə imkan vermirdi, həm də ona görə ki, onlar 20 fevral 2007-ci il tarixli 46 saylı Qanun qüvvəyə minənə qədər ittiham orqanlarının təqdim etdikləri şikayətlərin qəbuledilməz olduğunu nəzərdə tuturdu. Konstitusiya Məhkəməsi konkret olaraq qeyd etdi ki, 46 saylı Qanun cinayət işi üzrə məhkəmə araşdırmasında müdafiə tərəfinin hüquqları ilə ittiham tərəfinin hüquqları arasında ədalətli balansı qorumur.
28. Milanın Apellyasiya şikayətləri üzrə Andlılar Məhkəməsində ilk dinləmə 10 oktyabr 2007-ci ilə təyin olundu.
29. Bu arada 11 may 2005-ci ildə, Milanın Andlılar Məhkəməsinin hökmündən iki gün sonra, Tunisdəki hərbi məhkəmə dinc dövrdə xaricdə fəaliyyət göstərən terror təşkilatında üzvlüyə və terrorizmə təhrikçiliyə görə ərizəçini qiyabi olaraq iyirmi il azadlıqdan məhrum etmə cəzasına məhkum etdi. Həmçinin onun mülki hüquqlarından məhrum edilməsi və beş il müddətinə inzibati nəzarətə verilməsi qərara alındı. Ərizəçi bildirdi ki, həmin ittiham hökmü qüvvəyə minənə qədər və 2 iyul 2005-ci ildə hökmün nəticə hissəsi onun atasına təqdim edilənə qədər hökmdən xəbəri olmayıb.
30. Ərizəçi iddia etdi ki, onun ailəsi və vəkili Tunis hərbi məhkəməsi tərəfindən ərizəçini məhkum etmiş hökmün surətini əldə etmək imkanına malik olmayıblar. Tunis prezidentinə və Tunisin ədliyyə və insan hüquqları nazirinə 22 may 2007-ci il tarixli məktubda onun Avropa Məhkəməsindəki nümayəndələri sözügedən hökmün surətinin göndərilməsini xahiş etdilər. Onların müraciətinin nəticəsi məlum deyil.
B. Ərizəçinin deportasiyası barədə qərar və həmin qərarın icrasına qarşı onun şikayətləri və ona yaşayış icazəsinin və (və ya) qaçqın statusunun verilməsi barədə müraciətləri
31. 9 oktyabr 2002-ci ildən bəri fasiləsiz olaraq həbsdə saxlanıldıqdan sonra 4 avqust 2006-cı ildə ərizəçi azad edildi.
32. 8 avqust 2006-cı ildə daxili işlər naziri 27 iyul 2005-ci il tarixli 144 saylı Qanunvericilik Dekretinin müddəalarını (“beynəlxalq terrorizmlə mübarizə üçün təcili tədbirlər” adlanan bu Dekret sonradan 31 iyul 2005-ci il tarixli 155 saylı Qanun formasında qanunvericilik aktına çevrildi) tətbiq edərək onun Tunisə deportasiya olunması barədə qərar qəbul etdi. O, qeyd etdi ki, “işin materiallarındakı sənədlərdən aydın görünür” ki, ərizəçi İtaliyada və xaricdə islam təməlçiləri özəklərinə mənsub olan şəxslərə maddi-texniki və maliyyə dəstəyinin təmin olunmasına görə cavabdeh olan təşkilatda “aktiv rol” oynayıb. Deməli, onun davranışı ictimai asayişi pozub və milli təhlükəsizliyi təhdid edib.
33. Nazir aydınlıq gətirdi ki, ərizəçi nazirliyin xüsusi (ad hoc) icazəsi olmadan İtaliyaya qayıda bilməz.
34. Ərizəçi Milandakı müvəqqəti saxlama mərkəzinə (centro di permanenza temporanea) aparıldı. 11 avqust 2006-cı ildə deportasiya qərarı Milanın barışıq hakimi tərəfindən təsdiqləndi.
35. 11 avqust 2006-cı ildə ərizəçi siyasi sığınacaq üçün ərizə ilə müraciət etdi. O, iddia etdi ki, Tunisdə məhkəmədə özü iştirak etmədən siyasi səbəblərə görə məhkum edilib və işgəncəyə, habelə “siyasi və dini repressiyalara” məruz qalacağından ehtiyat edir. 16 avqust 2006-cı il tarixli qərarı ilə Milan polis orqanının rəisi (questore) ərizəni qəbul olunmayan elan edərək belə əsas gətirdi ki, ərizəçi milli təhlükəsizliyə qarşı təhlükə törədir.
36. 6 sentyabr 2006-cı ildə “İşgəncələrə qarşı Ümumdünya Təşkilatı” adlı qeyri-hökumət təşkilatının (o, fransız abbreviaturası ilə OMCT kimi tanınır) direktoru İtaliyanın baş nazirinə məktub yazaraq bildirdi ki, OMCT ərizəçinin situasiyası ilə bağlı “son dərəcə narahatdır” və ehtiyat edir ki, Tunisə deportasiya olunacağı təqdirdə ərizəçi İtaliyada təqsirləndirildiyi eyni cinayətlərə görə yenidən məsuliyyətə cəlb ediləcək. OMCT həmçinin qeyd etdi ki, İşgəncəyə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya qarşı Birləşmiş Millətlər Təşkilatı Konvensiyasının 3-cü maddəsinin şərtlərinə əsasən, “hər hansı şəxsin işgəncəyə məruz qala biləcəyini düşünmək üçün əsaslı səbəblər olarsa, iştirakçı dövlətlərin heç biri həmin şəxsi digər dövlətə göndərə, qaytara və ya ekstradisiya edə bilməz”.
37. 12 sentyabr 2006-cı ildə “Avropada Tunis İcmaları Birliyi” adlı digər qeyri-hökumət təşkilatının prezidenti İtaliya Hökumətinə müraciət edərək bildirdi ki, “dini əqidələrinə sadiq qalan tunisli mühacirlərin kütləvi deportasiyası siyasətinə son qoysun”. O, iddia etdi ki, İtaliyanın hakimiyyət orqanları qeyri-insani metodlardan istifadə ediblər və tunislilərə qarşı bir sıra qərarları onların dini əqidələri ilə əsaslandırıblar. O, fikirlərini davam etdirərək bildirdi ki, “açıq-aydın” bəllidir ki, müvafiq şəxslər İtaliyanın hakimiyyət orqanlarının onları yanlış olaraq terrorizmdə şübhəli bildiklərinə görə Tunisə çatan kimi “işgəncələrə məruz qalacaq və uzun müddətə azadlıqdan məhrum ediləcəklər”. Ərizəçinin adı 12 sentyabr 2006-cı il tarixli məktuba əlavə olunmuş siyahıya, yəni dərhal Tunisə göndərilmə riski altında olan şəxslərin siyahısına salınmışdı.
38. Polis rəisinin 16 avqust 2006-cı il tarixli qərarı (yuxarıda 35-ci bəndə bax) ərizəçiyə 14 sentyabr 2006-cı ildə təqdim edildi. Ərizəçi qərardan şikayət etmədi. Hər halda o, 12 sentyabr 2006-cı ildə müxtəlif sənədlər, o cümlədən OMCT-nin 6 sentyabr 2006-cı il tarixli məktubunu və Beynəlxalq Amnistiya Təşkilatının (Amnesty International) və ABŞ Dövlət Departamentinin Tunis haqqında hesabatlarını təqdim edərək xahiş etdi ki, onlar qaçqın statusu üzrə yerli şuraya verilsin. 15 sentyabr 2006-cı ildə Milan polis orqanı ərizəçiyə şifahi məlumat verdi ki, onun sığınacaq barədə xahişi rədd edildiyinə görə sözügedən sənədlər nəzərə alına bilməz.
39. 14 sentyabr 2006-cı ildə ərizəçi Məhkəmə Reqlamentinin 39-cu Qaydasına istinad edərək Məhkəmədən xahiş etdi ki, onun Tunisə deportasiya olunması barədə qərarı dayandırsın və ya ləğv etsin. 15 sentyabr 2006-cı ildə Məhkəmə konkret olaraq Tunis hərbi məhkəməsinin ərizəçi barəsindəki ittiham hökmünün yekun qərar olub-olmadığını, habelə Tunis qanunvericiliyində məhkəmə icraatının təzələnməsinə və ya yeni məhkəmə prosesinin keçirilməsinə nail olmağı mümkün edən hüquqi müdafiə vasitəsinin olub-olmadığını əhatə edən məlumatları ona təqdim etməsini İtaliya Hökumətindən xahiş etməyi qərara aldı.
40. Hökumətin cavabı dəftərxana tərəfindən 2 oktyabr 2006-cı ildə alındı. İtaliya hakimiyyət orqanlarının sözlərinə görə, təqsirləndirilən şəxs özünün iştirakı olmadan məhkum edildiyi təqdirdə Tunis qanunvericiliyi məhkum olunmuş şəxsə məhkəmə icraatını təzələmək hüququ verir. Hökumət konkret olaraq İtaliyanın Tunisdəki səfirindən aldığı 29 oktyabr 2006-cı il tarixli faksa istinad etdi, orada deyilirdi ki, Tunis Ədliyyə Nazirliyinin beynəlxalq əməkdaşlıq şöbəsinin müdirinin verdiyi məlumata əsasən, ərizəçi barəsindəki ittiham hökmü yekun qərar deyildi, çünki özünün iştirakı olmadan məhkum olunmuş şəxs həmin hökmdən şikayət verə bilər.
41. 5 oktyabr 2006-cı ildə Məhkəmə 39-cu Qaydanı tətbiq etməyi qərara aldı. O, Hökumətdən xahiş etdi ki, əlavə bildirişə qədər ərizəçinin ölkədən çıxarılmasını dayandırsın.
42. Ərizəçinin ölkədən çıxarılma məqsədi ilə həbsdə saxlanılmasının qanunla icazə verilən maksimum müddəti 7 oktyabr 2006-cı ildə başa çatdı və o, həmin gün azad edildi. Lakin 6 oktyabr 2006-cı ildə ona qarşı yeni deportasiya qərarı qəbul edildi. 7 oktyabr 2006-cı ildə bu qərar ərizəçiyə təqdim edildi, sonra o, yenidən Milandakı müvəqqəti saxlama mərkəzinə gətirildi. Ərizəçi İtaliyaya Fransadan daxil olduğunu bildirdiyinə görə ərizəçinin göndəriləcəyi ölkə kimi Tunis deyil, Fransa göstərildi. 10 oktyabr 2006-cı ildə yeni deportasiya qərarı Milanın barışıq hakimi tərəfindən təsdiq edildi.
43. 3 noyabr 2006-cı ildə ərizəçi azad edildi, çünki alınmış yeni informasiya göstərirdi ki, onu Fransaya deportasiya etmək mümkün deyil. Elə həmin gün Milanın Apellyasiya şikayətləri üzrə Andlılar Məhkəməsi ərizəçi azad edildikdən dərhal sonra qüvvəyə minməli olan qabaqlayıcı tədbirlər barədə qərar qəbul etdi: onun İtaliya ərazisini tərk etməsi qadağan edilir və bazar ertəsi, çərşənbə və cümə günləri polis bölməsinə hesabat verməsi tələb olunurdu.
44. Bu arada 27 sentyabr 2006-cı ildə ərizəçi yaşayış icazəsi üçün ərizə ilə müraciət etdi. 4 dekabr 2006-cı ildə Milanın polis orqanı cavab verdi ki, ərizə təmin oluna bilməz. Cavabda izah edilirdi ki, yaşayış icazəsi “ədalət mühakiməsinin maraqları naminə” yalnız məhkəmə orqanlarının müraciəti əsasında verilə bilər (əgər onlar əcnəbinin İtaliyada olmasını cinayət istintaqının düzgün aparılması üçün zəruri hesab etsələr). İstənilən halda, İtaliya ərazisini tərk etmək ərizəçiyə qadağan edilmişdi, buna görə də o, İtaliyada qalmalı idi. Bundan başqa, yaşayış icazəsi almaq üçün pasport və ya analoji sənəd təqdim etmək lazım idi.
45. Məhkəmə qarşısında ərizəçi iddia etdi ki, Tunis hakimiyyət orqanları onun pasportunu təzələməkdən imtina ediblər, buna görə də vəziyyətini nizama salmaq üçün etdiyi bütün sonrakı cəhdlər puça çıxıb.
46. Müəyyən olunmayan tarixdə ərizəçi həmçinin Lombardi Regional İnzibati Məhkəməsindən (RİM) xahiş etdi ki, 6 oktyabr 2006-cı il tarixli deportasiya qərarını ləğv etsin və onun icrasını dayandırsın.
47. 9 noyabr 2006-cı il tarixli qərarında Lombardi RİM qərara aldı ki, deportasiya qərarının icrasının dayandırılması barədə ərizə barəsində qərar çıxarılması üçün heç bir əsas yoxdur və göstəriş verdi ki, işin materialları müvafiq ərazi aidiyyəti üzrə Latsio RİM-ə göndərilsin.
48. Lombardi RİM digər məsələlərlə yanaşı qeyd etdi ki, Avropa İnsan Hüquqları Məhkəməsi artıq deportasiya qərarının icrasının dayandırılması barədə müraciət edib və müvafiq olaraq, ərizəçiyə qarşı hər hansı iddia edə bilən qərəzliliklə bağlı hüquqi müdafiə vasitəsinin təmin edilməsini xahiş edib.
49. 29 may 2007-ci ildə ərizəçinin təqdim etdiyi məlumata əsasən, həmin tarixdə Lombardi RİM-dəki proses hələ davam etməkdə idi.
50. 18 yanvar 2007-ci ildə ərizəçi Milan polis orqanına yaddaş qeydlərini göndərərək bildirdi ki, Avropa İnsan Hüquqları Məhkəməsi ərizəçinin Konvensiyanın 3-cü maddəsinə zidd olan rəftara məruz qala biləcəyi riski ilə əlaqədar olaraq onun barəsindəki deportasiya qərarının icrasının dayandırılması üçün müraciət edib. Buna görə də ərizəçi xahiş etdi ki, ona siyasi sığınacaq verilməsi məqsədi ilə qaçqın statusu üzrə yerli şurada dinləmə keçirilsin. 11 iyul 2007-ci il üçün ərizəçinin verdiyi məlumata əsasən, həmin tarixədək onun yaddaş qeydlərinə heç bir cavab verilməmişdi. 20 iyul 2007-ci il tarixli memorandumunda İtaliyanın daxili işlər naziri bildirdi ki, 18 yanvar 2007-ci il tarixli yaddaş qeydləri qaçqın statusu üçün yeni müraciət, yaxud da Milan polis rəisinin 16 avqust 2006-cı il tarixli imtina qərarından (yuxarıda 35-ci bəndə bax) şikayət sayıla bilməz.
C. İtaliyanın Tunisdən istədiyi diplomatik təminatlar
51. 29 may 2007-ci ildə İtaliyanın Tunisdəki səfirliyi Tunis Hökumətinə verbal nota göndərərək ərizəçinin Tunisə deportasiya olunacağı təqdirdə Konvensiyanın 3-cü maddəsinə zidd olan rəftara məruz qalmayacağına və onun ədalət mühakiməsi hüququnun kobudcasına rədd edilməyəcəyinə dair diplomatik təminatlar istədi.
52. Fransız dilində yazılmış sözügedən notada deyilirdi:
“İtaliya səfirliyi Xarici İşlər Nazirliyinə ehtiramını bildirir və İtaliyanın ədliyyə naziri cənab Klemente Mastellanın 28 may 2007-ci ildəki səfəri ilə bağlı İtaliya səfiri cənab Arturo Olivyeri ilə ədliyyə və insan hüquqları naziri əlahəzrət cənab Bəşir Tekkari arasındakı görüşdən sonra aşağıdakı işdə müsbət irəliləyişə nail olmaqdan ötrü Tunis hakimiyyət orqanlarına əməkdaşlıq üçün müraciət etməkdən şərəf duyur.
30.11.1974-cü ildə Haidrada (Tunis) doğulmuş Tunis vətəndaşı Nassim Saadiyə İtaliyadan deportasiya olunması barədə Daxili İşlər Nazirliyi tərəfindən 08.08.2006-cı ildə qəbul edilmiş qərar təqdim edilib.
Yuxarıda adı çəkilən qərarın qəbulundan sonra cənab Saadi 14.09.2006-cı ildə Avropa İnsan Hüquqları Məhkəməsinə ərizə verərək deportasiya qərarının icrasının dayandırılması barədə qərar çıxarılmasını xahiş edib.
Onun ərizəsi belə bir arqumentə əsaslanıb ki, o, öz iştirakı olmadan məhkəməsi keçirildikdən sonra 11.05.2005-ci ildə Tunis hərbi məhkəməsinin çıxardığı hökmlə terrorizmlə bağlı cinayətlərə görə 20 il müddətinə azadlıqdan məhrum edilib, hökmün mətni 11.05.2005-ci ildə cənab Saadinin atasına təqdim edilib. Məhkum olunması ilə əlaqədar olaraq cənab Saadi bildirir ki, deportasiya qərarı icra olunarsa, onu Tunisə çatan kimi həmin ədalətsiz məhkəmə araşdırması əsasında həbsxanaya salınma riski, habelə işgəncəyə və qeyr-insani və ləyaqəti alçaldan rəftara məruz qalma təhlükəsi gözləyir (lütfən notaya əlavə olunmuş sənədə – cənab Saadi tərəfindən təqdim olunmuş hökmün surətinə baxın).
İşi qiymətləndirməkdən ötrü zəruri olan bütün məlumatları toplamaq üçün Avropa İnsan Hüquqları Məhkəməsi İtaliya Hökumətindən hökmün surətini təqdim etməyi xahiş edib və İtaliya Hökumətinin cənab Saadini deportasiya etməzdən əvvəl həqiqətən Tunis Hökumətindən diplomatik təminatlar istəmək niyyətində olduğuna əmin olmaq istəyir.
Yuxarıda qeyd edilənlərin işığında İtaliya səfirliyi Tunis hakimiyyət orqanlarının bu məsələ ilə bağlı həssaslığını nəzərə alaraq, Tunis dövlətinin bu məhkəmə işi ilə bağlı müstəsna səlahiyyətlərini qəbul edərək, hazırda baxışda olan işin həllindən ötrü ilkin zəruri formal şərt kimi təminatlar üçün təcili müraciətini aşağıdakı şəkildə ifadə etmək istərdi:
- əgər cənab Saadinin 11.05.2005-ci il tarixli hökmün (o, həmin hökmlə Tunis hərbi məhkəməsi tərəfindən təqsirkar sayılmışdı) mövcudluğu ilə bağlı verdiyi məlumatlar həqiqətə uyğundursa, lütfən sözügedən qərarın tam surətini 11.07.2007-ci ilədək, yəni Məhkəmədəki dinləmə gününədək göndərin və bütövlükdə götürüldükdə ədalətli və açıq məhkəmə araşdırması prinsiplərinə cavab verən prosedura uyğun olaraq, onun apellyasiya şikayəti vermək hüququna və müstəqil və qərəzsiz məhkəmə tərəfindən işinə baxılması hüququna malik olduğunu təsdiq edin;
- lütfən təminatlar verin ki, cənab Saadinin Tunisə qayıtdıqdan sonra işgəncəyə və qeyr-insani və ləyaqəti alçaldan rəftara məruz qalacağı ilə bağlı ifadə etdiyi qorxular əsassızdır;
- lütfən təminatlar verin ki, o, həbsxanaya salınacağı təqdirdə vəkili və ailə üzvləri ilə görüşmək imkanına malik olacaqdır.
Bundan əlavə, cənab Saadi həbsxanaya salınacağı təqdirdə Tunisin hakimiyyət orqanları onun həbsdə saxlanma şəraiti ilə bağlı İtaliya səfirliyinə mütəmadi məlumat versəydi, İtaliya səfirliyi onlara minnətdar olardı.
Bu işin necə həll olunması gələcək təhlükəsizlik siyasətinə mühüm təsir göstərəcək.
Deportasiya məsələsi həll olunacağı təqdirdə Avropa İnsan Hüquqları Məhkəməsinin İtaliya Hökumətindən istədiyi yuxarıda qeyd edilən informasiya zəruri olacaqdır.
Bu iş həllini gözləyən digər çoxsaylı işlərə münasibətdə müəyyən dərəcədə presedent təşkil edir və biz əminik ki, Tunisin hakimiyyət orqanlarının müsbət reaksiyası gələcəkdə bu cür ölkədən çıxarılma hallarının həyata keçirilməsini asanlaşdıracaqdır.
İtaliya səfirliyi məsələnin həssas xarakterindən tam xəbərdardır, eyni zamanda, Tunisin hakimiyyət orqanlarının bu məsələyə anlayışla yanaşacağını düşünərək ümid edir ki, onların cavabı bizim iki ölkə arasındakı dostluq münasibətləri çərçivəsində terrorizmə qarşı effektiv hərəkət ruhunda olacaq”.
53. İtaliya Hökuməti qeyd etdi ki, əvvəllər Tunisin hakimiyyət orqanlarından heç vaxt bu cür təminatlar istənilməyib.
54. 4 iyul 2007-ci ildə Tunis Xarici İşlər Nazirliyi İtaliyanın Tunisdəki səfirliyinə verbal nota göndərdi. Onun məzmunu aşağıdakı kimi idi:
“Xarici işlər naziri İtaliyanın Tunisdəki səfirinə öz ehtiramını bildirir və səfirin Nassim Saadi ilə əlaqədar olan 2 iyul 2007-ci il tarixli 2533 saylı verbal notası ilə bağlı səfirə bu məlumatları verməyi özünə şərəf bilir: Tunis Hökuməti təsdiq edir ki, xaricdə azadlıqdan məhrum edilmiş tunislilərin kimliyi təsdiq edilən kimi qüvvədə olan milli qanunvericiliyə ciddi əməl olunmaqla və yalnız müvafiq Tunis qanunlarının təminatı altında onların Tunisə gətirilməsini təşkil etməyə hazırlaşır.
Xarici işlər naziri İtaliyanın Tunisdəki səfirinə yüksək hörmətini bir daha ifadə etmək üçün bu fürsətdən istifadə edir”.
55. 10 iyul 2007-ci il tarixli ikinci verbal notanın mətni aşağıdakı kimi idi:
“Xarici işlər naziri İtaliyanın Tunisdəki səfirinə öz ehtiramını bildirir və onun 5 iyul 2007-ci il tarixli 2588 saylı verbal notası ilə əlaqədar olaraq, 4 iyul 2007-ci il tarixli 511 saylı verbal notanın məzmununu təsdiq etməyi özünə şərf bilir.
Bu nota ilə xarici işlər naziri təsdiq edir ki, qüvvədə olan Tunis qanunları Tunisdəki məhbusların hüquqlarına təminat verir və onları qoruyur, habelə onların ədalətli məhkəmə araşdırması hüququnu təmin edir. Nazir qeyd etmək istərdi ki, Tunis könüllü olaraq müvafiq beynəlxalq müqavilələrə və konvensiyalara qoşulub.
Xarici işlər naziri İtaliyanın Tunisdəki səfirinə yüksək hörmətini bir daha ifadə etmək üçün bu fürsətdən istifadə edir”.
D. Ərizəçinin ailə vəziyyəti
56. Ərizəçinin sözlərinə görə, İtaliyada o, müsəlman nikah mərasimi əsasında evləndiyi İtaliya vətəndaşı xanım V. ilə yaşayır. Onların səkkiz yaşlı uşağı var (o, 22 iyul 1999-cu ildə anadan olub), uşaq İtaliya vətəndaşıdır, İtaliyada məktəbə gedir. Xanım V. işsizdir və hazırda hər hansı ailə müavinəti almır. O, işemiyanın bir növündən əziyyət çəkir.
57. Daxili İşlər Nazirliyinin 10 iyul 2007-ci il tarixli memorandumuna əsasən, 10 fevral 2007-ci ildə ərizəçi müsəlman nikah mərasimi əsasında ikinci arvadı xanım G. ilə evlənib. Rəsmi yaşayış yeri Selafoniyada (Milanda) xanım V.-nin yaşadığı ünvanda olsa da, deyilənlərə görə, ərizəçi hər iki arvadından de fakto ayrılıb. 2006-cı ilin sonundan bəri onun adətən yaşadığı yer Ulisse Dinidə (Milanda), çox güman ki, digər tunislilərlə birgə qaldığı mənzildir.
II. MÜVAFİQ DAXİLİ QANUNVERİCİLİK
A. Deportasiya qərarına qarşı İtaliyada hüquqi müdafiə vasitələri
58. Deportasiya qərarından RİM-ə şikayət verilə bilər, bu məhkəmə hər hansı inzibati qərarın qanuniliyini yoxlamaq və həmin qərarın fərdin təməl hüquqlarına hörmət etmədiyini hesab etdikdə onu ləğv etmək səlahiyyətinə malikdir (misal üçün bax: Sardinas Albo İtaliyaya qarşı (qərardad), ərizə N 56271/00, AİHM 2004-I). RİM-in qərarlarından Dövlət Şurasına (Consiglio di Stato) şikayət verilə bilər.
59. RİM-dəki icraatda barəsində şikayət verilən inzibati qərarın icrasının dayandırılması avtomatik baş vermir, lakin bu barədə müraciət edildikdə dayandırıla bilər (bax: Sardinas Albonun işi üzrə yuxarıda adı çəkilən qərardad). Lakin ərizəçinin işində olduğu kimi deportasiya qərarı 2005-ci il tarixli 144 saylı Qanunvericilik Dekretinə uyğun olaraq çıxarılıbsa, RİM-ə və ya Dövlət Şurasına şikayətlər deportasiya qərarının icrasını dayandıra bilməz (Qanunvericilik Dekretinin 4-cü maddəsinin müddəaları).
B. Müttəhimin iştirakı olmadan Tunisdə keçirilmiş məhkəmə prosesinin təzələnməsi
60. Hökumətin fransız dilinə tərcümədə təqdim etdiyi Tunis Cinayət Prosessual Məcəlləsinin müvafiq müddəalarında deyilir:
Maddə 175
“Müttəhim məhkəməyə gəlmək vəzifəsi barədə şəxsən məlumatlandırıldıqdan sonra təyin olunmuş gündə bunu etmədikdə, məhkəmə iş üzrə qərarın qəbulundan ötrü çəkişmə prosesini davam etdirmək üçün münasib saydığı qərarı çıxarır. Müttəhim məhkəməyə gəlmək vəzifəsi barədə şəxsən məlumatlandırılmasa da, qanunla nəzərdə tutulan qaydada məlumatlandırıldıqdan sonra təyin olunmuş gündə məhkəməyə gəlmədikdə, məhkəmə qərarı qiyabi şəkildə çıxarılır. Qiyabi çıxarılmış qərar barəsində həmin qərarı çıxarmış məhkəmənin katibi tərəfindən bildiriş verilir.
Qiyabi çıxarılmış qərardan şikayət şəxsən ərizəçi və ya onun nümayəndəsi tərəfindən müttəhimə qərarın nüsxəsinin verildiyi gündən sonra on gün müddətində həmin qərarı çıxarmış məhkəmənin katibliyinə təqdim edilməlidir.
Şikayətçi Tunis ərazisindən kənarda yaşayırsa, şikayət vermə müddəti otuz günədək uzadılır.
Şikayət ya dərhal qeydə alınmalı olan şifahi bildiriş formasında, ya da yazılı ərizə formasında təqdim edilir. Şikayətçi onu imzalamalıdır; o, imzalamaqdan imtina etdikdə və ya bunu etmək iqtidarında olmadıqda, bu hal formal olaraq qeydə alınır.
Katib dərhal dinləmə tarixini müəyyən etməli və bu barədə şikayətçiyə məlumat verməlidir; bütün hallarda dinləmə şikayətin verildiyi tarixdən sonra bir ay ərzində keçirilməlidir.
Şikayətçi və ya onun nümayəndəsi, dövlət ittihamçısı istisna olmaqla, maraqlı tərəflərə məlumat verir və dinləmə günündən azı üç gün əvvəl onların məhkəmə əməkdaşı tərəfindən məhkəməyə çağırılmasını təmin edir, əks təqdirdə şikayət rədd edilir”.
Maddə 176
“Məhkəmə qərarı müttəhimə şəxsən təqdim edilmədikdə, yaxud qərarın icrasına dair məlumatların qeydə alındığı sənədlərdən müttəhimin həmin qərardan xəbərdar olduğu aydın deyilsə, buna dair şikayət müvafiq cəza üçün nəzərdə tutulmuş müddət bitənədək təqdim edilir”.
Maddə 180 (17 aprel 2000-ci il tarixli 2004-43 saylı Qanunla edilmiş dəyişikliklərlə)
“Şikayət verildikdə məhkəmə qərarının icrası dayandırılır. Cəza ölüm hökmündən ibarətdirsə, şikayətçi həbsxanaya salınır və hökm qüvvəyə minənə qədər cəza icra edilmir”.
Maddə 213
“Şikayət 175-ci maddənin birinci hissəsində nəzərdə tutulmuş çəkişmə prosesi nəticəsində çıxarılmış məhkəmə qərarının təqdim edildiyi tarixdən sonra, yaxud qiyabi məhkəmə qərarı çıxarılan hallarda qanunla yol verilən müddət bitdikdən sonra, yaxud da məhkəmə qərarı barədə qiyabi şəkildə məlumat verildikdən sonra on gün müddətində verilməyibsə, qəbul olunmur, şikayətçinin nəzarətindən kənar vəziyyətlərlə əlaqədar olaraq şikayət verə bilmədiyi hallar istisna təşkil edir.
Apellyasiya məhkəmələrindəki dövlət ittihamçısı və dövlət ittihamçısının köməkçisi üçün şikayət vermə müddəti məhkəmə qərarının təqdim edilməsindən sonra altı gündür. Bundan əlavə, şikayətin qəbul olunmayan elan edilməməsi üçün onlar şikayətləri barədə müttəhimə və mülki tərəflər qarşısında cavabdehlik daşıyan istənilən şəxslərə həmin müddət ərzində məlumat verməlidirlər”.
III. BEYNƏLXALQ MÜQAVİLƏLƏR VƏ SƏNƏDLƏR
A. İtaliya və Tunis tərəfindən imzalanmış cinayətkarlığın qarşısının alınmasına dair əməkdaşlıq sazişi və Tunis, Avropa İttifaqı və onun üzvü olan dövlətlər arasında birgə fəaliyyət sazişi
61. 13 dekabr 2003-cü ildə Tunisdə İtaliya və Tunis Hökumətləri cinayətkarlığın qarşısının alınmasına dair saziş imzaladılar, həmin sazişdə iştirakçı dövlətlər informasiya mübadiləsini (xüsusən terrorçu qrupların fəaliyyətləri, miqrant axınları və saxta sənədlərin hazırlanması və istifadəsi barədə) və daxili qanunvericiliklərinin uzlaşdırılması istiqamətində işləməyi öhdələrinə götürdülər. Sazişin 10-cu və 16-cı maddələrində deyilir:
Maddə 10
“İştirakçı tərəflər, özlərinin müvafiq milli qanunvericiliklərinə uyğun olaraq, razılıq verirlər ki, cinayətkarlığın qarşısının alınması üçün hazırkı sazişdə nəzərdə tutulmuş əməkdaşlıq ədalət mühakiməsindən yayınmağa cəhd edən və cinayət əməllərinin törədilməsinə görə məsuliyyət daşıyan şəxslərin axtarışına, habelə vəziyyət tələb etdikdə, ekstradisiyanın tətbiqinə dair müddəalara uyğun surətdə ölkədən çıxarılma hallarına şamil olunacaq”.
Maddə 16
“Hazırkı saziş iştirakçı dövlətlərin qoşulduğu digər beynəlxalq, çoxtərəfli və ya ikitərəfli sazişlərdən irəli gələn hüquq və vəzifələrə xələl gətirmir.
62. Tunis həmçinin Brüsseldə 17 iyul 1995-ci ildə Avropa İttifaqı və onun üzvü olan dövlətlərlə birgə fəaliyyət sazişi imzaladı. Saziş əsasən kommersiya və iqtisadi sektorlarda əməkdaşlığa aid idi. Sazişin 2-ci maddəsində deyilir ki, iştirakçı tərəflər arasında münasibətlər, sazişin müddəalarında əks olunduğu kimi, sazişin “mühüm elementini” təşkil edən insan hüquqlarına və demokratik prinsiplərə hörmətə əsaslanmalıdır.
B. Qaçqınların statusuna dair Birləşmiş Millətlər Təşkilatının 1951-ci il Konvensiyasının 1, 32 və 33-cü maddələri
63. İtaliya Qaçqınların statusuna dair Birləşmiş Millətlər Təşkilatının 1951-ci il Konvensiyasının iştirakçısıdır. Bu Konvensiyanın 1, 32 və 33-cü maddələrində deyilir:
Maddə 1
“Bu Konvensiyanın məqsədləri üçün “qaçqın” anlayışı: irqinə, dininə, milliyyətinə, konkret sosial qrupa mənsubluğuna və ya siyasi rəyinə görə təqib ediləcəyinə dair əsaslı qorxunun olması səbəbindən vətəndaşı olduğu ölkədən kənarda olan və həmin qorxunun ucbatından bu ölkənin müdafiəsindən yararlanmaq istəməyən, yaxud vətəndaşlığı olmayan və yuxarıdakı səbəblərlə bağlı hadisələr nəticəsində adətən əvvəllər yaşadığı ölkədən kənarda olan və ya həmin səbəblərlə bağlı qorxu ucbatından oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən istənilən şəxsə şamil olunur.
Maddə 32
“1. Milli təhlükəsizlik və ya ictimai asayiş səbəbləri istisna olmaqla, iştirakçı dövlətlər ərazilərində qanuni yaşayan qaçqını ölkədən çıxarmamalıdırlar.
2. Bu cür qaçqının ölkədən çıxarılması yalnız qanunla nəzərdə tutulan qaydada çıxarılmış qərara uyğun olaraq həyata keçirilə bilər...”
Maddə 33
“1. İştirakçı dövlətlərin heç biri qaçqını heç bir halda ölkədən çıxararaq irqinə, dininə, milliyyətinə, konkret sosial qrupa mənsubluğuna və ya siyasi rəyinə görə həyatının və ya azadlığının təhlükə altında ola biləcəyi ərazilərin sərhədlərinə qaytarmamalıdır (refouler).
2. Lakin ərazisində olduğu ölkənin təhlükəsizliyinə qarşı əsaslı səbəblərə görə təhlükə hesab olunan, xüsusilə ağır cinayətə görə yekun məhkəmə qərarı ilə məhkum olunmuş, həmin ölkənin ictimaiyyəti üçün təhlükə təşkil edən qaçqın bu maddənin müddəalarından yararlana bilməz”.
C. Avropa Şurası Nazirlər Komitəsinin rəhbər prinsipləri
64. 11 iyul 2002-ci ildə nazirlərin nümayəndələrinin 804-cü iclasında Avropa Şurası Nazirlər Komitəsi insan hüquqlarına və terrorizmə qarşı mübarizəyə dair rəhbər prinsiplər qəbul edib. Rəhbər prinsiplərin “İşgəncələrin tam qadağan olunması” adlı IV maddəsində deyilir:
“Şəxsin şübhəli bilindiyi və ya məhkum olunduğu hərəkətlərin xarakterindən asılı olmayaraq işgəncədən, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəzadan istifadə bütün hallarda, xüsusən də terrorizm fəaliyyətlərində şübhəli bilinən və ya həmin fəaliyyətlərə görə məhkum olunmuş şəxsin tutulması, dindirilməsi və həbsdə saxlanılması zamanı tam qadağan olunur.
Bu sənədin XII maddəsinin 2-ci bəndinə əsasən:
“Ərizəçinin öz ölkəsinə və ya digər ölkəyə mümkün qayıdışının (“refoulement”) onu ölüm cəzası, işgəncə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza təhlükəsinə məruz qoymayacağını təmin etmək sığınaq üçün ondan müraciət almış dövlətin vəzifəsidir. Eyni qayda ölkədən çıxarılma hallarına da şamil olunur”.
D. Beynəlxalq Amnistiya Təşkilatının Tunis haqqında hesabatı
65. 2006-cı ildə Tunisdəki vəziyyətə dair hesabatında Beynəlxalq Amnistiya Təşkilatı (Amnesty International) qeyd etdi ki, terrorizm ittihamları ilə üzləşmiş ən azı 12 şəxs çoxsaylı ədalətsiz məhkəmə proseslərindən sonra uzun müddətə azadlıqdan məhrum edilmə cəzasına məhkum edilib. İşgəncə və qəddar rəftar halları barədə məlumatlar gəlməkdə davam edir. Ədalətsiz məhkəmə proseslərindən sonra məhkum olunmuş yüzlərlə siyasi məhbus on ildən artıq həbsxanada qalıb və deyilənlərə görə, onların səhhəti pisləşib. Amnistiya nəticəsində 135 məhbusdan ibarət qrup azadlığa buraxılıb; onlar qadağan olunmuş islamçı “Ennahda” təşkilatına mənsub olmaları ilə bağlı ədalətsiz məhkəmə proseslərində məhkum olunaraq 14 ildən artıq müddətə azadlıqdan məhrum edilmişdilər. Bu məhbusların bəzilərinin səhhəti ağır həbsxana şəraiti ucbatından və məhkəmə araşdırmasına qədər məruz qaldıqları işgəncələr səbəbindən pis vəziyyətdə idi.
66. 2006-cı ilin dekabrında Tunisin cənubunda polislə “Dini təbliğat və savaş uğrunda Sələfi Qrupu” arasında atışma oldu. Onlarla insan öldürüldü, onlarla polis əməkdaşı yaralandı.
67. 2006-cı ilin iyununda Avropa Parlamenti Avropa İttifaqını və Tunisi bu ölkədə insan hüquqlarının vəziyyətinin müzakirəsi üçün görüş keçirməyə çağırdı. 2006-cı ilin oktyabrında Avropa İttifaqı əmək hüququna dair beynəlxalq konfransı ləğv etdiyinə görə Tunis Hökumətini tənqid etdi.
68. “Terrorla müharibəyə” gəldikdə, Beynəlxalq Amnistiya Təşkilatı qeyd etdi ki, insan hüquqlarının təşviqi və qorunması ilə bağlı BMT-nin Xüsusi Məruzəçisinin ölkəyə səfər etməsi barədə müraciətinə Tunisin hakimiyyət orqanları heç bir cavab verməyiblər. Terrorizm fəaliyyətlərində şübhəli bilinən şəxslər “mübahisəli qanun” adlandırılan terrorizm əleyhinə 2003-cü il qanunu əsasında tutularaq məhkəməyə cəlb olunublar. Terrorizm əleyhinə bu qanun və Hərbi Ədalət Mühakiməsi Məcəlləsi Bosniya və Herseqovina, Bolqarıstan və İtaliyadan öz iradələri əleyhinə ölkəyə qaytarılmış tunislilərə qarşı istifadə olunub, onlar xaricdə fəaliyyət göstərən terrorçu təşkilatlara mənsub olmaqda təqsirləndiriblər. Hərbi məhkəmələr tərəfindən həll olunan bu cür işlərdə vəkillərin öz müştəriləri ilə təmasları mütəmadi olaraq artan məhdudiyyətlərə məruz qalıb. Hesabatda məhbusların polis həbsxanasında olarkən ətraf aləmdən tam təcrid olunmaqla saxlanıldığı və ya işgəncələrə məruz qaldığı hallar qeyd olunub; həmin məhbusların sırasına Bosniya və Herseqovinadan deportasiya olunmuş cənab Hiçam Saadi, cənab Bədrəddin Fərçiçi və “Zarsiz qrupu”nun altı üzvü daxildir.
69. Beynəlxalq Amnistiya Təşkilatı daha sonra ifadə azadlığı hüququna qoyulan sərt məhdudiyyətləri və insan hüquqları müdafiəçilərinə və onların ailələrinə qarşı, habelə müsəlman çarşabı örtən qadınlara və hökumətə müxalif olanlara və onu tənqid edənlərə qarşı təqib və zorakılıq riskini tənqid etdi.
70. Məhkəmə hakimiyyətinin müstəqilliyi məsələsi ilə bağlı Beynəlxalq Amnistiya Təşkilatı qeyd etdi ki, vəkillər sözügedən dövrdə gələcək vəkillərin təlimi üçün cavabdeh olan “Yüksək Vəkillər İnstitutu” yaradılmasını nəzərdə tutan qanun layihəsinə qarşı parlament qarşısında açıq etiraz ediblər (əvvəllər buna görə Tunis Vəkillər Assosiasiyası və Tunis Hakimlər Assosiasiyası cavabdeh idilər). 2006-cı ilin oktyabrında Avropa Komissiyasının Tunisdəki nümayəndə heyətinin başçısı siyasi islahatın zəif sürətini açıq tənqid etdi və məhkəmə hakimiyyətinin müstəqilliyini möhkəmləndirmək üçün hakimlərlə vəkillərə daha yaxşı təlim keçilməsinə çağırdı. Hakimlərin ölkəni tərk etmələri üçün ədliyyə məsələləri üzrə dövlət katibinin icazəsi tələb olunurdu.
71. 19 iyun 2007-ci ildə Beynəlxalq Amnistiya Təşkilatı ərizəçi ilə bağlı aşağıdakı açıqlamanı verdi:
“Beynəlxalq Amnistiya Təşkilatı Nassim Saadinin İtaliyanın hakimiyyət orqanları tərəfindən Tunisə göndəriləcəyi təqdirdə işgəncə riski ilə və ya insan hüquqlarının digər kobud pozuntuları ilə qarşılaşa biləcəyindən narahatdır. Bu narahatlıq Tunisdə “terrorla müharibə” kontekstində insan hüquqlarının pozuntuları ilə, o cümlədən xaricdən zorla qaytarılan insanlara qarşı törədilən zorakılıqlarla bağlı bizim davamlı monitorinqimizə əsaslanır.
Nassim Saadi Tunisdə Daimi Hərbi Məhkəmə tərəfindən dinc dövrdə xaricdə fəaliyyət göstərən terrorçu təşkilata mənsub olma ittihamları üzrə qiyabi surətdə 20 il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum olunub. Baxmayaraq ki, onun eyni hərbi məhkəmə tərəfindən işinə yenidən baxılması hüququ var, Tunisdə hərbi məhkəmələr ədalətli məhkəmə araşdırmasının bir sıra təminatlarını pozurlar. Hərbi məhkəmə sədrlik edən hakimdən və dörd məsləhətçidən təşkil olunur. Yalnız sədr mülki hakimdir. Açıq məhkəmə araşdırması hüququna məhdudiyyətlər qoyulur. Məhkəmələrin hərbi ərazidə yerləşməsi nəticə etibarı ilə ictimaiyyətin oraya girişini məhdudlaşdırır. Hərbi məhkəmə tərəfindən məhkum olunmuş şəxslər işlərinə yenidən baxılması üçün yalnız Hərbi Kassasiya Məhkəməsinə müraciət edə bilərlər. Mülki müttəhimlər tez-tez məlumat verirlər ki, vəkilə malik olmaq hüququndan xəbərsiz olublar, yaxud işə baxan hakim hərbi formada olduğuna görə onun tərəfindən iş üzrə dindirildiklərini anlamayıblar (xüsusən vəkilin iştirakı olmadıqda). Müdafiəçi vəkillərin müştərilərinin işləri üzrə materiallarla tanış olmalarına məhdudiyyətlər qoyulur və proses barədə məlumat almalarına, məsələn, dinləmənin vaxtını öyrənmələrinə maneələr yaradılır. Adi cinayət məhkəmələrindən fərqli olaraq, hərbi məhkəmələr baxılmaqda olan işlərin qeydiyyatı kitabına vəkillərin baxmalarına icazə vermirlər (əlavə məlumat üçün bax: “Beynəlxalq Amnistiya Təşkilatının Tunis haqqında hesabatı: haqsızlıqlar silsiləsi”, AI Index MDE 30/001/2003).
Tunisin hakimiyyət orqanları həmçinin terrorizm fəaliyyətlərində şübhəli bilinən şəxslərin tutulması, həbsə alınması və məhkəməyə verilməsi üçün mübahisəli 2003-cü il qanunundan istifadə etməkdə davam edirlər. Bu məhkumlara uzunmüddətli azadlıqdan məhrum etmə cəzaları kəsilir. Terrorizm əleyhinə qanun və Hərbi Ədalət Mühakiməsi Məcəlləsi öz iradələri əleyhinə digər ölkələrin, o cümlədən Bosniya və Herseqovina, Bolqarıstan və İtaliyanın hakimiyyət orqanları tərəfindən Tunisə qaytarılmış Tunis vətəndaşlarına qarşı da istifadə edilir. Xaricdən qayıdanlar Tunisə gəldikdən sonra Tunisin hakimiyyət orqanları tərəfindən həbs olunur və onların çoxu ölkə xaricində fəaliyyət göstərən “terrorçu təşkilatlarla” əlaqədə ittiham olunur. Onların bəzilərinin işi hərbi ədliyyə sisteminə verilir.
Son dövrlərdə xaricdən Tunisə qayıtmış insanlar ətraf aləmdən təcrid olunmuş halda həbsdə saxlanılmış, həmin müddətdə işgəncələrə və digər qəddar rəftara məruz qalmışlar. Onlar ədalətsiz məhkəmə proseslərindən sonra uzunmüddətli həbs cəzalarına məhkum ediliblər. Bununla bağlı əyani nümunə üçün biz aşağıdakı işlərə dair informasiyanı təqdim edirik:
“– Hüseyn Tarxani 3 iyun 2007-ci ildə məcburi qaydada Fransadan Tunisə qaytarılıb və oraya çatan kimi həbsə alınıb. O, Tunisdə Daxili İşlər Nazirliyinin Dövlət Təhlükəsizliyi Departamentində 10 gün ərzində məxfi surətdə həbsdə saxlanılıb, həmin müddətdə o, məlumatlara görə, işgəncələrə və ya digər formada qəddar rəftara məruz qalıb. Hazırda o, əlavə istintaqı gözləyərək Mornaquya həbsxanasında saxlanılır. Hüseyn Tarxani Tunisi 1999-cu ildə tərk edib, bundan sonra Almaniyada və 2000-ci illə 2006-cı il arasında İtaliyada yaşayıb. O, 5 may 2007-ci ildə Fransa-Almaniya sərhədində qanunsuz miqrant kimi tutulub və ölkədən çıxarılma barədə qərarın icrasını gözlədiyi müddətdə Fransanın Mets şəhərindəki saxlama mərkəzində saxlanılıb. Mayın 6-da o, hakimin qarşısına gətirilib, hakim onun həbsdə saxlanma müddətini əlavə 15 gün müddətinə artırıb və ona məlumat verib ki, işinin istintaqı Fransa polisi tərəfindən aparılacaq, belə ki, o, ABŞ-ın başçılıq etdiyi koalisiya qüvvələri ilə silahlı münaqişədə iştirak etməkdən ötrü İraqa səfər edən şəxslərə kömək edən şəbəkəyə “maddi-texniki dəstək” verməkdə şübhəli bilinir, o isə bu ittihamı rədd edib. Fransada ona qarşı rəsmən heç bir ittiham irəli sürülməyib. Elə həmin gün o, Fransadan sığınacaq istəyib və sığınacaq barədə müraciətinə baxıldığı müddətdə saxlanılmaq üçün Mesnil-Amelot saxlama mərkəzinə gətirilib. Hüseyn Tarxaninin sığınacaq barədə ərizəsi sürətli prosedur (procedure prioritaire) çərçivəsində qiymətləndirilib və mayın 25-də rədd edilib. O, qaçqınların müraciətlərinə baxan quruma – Qaçqınların Müraciətləri üzrə Komissiyaya (Commission des Recours des Réfugiés (CRR)) şikayət versə də, CRR-də şikayətlərə baxıldığı müddətdə sürətli prosedur çərçivəsində qəbul edilmiş qərarların icrası dayandırılmır və şikayət vermiş şəxslər şikayətləri barədə qərarın qəbuluna qədər məcburi qaydada ölkələrinə qaytarıla bilərlər. Hüseyn Tarxani həmçinin qərardan inzibati məhkəməyə də şikayət verib, lakin şikayəti rədd edilib.
– 2004-cü ilin mayında Tunis vətəndaşı Tarek Belxirat sığınacaq üçün müraciəti rədd edildikdən sonra öz iradəsi əleyhinə Fransadan Tunisə qaytarılıb. O, Tunisə qayıdan kimi həbs olunub və terrorizm əleyhinə 2003-cü il qanunu əsasında ittiham edilib. 2005-ci ilin fevralında Fransada ali inzibati məhkəmə olan Dövlət Şurası (Conseil d’Etat) Tarek Belxiratın Tunisə göndərilməsi barədə qərarı ləğv edib. 2005-ci ilin martında o, Tunisdə ədalətsiz məhkəmə prosesində Tunis İslamçı Cəbhəsinə üzv olmaq ittihamı üzrə on il müddətinə azadlıqdan məhrum edilib, bu ittihama görə o, Fransada 36 ay həbs cəzası çəkmişdi. 2005-ci ilin oktyabrında apellyasiya şikayətindən sonra cəza müddəti beş ilədək azaldılıb. O, Tunisdə həbsxanada qalmaqdadır.
– Tunis vətəndaşı Adil Rahali sığınacaq üçün müraciəti rədd edildikdən sonra 2004-cü ilin aprelində İrlandiyadan Tunisə deportasiya olunub. O, Tunisə çatan kimi həbs olunub və Daxili İşlər Nazirliyinin Milli Təhlükəsizlik Departamentinə gətirilib, orada o, məxfi şəkildə yeddi gün müddətinə həbsdə saxlanılıb və məlumatlara görə döyülüb, tavandan asılıb və ölümlə hədələnib. On ildən artıq Avropada işləmiş Adil Rahali terrorizm əleyhinə mübahisəli 2003-cü il qanununu əsasında xaricdə fəaliyyət göstərən terrorçu təşkilata mənsub olmaqda ittiham edilib. Adil Rahalinin məruz qaldığı iddia edilən işgəncələrlə bağlı hər hansı araşdırma aparılması məlum deyil, baxmayaraq ki, onun vəkili bu barədə şikayət verib. 2005-ci ilin martında Adil Rahali işgəncə altında ondan alınmış “etiraflar” əsasında məhkum olunub və terrorizm əleyhinə qanunvericiliyə əsasən 10 il müddətinə azadlıqdan məhrum edilib. 2005-ci ilin sentyabrında apellyasiya şikayətindən sonra cəza müddəti beş ilədək azaldılıb. O, Tunisdə həbsxanada qalmaqdadır.
– 2004-cü ilin aprelində ədalətsiz məhkəmə prosesindən sonra yeddi gənc terrorçu təşkilata üzvlüyə, partlayışı maddələrin saxlanılmasına və ya istehsalına, oğurluğa, qadağan olunmuş İnternet saytlarından istifadəyə və icazəsiz mitinqlər keçirməyə görə məhkum olunub. İki digər gəncin barəsində qiyabi hökm çıxarılıb. Onlar 2003-cü ilin fevralında Tunisin cənubunda, Zarzisdə tutulmuş onlarla adamın sırasındadırlar, həmin şəxslərin çoxu elə həmin ay azad edilmişdi. Onların məhkəməsi ədalətli məhkəmə araşdırmasına dair beynəlxalq standartlara cavab verməyib. Müdafiəçi vəkillərin sözlərinə görə, polis hesabatlarında onların həbs tarixlərinin çoxu saxtalaşdırılıb, bir halda isə həbs yeri barədə məlumat saxtalaşdırılıb. Müttəhimlərin döyülməsi, tavandan asılması və zorlama ilə təhdid edilməsi barədə iddialara dair heç bir araşdırma aparılmayıb. İttiham hökmləri, demək olar ki, bütünlüklə məcburiyyət altında alınmış etiraflara əsaslanıb. Müttəhimlər onlara qarşı irəli sürülmüş bütün ittihamları məhkəmədə rədd ediblər. 2004-cü ilin iyulunda Tunis Apellyasiya Məhkəməsi onlardan altısının həbs cəzasının müddətini 19 il üç aydan 13 ilədək azaldıb. Onların bu qərardan verdikləri şikayət 2004-cü ildə Kassasiya Məhkəməsi tərəfindən rədd edildi. Tutulduğu vaxt yetkinlik yaşına çatmayan digər müttəhimin həbs cəzasının müddəti 24 ayadək azaldıldı. Onların hamısı prezidentin əfv qərarından sonra 2006-cı ilin martında azad edildilər.
– Bu işlərdə törədilmiş insan hüquqlarının pozuntuları hazırda Tunisdə mövcud olan və ölkə daxilindəki insanlara, habelə iddia edilən təhlükəsizliyə qarşı cinayətlərə və ya siyasi cinayətlərə görə xaricdən qayıdanlara təsir göstərən pozuntu növləri üçün səciyyəvidir. Buna görə də biz hesab edirik ki, Nassim Saadi Tunisin hakimiyyət orqanlarının ixtiyarında verilərsə, ciddi işgəncə riski və ədalətsiz məhkəmə təhlükəsi altında olacaq”.
72. Oxşar açıqlama Beynəlxalq Amnistiya Təşkilatı tərəfindən 23 iyul 2007-ci ildə də verildi.
E. “Human Rayts Votç” (Human Rights Watch) təşkilatının Tunis haqqında hesabatı
73. Tunis haqqında 2007-ci il tarixli hesabatında “Human Rayts Votç” təşkilatı bildirdi ki, Tunis Hökuməti terrorizm və dini ekstremizm təhlükəsindən öz rəqiblərinə qarşı repressiya üçün istifadə edib. Etiraflar almaq üçün şübhəli şəxslərə qarşı işgəncədən və qəddar rəftardan istifadə edildiyinə dair sabit və inandırıcı iddialar mövcuddur. Həmçinin iddia edilir ki, məhkum olunmuş şəxsləri bilərəkdən qəddar rəftara məruz qoyurlar.
74. Qadağan olunmuş islamçı “Ən-Nəhda” partiyasının bir çox üzvləri amnistiyadan sonra həbsxanadan azad ediliblər, ölkədə 350-dən artıq siyasi məhbus olub. Terrorizm əleyhinə 2003-cü il tarixli qanun əsasında gənclərin kütləvi həbsləri aparılıb. Azad edilmiş siyasi məhbuslar hakimiyyət orqanlarının sıx müşahidəsi altında olublar, həmin orqanlar onların pasportlarını təzələməkdən və onların bir çox işlərə qəbul edilməsindən imtina ediblər.
75. “Human Rayts Votç” təşkilatının sözlərinə görə, məhkəmə sistemi müstəqillikdən məhrumdur. İşlərin istintaqını aparan hakimlər şübhəli şəxsləri onların vəkillərinin iştirakı olmadan dindirirlər və ittiham və məhkəmə orqanları işgəncə barədə hətta vəkilin bildirdiyi iddialara göz yumurlar. Müttəhimlər tez-tez məcburiyyət altında alınmış, yaxud bilavasitə və ta başqasının vasitəsilə dindirmək imkanına malik olmadıqları şahidlərin ifadələrinə əsasən qeydə alınmış etiraflar əsasında məhkum olunurlar.
76. Baxmayaraq ki, Beynəlxalq Qırmızı Xaç Komitəsi Tunis həbsxanalarına səfərlər üzrə proqramını davam etdirir, hakimiyyət orqanları insan hüquqlarının müdafiəsi üzrə müstəqil təşkilatları həbsdə saxlanılma yerlərinə buraxmaqdan imtina edirlər. 2005-ci ilin aprelində “Human Rayts Votç” təşkilatının həbsxanalara səfərlərinə icazə vermək barədə götürülmüş öhdəliyə məhəl qoyulmur.
77. Terrorizm əleyhinə 2003-cü il qanununda “terrorizm”ə geniş anlayış verilib, belə ki, həmin anlayışdan sadəcə siyasi fikir müxtəlifliyi hüququnu həyata keçirən şəxslərə qarşı cinayət təqibinə başlamaq üçün istifadə edilə bilər. 2005-ci ildən bəri 200-dən artıq şəxs xaricdə cihad hərəkatına qoşulmağı planlaşdırdığına və ya terrorist fəaliyyətlərinin təşkilinə görə ittiham olunub. Həbslər mülki geyimli polislər tərəfindən aparılıb və ittiham olunanların ailələrinə onların yaxınları barədə günlərlə, yaxud bəzən aylarla heç bir xəbər verilməyib. Məhkəmə araşdırmaları zamanı bu müttəhimlər əksər hallarda iddia ediblər ki, polislər onlardan ifadələri işgəncə altında və ya işgəncə ilə təhdid etməklə alıblar. Bu müttəhimlər uzunmüddətli azadlıqdan məhrum edilmə cəzasına məhkum olunublar, lakin onlardan hər hansı birinin konkret zorakılıq aktı törətdiyi, yaxud silah və ya partlayıcı maddə saxladığı sübut olunmayıb.
78. 2006-cı ilin fevralında “Zarzis” terrorçu qrupuna mənsub olmaqda təqsirləndirilən altı şəxsə cəza müddətinin üç ilini çəkdikdən sonra prezidentin amnistiya aktı tətbiq edilib. Onlar, iddia etdiklərinə görə, məcburiyyət altında etdikləri etiraflar əsasında və bombalar düzəltmək üzrə İnternetdəki təlimatların surətlərini köçürmələri faktına görə məhkum olunmuşdular. 2005-ci ildə cənab Əli Rəmzi Bettibi Tunis prezidentinin İsrail baş nazirini ölkədə qəbul etməyə razılıq verəcəyi təqdirdə bomba hücumlarına əl atacağı ilə təhdid edən naməlum qrupun bəyanatını kəsib on-layn forumunda yerləşdirdiyinə görə dörd il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum olunub.
79. Nəhayət, “Human Rayts Votç” təşkilatı məlumat verdi ki, 15 iyun 2006-cı ildə Avropa Parlamenti Tunisdə insan hüquqları fəallarına qarşı repressiyalardan təəssüfləndiyini bildirən qətnamə qəbul edib.
F. Beynəlxalq Qırmızı Xaç Komitəsinin fəaliyyətləri
80. Beynəlxalq Qırmızı Xaç Komitəsi 26 aprel 2005-ci ildə Tunis hakimiyyət orqanları ilə saziş imzalayaraq həbsxanalardakı şəxslərə baş çəkmək və onların vəziyyətini qiymətləndirmək icazəsi əldə etdi. Saziş həbsxanalara yalnız “sırf humanitar” təşkilat kimi tanınan Beynəlxalq Qırmızı Xaç Komitəsi tərəfindən səfərlər edilməsinə icazə verən hakimiyyət orqanlarının qərarından bir il sonra bağlandı, Komitədən isə tələb olunurdu ki, gəldiyi nəticələri konfidensial saxlasın. Tunis Hökuməti ilə Beynəlxalq Qırmızı Xaç Komitəsi arasındakı saziş Tunisdəki bütün həbsxana müəssisələrinə, o cümlədən “ibtidai həbs yerlərinə və polis kameralarına” aid idi.
81. 29 dekabr 2005-ci ildə Beynəlxalq Qırmızı Xaç Komitəsinin Şimali Afrika (Tunis) üzrə regional nümayəndəsi cənab Bernard Pfefferle dedi ki, Komitə Tunisdə hər hansı “maneə yaradılmadan” ondan artıq həbsxanaya səfər edə və orada məhbuslarla görüşə bilib. Cənab Pfefferle dedi ki, 2005-ci ilin iyunundakı yoxlamadan bəri Beynəlxalq Qırmızı Xaç Komitəsinin qrupu doqquz həbsxanaya səfər edib (onlardan ikisinə iki dəfə) və görüş cədvəlinə salınmış məhbusların yarısı ilə görüşüb. O, “sazişlərin xarakteri ilə əlaqədar olaraq” əlavə təfsilatlara varmaqdan imtina etsə də, hər halda izah etdi ki, sözügedən sazişlər Beynəlxalq Qırmızı Xaç Komitəsinə “tam sərbəst şəkildə və öz azad seçimləri əsasında” bütün həbsxanalara səfər etmək və məhbuslarla görüşmək səlahiyyəti verir.
G. ABŞ Dövlət Departamentinin Tunisdə insan hüquqlarına dair hesabatı
82. 8 mart 2006-cı ildə dərc olunmuş “insan hüquqları sahəsində fəaliyyətlərə” dair hesabatında ABŞ Dövlət Departamenti Tunis Hökuməti tərəfindən təməl hüquqların pozulması hallarını tənqid etdi.
83. Tunis hakimiyyət orqanlarının ayağına yazıla biləcək siyasi motivli hər hansı qətllər olmasa da, hesabatda iki işə: cənab Monsef Ben Əhməd Uahiçinin polis həbsxanasında olarkən ölməsinə və cənab Bədrəddin Rekeinin polis həbsxanasından buraxıldıqdan sonra ölməsinə tənqidi şərh verildi.
84. Beynəlxalq Amnistiya Təşkilatı tərəfindən toplanmış informasiyaya istinadən Dövlət Departamenti etiraflar alınmasını təmin etmək üçün Tunis hakimiyyət orqanlarının tətbiq etdiyi müxtəlif işgəncə və qəddar rəftar formalarını təsvir etdi. Buraya aşağıdakılar daxil idi: elektroşokdan istifadə; qurbanın başını suyun altında saxlamağa məcbur edilməsi; yumruqla, çubuqla və polis dəyənəyi ilə döymə; şəxs huşunu itirənə qədər onu tavandakı dayaqdan asma; və bəndəni siqaretlə yandırma. Bundan əlavə, polis əməkdaşları məlumat əldə etmə və ya cəza tətbiqi vasitəsi kimi islamçı məhbusların arvadlarına qarşı seksual təhqirlərə yol veriblər.
85. Lakin bu işgəncə aktlarını sübut etmək çox çətindir, çünki hakimiyyət orqanları qəddar rəftarın izləri yox olana qədər qurbanların tibbi müalicə almasına icazə verməkdən imtina ediblər. Bundan başqa, məhkəmələr tərəfindən mütəmadi olaraq sübut qismində qəbul edilən etirafların qəddar rəftar və işgəncə altında alındığı barədə iddialara baxmaqdan polis və məhkəmə orqanları mütəmadi olaraq imtina ediblər.
86. Siyasi məhbuslar və dini təməlçilər işgəncələrin əsas hədəfi olublar, həmin işgəncələr adətən qurbanlar polis həbsxanasında olarkən, xüsusən də Daxili İşlər Nazirliyinin nəzdindəki həbsxanalarda olduqları zaman verilib. Hesabatda qeyri-hökumət təşkilatları tərəfindən, o cümlədən “Tunisdə Azadlıqlar Uğrunda Milli Şura” (Conseil national pour les libertés en Tunisie) və “Tunisdə İşgəncələr Əleyhinə Assosiasiya” (Association pour la lutte contre la torture en Tunisie) tərəfindən şikayət edilən bir sıra işgəncə halları qeyd edilib. Qurbanların şikayətlərinə baxmayaraq, Tunisin hakimiyyət orqanları bu sui-istifadə halları ilə bağlı heç bir araşdırma aparılmayıblar və heç bir dövlət nümayəndəsinə qarşı cinayət təqibinə başlanılmayıb.
87. Tunis həbsxanalarında saxlanılma şəraiti beynəlxalq standartlardan xeyli aşağıdır. Məhbuslar dar şəraitdə saxlanılır və çarpayılardan və tualetdən növbə ilə istifadə etməli olurlar. Kameralarda adamların çoxluğu və lazımi gigiyenik şəraitin olmaması ucbatından yoluxucu xəstəliklərə tutulma riski olduqca yüksəkdir. Məhbuslar üçün müvafiq tibbi müalicə əlçatan deyil.
88. Siyasi məhbuslar tez-tez bir həbsxanadan digərinə köçürülürlər ki, bu da ailələrinin onlara baş çəkməsini çətinləşdirir və onların həbsxana şəraitini araşdırmaq cəhdlərinə əngəl törədir.
89. 2005-ci ilin aprelində uzunmüddətli danışıqlardan sonra Tunis Hökuməti Beynəlxalq Qırmızı Xaç Komitəsinin həbsxanalara səfərlər etməsinə icazə verən saziş imzalayıb. Bu səfərlər iyunda başlanıb. Dekabrda Qırmızı Xaç Komitəsi bəyan edib ki, həbsxana orqanları sazişə əməl edir və onların səfərləri qarşısında hər hansı maneə yaratmırlar.
90. Digər tərəfdən, 2005-ci ildə Tunis Hökumətinin şifahi öhdəlik götürməsinə baxmayaraq, eyni imkan “Human Rayts Votç” təşkilatı üçün yaradılmayıb. Hökumət həmçinin məhbusların uzun müddətə təkbaşına həbsdə saxlanılmasını qadağan etməyi öhdəsinə götürüb.
91. Tunis qanunvericiliyi ilə aydın şəkildə qadağan olunsa da, qanunsuz tutulmalar və həbslər davam edir. Qanuna görə, polis həbsxanasında saxlanılmanın yol ver verilən maksimum müddəti altı gündür, bu müddətdə məhbusların ailəsinə məlumat verilməlidir. Lakin bu normalara çox vaxt məhəl qoyulmur. Məhbuslar çox vaxt polis tərəfindən tam təcrid halında saxlanılır və hakimiyyət orqanları tutulma tarixini saxtalaşdırmaqla polis həbsxanasında saxlanılma müddətini uzadırlar.
92. Tunis Hökuməti hər hansı siyasi məhbusların olduğunu inkar edir, buna görə də onların dəqiq sayını müəyyən etmək mümkün deyil. Lakin “Siyasi Məhbusların Azad Edilməsi Uğrunda Beynəlxalq Assosiasiya” (internationale pour le soutien aux prisonniers politiques) 542 siyasi məhbusun siyahısını tərtib edib, onların demək olar hamısının qadağan edilmiş müxalifətçi hərəkatlara mənsub dini təməlçilər olduğu və ictimai asayişə təhlükə törədən qanunsuz təşkilatlara mənsub olduqlarına görə tutulduğu bildirilir.
93. Hesabatda siyasi məhbusların və onların ailələrinin şəxsi və ailə həyatına hörmət hüququnun müxtəlif pozuntuları, o cümlədən yazışmalar və telefon danışıqları üzərində senzuranın olması və şəxsiyyət sənədlərinin müsadirə olunması qeyd edilib.
H. Digər mənbələr
94. Ərizəçi 10 oktyabr 2006-cı ildə dindirilməsinə az qalmış polis bölməsinin pəncərəsindən tullandığı iddia edilən Hiçem Ben Səid Ben Frec adlı gəncin işi ilə bağlı “Siyasi Məhbusların Azad Edilməsi Uğrunda Beynəlxalq Assosiasiya”nın sənədini Məhkəməyə təqdim etdi. Cənab Ben Frecin vəkili iddia edirdi ki, onun müştərisinə vəhşicəsinə işgəncə verilib və iyirmi dörd gün müddətində Tunisdə Daxili İşlər Nazirliyinin kameralarında saxlanılıb.
Oxşar iddialara məhbusların və qadınların hüquqlarının müdafiəsi üzrə yerli təşkilatların açıqlamalarında və çoxsaylı mətbuat materiallarında da rast gəlmək olar.
HÜQUQİ MƏSƏLƏLƏR
I. KONVENSİYANIN 3-cü MADDƏSİNİN İDDİA EDİLƏN POZUNTUSU
95. Ərizəçi bildirdi ki, onun məcburi deportasiyası onu Konvensiyanın 3-cü maddəsinə zidd olan rəftara məruz qalma riski ilə üzləşdirəcək, həmin maddədə deyilir:
“Heç kəs işgəncəyə qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qalmamalıdır”.
96. Hökumət bu arqumenti rədd etdi.
A. Şikayətin qəbul edilənliyi
97. Məhkəmə qeyd edir ki, bu şikayət Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndində nəzərdə tutulan mənada açıq-aydın əsassız deyil. O, daha sonra qeyd edir ki, şikayət hər hansı digər əsaslara görə də qəbul olunmayan deyil. Buna görə də o, qəbul olunan elan edilməlidir.
B. Şikayətin mahiyyəti
1. Tərəflərin arqumentləri
a) Ərizəçi
98. Ərizəçi bildirdi ki, terrorizm fəaliyyətlərində şübhəli bilinən şəxslərə, xüsusən də islam təməlçiliyi ilə əlaqədar olanlara Tunisdə tez-tez işgəncə verildiyi “hamıya məlum olam məsələdir”. O, siyasi sığınacaq barədə müraciət edib, amma o, İtaliyanın qaçqınların statusu üzrə şurası tərəfindən dindirilmədən müraciəti Milan polis orqanı tərəfindən rədd edilib. Onun yaşayış icazəsi almaq cəhdləri uğursuz olub, çünki Tunis konsulluğu onun pasportunu təzələməkdən imtina edib, həmin sənədin təqdim edilməsini ondan İtaliya hakimiyyət orqanları istəmişdilər. Ümumilikdə bütün bu hallar “təqibə” bərabərdir.
99. Bundan əlavə, Beynəlxalq Amnistiya Təşkilatı və ABŞ Dövlət Departamenti tərəfindən aparılmış araşdırmalar göstərdi ki, Tunisdə işgəncə praktikası tətbiq edilir və oraya deportasiya olunmuş bəzi şəxslər sadəcə olaraq yoxa çıxıblar. Onun təqdim etdiyi çoxsaylı mətbuat məqalələrimdə və şahid ifadələrində siyasi məhbuslara və onların ailələrinə qarşı rəftar pislənilir.
100. Ərizəçinin ailəsinin evinə polis dəfələrlə baş çəkib və ailə təhdidlərə və provokasiyalara məruz qalıb. Onun bacısı bununla əlaqədar olaraq iki dəfə intihara cəhd edib.
101. Deportasiya olunacağı təqdirdə ciddi riskə məruz qalacağını nəzərə alaraq, ərizəçi hesab etdi ki, sadəcə Tunisin imzaladığı müqavilələrin xatırladılması yetərli sayıla bilməz.
b) Hökumət
102. Hökumət ilk növbədə işin tarixçəsinə diqqət yetirməyi zəruri saydı. Nyu-Yorkdakı “qoşa qülləyə” 11 sentyabr 2001-ci il hücumlarından sonra kəşfiyyat xidmətləri tərəfindən xəbərdar edilmiş İtaliya polisi əsasən tunislilərdən ibarət olan beynəlxalq islamçı yaraqlılar şəbəkəsini aşkar etdi və onu müşahidə altına aldı. 2002-ci ilin mayında bu şəbəkənin başçılarından biri cənab Fərəc Fərəc Həsən Londonda həbs edildi. Bu arada ərizəçi Milanı tərk edib İrana getdi və oradakı vaxtını əl-Qaidənin təlim düşərgəsində keçirdi. Sonra o, İtaliyaya qayıtdı və oradan tez-tez Kot d’Azura səfərlər etdi. Orada, San-Remoda yaşayan digər bir tunislinin – cənab İmed Zarkauinin köməyi ilə, o, qardaşı cənab Fadhal Saadi ilə görüşdü.
103. Cənab Zarkauiyə detonatorlar düzəltmək üçün partladıcı civə tapmaq vəzifəsi tapşırılmışdı, eyni zamanda, İtaliyada onların digər bir ortaqları gecə çəkilişi kameraları barədə informasiya əldə etməyə çalışırdı. Malayziya ilə əlaqə yaradılmışdı, orada hücumları həyata keçirən qrup bəzi yaraqlıları dəstəkləməli və onlara silah paylamalı idi. Ərizəçinin mənsub olduğu islamçı özək saxta şəxsiyyət sənədlərinin düzəldilməsindən və öz üzvləri arasında paylanmasından ibarət geniş miqyaslı işə başlamışdı. Hökumət ərizəçinin belə bir arqumentini rədd etdi ki, guya ərizəçinin məhkum edildiyi saxtakarlıq cinayəti terrorçu qrupların fəaliyyəti ilə əlaqədar deyildi; bununla bağlı o qeyd etdi ki, ərizəçi və onun cinayət ortaqlarından biri qanuni yaşayış icazəsinə malik olsalar da, özlərinə saxta sənədlər düzəltmişdilər.
104. Bu kontekstdə 2002-ci ilin oktyabrında Avropanın bir sıra polis qüvvələri “Bazar əməliyyatı”na başladı, nəticədə ərizəçi, cənab Zarkaui və üç nəfər başqa şəxs İtaliyada həbsə edildilər. Cənab Fadhal Saadi Fransa polisinin onu həbs etmək cəhdindən yayınmağı bacardı. O, sonradan İraqda törətdiyi intiharçı bomba hücumu nəticəsində öldü. Ərizəçinin ailəsi ona bu barədə məlumat verdikdə o, qardaşının “kafirlərə” qarşı müharibədə əzabkeş kimi öldüyünü eşitməsindən qürur duydu. İtaliyada ərizəçiyə qarşı cinayət prosesində ittiham tərəfi üç şeyə əmin idi: onun mənsub olduğu özəyin “əl-Qaidə” ilə əlaqəsi vardı, o, naməlum hədəfə qarşı hücum hazırlayırdı və o, xaricdən təlimatlar almışdı.
105. Hökumət daha sonra qeyd etdi ki, ölüm təhlükəsi, yaxud işgəncəyə və ya qeyri-insani və ləyaqəti alçaldan rəftara məruz qalma riski müvafiq sübutlarla təsdiqlənməlidir. Lakin hazırkı işdə ərizəçi bununla bağlı nə dəqiq informasiya təqdim edib, nə də təfsilatlı izahatlar verib, sadəcə Tunisdə guya mövcud olan ümumi vəziyyəti təsvir edib. Ərizəçinin istinad etdiyi beynəlxalq mənbələr qeyri-müəyyən və namünasibdir. Eyni sözlər onun təqdim etdiyi mətbuat məqalələrinə də aiddir, onlar konkret ideoloji və siyasi meylli qeyri-rəsmi dairələrdən daxil olub. Bu informasiya yoxlanılmadığı üçün, habelə Tunis Hökumətinə izahat üçün müraciət edilmədiyinə görə o, sübutedici dəyərə malik deyil. Ərizəçinin ailəsinin Tunis polisi tərəfindən provokasiyalara məruz qaldığı barədə iddiaların ərizəçinin Məhkəmədə sübut etməyə çalışdığı məsələyə heç bir aidiyyəti yoxdur.
106. Beynəlxalq Amnistiya Təşkilatının hesabatında terrorizmin qarşısının alınması ilə bağlı üç ayrı-ayır işə istinad edilib, amma həmin işlər “narahatlıq doğuran” heç nəyi aşkar etmədi (müəyyən adamlar terrorizm fəaliyyətinə görə məhkum ediliblər və ya məhkəmə araşdırmasını gözləyirlər). Qəddar rəftar barədə iddialar gəldikdə, hesabatda şərti cümlələr və ya “o hesab edir ki” tipli şərti ifadələr işlənib. Buna görə də nəyin baş verdiyi barədə müəyyənlik yoxdur. Hesabatın səthi xarakteri İtaliya ilə bağlı hissələrdən “açıq-aydın” görünür, orada Məhəmməd Əl-Şarinin Suriyaya deportasiyası insan hüquqlarının pozuntusu kimi təsvir edilir, halbuki onun Məhkəməyə şikayət ərizəsi açıq-aydın əsassız olduğuna görə rədd edilib (bax: Əl-Şari və başqaları İtaliyaya qarşı (qərardad), ərizə N 57/03, 5 iyul 2005).
107. ABŞ Dövlət Departamentinin hesabatında aşağıdakılara istinad edilib: a) Monsef Luhicinin və ya Uahiçinin işi – bu işdə polis tərəfindən qətlə yetirildiyi iddia edilən şəxsin ailəsinin şikayəti üzrə istintaq hələ davam edir; b) Bədrəddin Rekeinin və ya Rekuinin işi – bu iş siyasi motivasiyalı olmayan cinayətlərlə bağlıdır və Tunis hakimiyyət orqanları bu iş barədə tam və inandırıcı təfsilatları təqdim ediblər; c) “Bizerte” qrupunun işi – bu işdə on bir müttəhimdən beşi apellyasiya şikayətindən sonra bəraət alıb, qalan altısının cəza müddətləri isə əhəmiyyətli dərəcədə azaldılıb; d) dəqiq müəyyən edilməyən işlər – bunlar qeyri-müəyyən şəkildə istinad edilən işlərdir, yaxud siyasi motivasiyalı olmayan cinayətlərlə, yaxud da ifadə və ya birləşmək azadlıqları ilə bağlı olan işlərdir.
108. Hökumət iddia etdi ki, bu sənədlər heç də Tunisin, ərizəçinin işlətdiyi ifadə ilə desək, bir növ “cəhənnəmi” xatırladan mənzərəsini yaratmır. Ölkədəki situasiya Konvensiyanı imzalamış müəyyən dövlətlərdəki situasiyadan çox da fərqlənmir.
109. Cənab Hiçem Ben Səid Ben Frecin ərizəçi tərəfindən istinad edilmiş uğursuz taleyinin (yuxarıda 94-cü bəndə bax) bu işə aidiyyəti yoxdur, çünki o, intihar etmişdi.
110. Hökumət daha sonra qeyd etdi ki, mütəmadi praktika olan qəddar rəftara məruz qalmanın Tunislə müqayisədə daha çox təşviş doğurduğu başqa ölkələrə (konkret olaraq Əlcəzairə) göndərilmə ilə bağlı çoxsaylı işlərdə Məhkəmə ərizəçilərin iddialarını rədd edib.
111. Hökumət həmçinin qeyd etdi ki, Tunis insan hüquqlarının müdafiəsinə dair çoxsaylı beynəlxalq müqavilələri, o cümlədən Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktı, İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Paktı və İşgəncələrə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara cəzaya qarşı Konvensiyanı imzalayıb, bu müqavilələrin hamısı Birləşmiş Millətlər Təşkilatı tərəfindən qəbul edilib. Tunis Konstitusiyasının 32-ci maddəsinə əsasən, beynəlxalq müqavilələr ölkə qanunları üzərində üstünlüyə malikdir. Bundan əlavə, İtaliya və Tunis emiqrasiya məsələsinə, habelə transmilli cinayətkarlıqla, o cümlədən terrorizmlə mübarizə məsələlərinə dair ikitərəfli sazişlər imzalayıblar (yuxarıda 61-ci bəndə bax). Bunun təməl hüquqlara hörmət üçün ümumi baza təşkil etdiyi düşünülür. Əgər Məhkəmə tunislilərin deportasiya olunmasının mümkünsüzlüyü prinsipini bəyan etsəydi, müvafiq sazişlərin səmərəliliyinə xələl gətirilmiş olardı.
112. Tunis həmçinin Avropa İttifaqı ilə birgə fəaliyyət sazişi imzalayıb. Bu müqavilənin icrası üçün zəruri ilkin şərt təməl azadlıqlara və demokratik prinsiplərə hörmətdir (yuxarıda 62-ci bəndə bax). Məhkəmənin presedent hüququna əsasən, Avropa İttifaqı elə beynəlxalq təşkilatdır ki, onun tərəfindən təməl hüquqların müdafiəsinin səviyyəsi Konvensiyanın təmin etdiyi səviyyənin “ekvivalentidir”. Bundan başqa, Tunis hakimiyyət orqanları Beynəlxalq Qırmızı Xaç Komitəsinə və digər “beynəlxalq qurumlara” həbsxanalara səfərlər etmək icazəsi verib (yuxarıda 80-ci və 81-ci bəndlərə bax). Hökumətin bildirdiyinə görə, güman etmək olar ki, Tunis beynəlxalq müqavilələr üzrə öhdəliklərini yerinə yetirməkdən boyun qaçırmayacaq.
113. Tunisdə terror təhlükəsi amansız reallıqdır, bunu 11 aprel 2002-ci ildə Cerbada baş vermiş partlayış da göstərir, həmin partlayışa görə məsuliyyəti əl-Qaidə öz üzərinə götürüb. Bu təhlükənin qarşısını almaq üçün Tunis hakimiyyət orqanları, bəzi Avropa dövlətləri kimi, terrorizmin qarşısının alınması üçün qanun qəbul ediblər.
114. Belə olan halda “şübhədən yararlanmaq” imtiyazı ərizəçini deportasiya etmək niyyətində olan və milli maraqları ərizəçinin ölkədə qalması ucbatından təhlükə altına alınan dövlətə verilməlidir. Bununla bağlı bu gün dünyada terrorizm təhlükəsinin miqyası və onunla səmərəli mübarizənin obyektiv çətinlikləri nəzərə alınmalıdır və bu zaman təkcə deportasiya hadisəsinin doğuracağı risklərə deyil, həm də deportasiya baş vermədiyi təqdirdə yarana biləcək risklərə diqqət yetirilməlidir. İstənilən halda, İtaliyanın hüquq sistemi qaçqın statusu əldə etmək imkanı da daxil olmaqla fərd üçün elə təminatları nəzərdə tutur ki, onlar Konvensiyanın tələblərinə zidd olaraq ölkədən çıxarılmanı “praktiki olaraq mümkünsüz” edir.
115. Məhkəmə qarşısındakı dinləmədə Hökumət işə qatılmış üçüncü tərəfin arqumentləri ilə mahiyyət etibarı ilə razılaşaraq (aşağıda 117-ci və 123-cü bəndlərə bax) qeyd etdi ki, ərizəçinin deportasiyası barədə qərar çıxarılana qədər ərizəçi nə Tunisdə qəddar rəftar halları olduğu barədə bir şey deyib, nə də siyasi sığınacaq istəyib, hərçənd ki, belə hallar olsaydı o bunlardan xəbərdar olmalı idi. Buna görə də onun həddən artıq gecikmiş iddiaları inandırıcı deyil.
116. Nəhayət, Hökumət qeyd etdi ki, hətta ekstradisiya barədə heç bir müraciət edilməsə də və ya insan hüquqlarına hörmətlə bağlı narahatlıq doğuran situasiya (məsələn, Çahal Birləşmiş Krallığa qarşı iş üzrə 15 noyabr 1996-cı il tarixli qərarda (Qərar və qərardadlar toplusu 1996-V) təsvir edilmiş situasiya kimi) olmasa da, İtaliya Tunisdən diplomatik təminatlar istəyib (yuxarıda 51-ci və 52-ci bəndlərə bax). Bunun cavabında Tunis hazırkı işdə müvafiq Tunis qanunvericiliyini tətbiq etməyi öhdəsinə götürüb (yuxarıda 54-cü və 55-ci bəndlərə bax), həmin qanunvericilik işgəncə və ya qəddar rəftar aktlarının sərt cəzalandırılmasını və məhbusun vəkili və ailəsi üçün geniş görüş hüquqlarını nəzərdə tutur.
2. İşə qatılmış üçüncü tərəf
117. Birləşmiş Krallıq Hökuməti qeyd etdi ki, Çahalın işində (bu işə yuxarıda 81-ci bənddə istinad edilib) Məhkəmə belə bir prinsipi bəyan edib ki, Konvensiyanın 3-cü maddəsinə zidd olan rəftara qoyulmuş qadağanın mütləq xarakterini nəzərə alaraq, belə rəftara məruz qalma riski şəxsin ölkədən çıxarılmasına haqq qazandırmaq üçün cavabdeh dövlətin irəli sürdüyü əsaslarla (milli təhlükəsizliyin müdafiəsi də daxil olmaqla) müqayisə oluna bilməz. Amma hər halda bu prinsip çox sərt olduğuna görə iştirakçı dövlətlərin praktiki olaraq ölkədən çıxarma tədbirini həyata keçirilmələrinin qarşısını almaqla onlar üçün çoxlu çətinliklər doğurur. Hökumət bununla bağlı qeyd etdi ki, o qədər də inandırıcı deyil ki, ərizəçinin vətəndaşı olduğu dövlətdən başqa hər hansı digər dövlət terrorizm fəaliyyətlərində şübhəli bilinən şəxsi öz ərazisinə qəbul etməyə hazır olardı. Bundan əlavə, şübhəli şəxsə qarşı cinayət sanksiyalarına əl atmaq imkanı cəmiyyət üçün yetərli müdafiəni təmin etmir.
118. Müvafiq fərd hər hansı hüquq pozuntusu törətməyə bilər (yaxud terrorist hücumuna qədər yalnız xırda hüquq pozuntuları törədə bilər) və onun terrorizmdə əli olduğunu əsaslı şübhə yeri qalmadan sübut etmək çətin ola bilər, çünki çox vaxt konfidensial mənbələrdən və ya kəşfiyyat xidmətlərinin təqdim etdiyi informasiyadan istifadə mümkünsüz olur. Digər tədbirlər, məsələn, şübhəli şəxs ölkədən çıxarılmasını gözlədiyi müddətdə onun həbsdə saxlanılması, müşahidə altında saxlanılması və ya onun hərəkət azadlığının məhdudlaşdırılması yalnız qismən müdafiəni təmin edir.
119. Terrorizm yaşamaq hüququna ciddi təhlükə yaradır, həmin hüquq bütün digər təməl hüquqlardan istifadənin zəruri ilkin şərtidir. Beynəlxalq hüququn oturuşmuş prinsiplərinə uyğun olaraq, dövlətlər immiqrasiya qanunvericiliyindən milli təhlükəsizliklərinə qarşı xarici təhlükələrdən özlərini qorumaq üçün istifadə etməlidirlər. Konvensiya siyasi sığınacaq hüququna təminat vermir. Bu hüquq Qaçqınların statusuna dair 1951-ci il Konvensiyası ilə tənzimlənir, orada aydın şəkildə nəzərdə tutulur ki, sığınacaq istəyən şəxs milli təhlükəsizliyə qarşı risk yaratdıqda və ya Birləşmiş Millətlər Təşkilatının prinsiplərinə zidd hərəkətlərə görə məsuliyyət daşıdıqda sığınacaq hüququ mövcud olmur. Bundan başqa, Konvensiyanın 5-ci maddəsinin 1 (f) bəndində “barəsində deportasiya ... tədbirləri tətbiq olunan” şəxsin həbsinə icazə verilir və bununla da dövlətin əcnəbiləri deportasiya etmək hüququ tanınır.
120. Bu həqiqətdir ki, işgəncəyə və qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya qarşı Konvensiyanın 3-cü maddəsi ilə təmin olunan müdafiə mütləqdir. Lakin ölkədən çıxarılma zamanı sözügedən rəftar təkcə Konvensiyanı imzalamış dövlət tərəfindən deyil, həm də digər dövlətin hakimiyyət orqanları tərəfindən törədilə bilər. Bu halda Konvensiyanı imzalamış dövlət işgəncəyə qarşı dolayısı ilə 3-cü maddədən irəli gələn müdafiəni təmin etməkdən ibarət pozitiv öhdəlik daşıyır. Bununla belə, Məhkəmə razılaşıb ki, həmin maddənin nəzərdə tutduğu pozitiv öhdəliklər sahəsində ərizəçinin hüquqları bütövlükdə cəmiyyətin maraqları ilə müqayisədə qiymətləndirilməlidir.
121. Ölkədən çıxarılma ilə bağlı işlərdə şəxsi qəbul edən ölkə üçün riskin dərəcəsi nəzəri qiymətləndirmədən asılıdır. Riskin mövcudluğunu qəbul etmək üçün tələb olunan risk dərəcəsi nisbətən aşağıdır və onu hər bir işdə ardıcıl tətbiq etmək çətindir. Bundan başqa, Konvensiyanın 3-cü maddəsi təkcə qəddar rəftarın son dərəcə ciddi formalarını, məsələn işgəncələri deyil, həm də nisbətən ümumi anlayışla ifadə olunan “ləyaqəti alçaldan rəftarı” qadağan edir. Fərdin Konvensiyanı imzalamış dövlət üçün təşkil etdiyi təhlükənin xarakteri də əhəmiyyətli dərəcədə fərqlənir.
122. Yuxarıda qeyd edilən mülahizələrin işığında Birləşmiş Krallıq iddia etdi ki, Məhkəmənin Çahalın işində qəbul etdiyi yanaşma beynəlxalq terrorizmin yaratdığı təhlükəyə dair işlərdə dəyişdirilməli və aydınlaşdırılmalıdır (o, hamılıqla tanınmış mənəvi imperativi əks etdirmir və Konvensiyanı ilk öncə imzalamış dövlətlərin niyyətlərinə ziddir). Birincisi, deportasiya edilməli olan şəxsin təşkil etdiyi təhlükə potensial qəddar rəftarın mümkünlüyü və xarakteri baxımından qiymətləndirilməli olan amil sayılmalıdır. Bu, hər bir işin konkret hallarını nəzərə almağa və Konvensiyanın 3-cü maddəsinin ərizəçi üçün təmin etdiyi hüquqları 2-ci maddənin cəmiyyətin bütün üzvləri üçün təmin etdiyi hüquqlarla müqayisədə qiymətləndirməyə imkan verir. İkincisi, milli təhlükəsizlik mülahizələri ərizəçidən tələb olunan sübutetmə standartına təsir göstərməlidir. Başqa sözlə, əgər cavabdeh dövlət milli təhlükəsizliyə təhlükə olduğu barədə sübutlar təqdim edərsə, onda ərizəçinin göndəriləcəyi ölkədə qəddar rəftar riski altında ola biləcəyini göstərmək üçün daha güclü sübutlar təqdim edilməlidir. Xüsusən müvafiq fərd sübut etməlidir ki, onun Konvensiyanın 3-cü maddəsi ilə qadağan olunan rəftara məruz qala bilməsi ehtimalı “nəinki sadəcə mövcuddur, həm də bu ehtimal böyükdür”. Bu şərh İşgəncələrə qarşı Birləşmiş Millətlər Təşkilatı Konvensiyasının 3-cü maddəsinin mətninə uyğundur (həmin maddə Məhkəmənin özünün presedent hüququna əsaslanır) və ölkədən çıxarılma işlərində mümkün gələcək riski qiymətləndirməyin zəruri olması faktını nəzərə alır.
123. Nəhayət, Birləşmiş Krallıq Hökuməti vurğuladı ki, iştirakçı dövlətlər ərizəçinin Konvensiyaya zidd davranışa məruz qalmayacağına dair diplomatik təminatlar ala bilərlər. Yuxarıda adı çəkilən Çahalın işində Məhkəmə həmin təminatların yetərli müdafiəni təmin edib-etmədiyini araşdırmağı zəruri hesab etdi, hərçənd ki, həmin işdə Məhkəmədəki çoxluğun və azlığın rəylərindən göründüyü kimi, ola bilər ki, eyni təminatlar müxtəlif cür şərh edilsin.
3. Məhkəmənin qiymətləndirməsi
a) Ümumi prinsiplər
i. Ölkədən çıxarılma hallarında iştirakçı dövlətlərin məsuliyyəti
124. Məhkəmənin oturuşmuş presedent hüququnda bu məsələ beynəlxalq hüququn hamılıqla tanınan məsələsi hesab olunur ki, iştirakçı dövlətlər öz müqavilə öhdəliklərinə, o cümlədən Konvensiyadan irəli gələn öhdəliklərinə əməl etmək şərti ilə əcnəbilərin ölkəyə gəlişinə, yaşayış yerinə və ölkə daxilində yerdəyişmələrinə nəzarət etmək hüququna malikdirlər (digər qərarlar arasında bax: Əbdüləziz, Kabales və Balkandali Birləşmiş Krallığa qarşı, 28 may 1985-ci il tarixli qərar, A seriyaları, c. 94, b. 67; və Bujlifa Fransaya qarşı, 21 oktyabr 1997-ci il tarixli qərar, Qərar və qərardadlar toplusu, 1997-VI, b. 42). Bundan əlavə, nə Konvensiya, nə də onun Protokolları siyasi sığınacaq hüququ vermir (bax: Vilvaraca və başqaları Birləşmiş Krallığa qarşı, 30 oktyabr 1991-ci il tarixli qərar, A seriyaları, c. 215, b. 102; və Əhməd Avstriyaya qarşı, 17 dekabr 1996-cı il tarixli qərar, Qərar və qərardadlar toplusu, 1996-VI, b. 38).
125. Lakin müvafiq şəxsin deportasiya olunacağı təqdirdə 3-cü maddəyə zidd olan rəftara məruz qalma riski ilə üzləşəcəyini düşünmək üçün əsaslı səbəblər mövcud olduqda iştirakçı dövlətin həmin şəxsi ölkədən çıxarması 3-cü maddə üzrə məsələni doğura bilər və bununla da dövlətin Konvensiya üzrə məsuliyyətinə səbəb ola bilər. Belə halda 3-cü maddə sözügedən şəxsi həmin ölkəyə deportasiyaya etməmək öhdəliyini nəzərdə tutur (bax: Sörinq Birləşmiş Krallığa qarşı, 7 iyul 1989-cu il tarixli qərar, A seriyaları, c. 161, b. 90-91; Vilvaraca və başqalarının işi üzrə yuxarıda adı çəkilən qərar, b. 103; Əhməd və başqalarının işi üzrə yuxarıda adı çəkilən qərar, b. 39; H.L.R. Fransaya qarşı, 29 aprel 1997-ci il tarixli qərar, Qərar və qərardadlar toplusu, 1997‑III, b. 34; Cabari Türkiyəyə qarşı, ərizə N 40035/98, b. 38, AİHM 2000-VIII; və Salah Şix Niderlanda qarşı, ərizə N 1948/04, b. 135, 11 yanvar 2007).
126. Buna görə də bu cür hallarda Məhkəmə şəxsi qəbul edəcək ölkədəki situasiyanı 3-cü maddənin tələblərinin işığında qiymətləndirməlidir. Bununla belə, söhbət şəxsi qəbul edəcək ölkənin istər beynəlxalq hüququn ümumi normalarına, istərsə də Konvensiyaya və ya digər sənədlərə əsasən məsuliyyəti barədə mülahizə yürütmək və ya həmin məsuliyyəti müəyyən etmək məsələsindən getmir. Konvensiya əsasında hər hansı məsuliyyət yaranıbsa və ya yarana bilərsə, bu iştirakçı dövlətin üzərinə düşən məsuliyyətdir, ona görə ki, fərdin qadağan olunmuş qəddar rəftara məruz qalma riski ilə üzləşməsi iştirakçı dövlətin tədbir görməməsinin birbaşa nəticəsidir (bax: Mamatkulov və Askarov Türkiyəyə qarşı [Böyük Palatanın qərarı], ərizələr N 46827/99 və 46951/99, b. 67, AİHM 2005-I).
127. İşgəncələri və qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəzanı mütləq şəkildə qadağan edən 3-cü maddə demokratik cəmiyyətin təməl dəyərlərindən birini təsbit edir. Konvensiyanın və 1 və 4 saylı Protokolların maddi hüquq müəyyən edən bir çox maddələrindən fərqli olaraq, 3-cü maddə hətta millətin həyatını təhdid edən fövqəladə hallar zamanı 15-ci maddə əsasında yol verilən hər hansı istisnalara və ya öhdəliklərdən geri çəkilmələrə yol vermir (bax: İrlandiya Birləşmiş Krallığa qarşı, 8 yanvar 1978-ci il tarixli qərar, A seriyaları, c. 25, b. 163; Çahalın işi üzrə yuxarıda adı çəkilən qərar, b. 79; Selmuni Fransaya qarşı [Böyük Palatanın qərarı], ərizə N 25803/94, b. 95, AİHM 1999-V; Əl-Adsani Birləşmiş Krallığa qarşı [Böyük Palatanın qərarı], ərizə N 35763/97, b. 59, AİHM 2001-XI; Şamayev və başqaları Gürcüstana və Rusiyaya qarşı, ərizə N 36378/02, b. 335, AİHM 2005-III). İşgəncələrə və qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəzaya qoyulan qadağa qurbanın davranışından asılı olmayaraq mütləqdir (bax: Çahalın işi üzrə yuxarıda adı çəkilən qərar, b. 79), buna görə də ərizəçinin törətdiyi iddia edilən hüquq pozuntusunun xarakteri 3-cü maddənin məqsədləri üçün əhəmiyyət daşımır (bax: İndelikato İtaliyaya qarşı, ərizə N 31143/96, b. 30, 18 oktyabr 2001; və Ramires Sançes Fransaya qarşı [Böyük Palatanın qərarı], ərizə N 59450/00, b. 115-116, 4 iyul 2006).
ii. Konvensiyanın 3-cü maddəsinə zidd olan rəftara məruz qalma riskini qiymətləndirmək üçün istifadə edilən materiallar
128. 3-cü maddəyə zidd olan rəftarın baş verəcəyinə dair real riskin mövcud olduğunu düşünmək üçün əsaslı səbəblərin olub-olmadığını müəyyən edərkən Məhkəmə ona təqdim edilmiş, yaxud da öz təşəbbüsü ilə əldə etdiyi bütün materialları əsas kimi götürür (bax: H.L.R. Fransaya qarşı iş üzrə yuxarıda adı çəkilən qərar, b. 37; və Hilal Birləşmiş Krallığa qarşı, ərizə N 45276/99, b. 60, AİHM 2001-II). Hazırkı işə bənzər işlərdə real riskin mövcudluğunun Məhkəmə tərəfindən araşdırılması ciddi şəkildə aparılmalıdır (bax: Çahalın işi üzrə yuxarıda adı çəkilən qərar, b. 96).
129. Barəsində şikayət edilən tədbir həyata keçiriləcəyi təqdirdə ərizəçinin 3-cü maddəyə zidd rəftara məruz qalacağına dair real riskin mövcud olduğunu düşünmək üçün əsaslı səbəblər olduğunu sübut etməyə qadir olan sübutların təqdim edilməsi prinsipcə ərizəçinin öhdəsinə düşür (bax: N. Finlandiyaya qarşı, ərizə N 38885/02, b. 167, 26 iyul 2005). Bu cür sübut təqdim edildikdə onunla bağlı hər hansı şübhələri dağıtmaq isə Hökumətin öhdəsinə düşür.
130. Qəddar rəftar riskinin olub-olmadığını müəyyən etmək üçün Məhkəmə ərizəçini onu qəbul edəcək ölkəyə göndərməyin öncədən görülə bilən nəticələrini araşdırmalı və bu zaman oradakı ümumi situasiyanı və ərizəçinin şəxsi vəziyyətini nəzərə almalıdır (bax: Vilvaraca və başqalarının işi üzrə yuxarıda adı çəkilən qərar, b. 108, yekun hissə).
131. Konkret ölkədəki ümumi situasiyanı araşdırmaq məqsədi ilə Məhkəmə çox vaxt insan hüquqlarının müdafiəsi üzrə müstəqil beynəlxalq assosiasiyaların, məsələn, Beynəlxalq Amnistiya Təşkilatının, yaxud hökumət mənbələrinin, o cümlədən ABŞ Dövlət Departamentinin son dövrlərə aid hesabatlarında yer alan informasiyaya önəm verir (misal üçün bax: Çahalın işi üzrə yuxarıda adı çəkilən qərar, b. 99-100; Müslim Türkiyəyə qarşı, ərizə N 53566/99, b. 67, 26 aprel 2005; Səid Niderlanda qarşı, ərizə N 2345/02, b. 54, 5 iyul 2005; və Əl-Moayad Almaniyaya qarşı (qərardad), ərizə N 35865/03, b. 65-66, 20 fevral 2007). Eyni zamanda, o, qərara alıb ki, sadəcə şəxsi qəbul edəcək ölkədə nizamsız situasiyanın olması səbəbindən qəddar rəftar ehtimalının mövcud olması özlüyündə 3-cü maddənin pozuntusuna səbəb olmur (bax: Vilvaraca və başqalarının işi üzrə yuxarıda adı çəkilən qərar, b. 111; və Fatqan Katani və başqaları Almaniyaya qarşı (qərardad), ərizə N 67679/01, 31 may 2001) və Məhkəmənin əlində ümumi situasiyanı təsvir edən mənbələr olduqda, onun konkret işdə ərizəçinin konkret iddialarını digər sübutlarla tutuşdurması tələb olunur (bax: Mamatkulov və Askarovun işi üzrə yuxarıda adı çəkilən qərar, b. 73; və Müslimin işi üzrə yuxarıda adı çəkilən qərar, b. 68).
132. Ərizəçinin mütəmadi olaraq qəddar rəftar praktikasına məruz qalan qrupun üzvü olduğunu iddia etdiyi işlərdə Məhkəmə hesab edir ki, ərizəçi əvvəlki bənddə qeyd edilmiş mənbələrin əsasında zərurət yarandığı təqdirdə sözügedən praktikanın mövcud olduğunu və onun sözügedən qrupun üzvü olduğunu düşünmək üçün ciddi səbəblərin olduğunu sübut edərsə, o halda Konvensiyanın 3-cü maddəsinin müdafiə mexanizmi işə düşür (müvafiq dəyişikliklərlə bax: Salah Şixin işi üzrə yuxarıda adı çəkilən qərar, b. 138-149).
133. Tarix məsələsinə gəldikdə, riskin mövcudluğu ilk növbədə şəxsin ölkədən çıxarıldığı tarixdə iştirakçı dövlətin bildiyi və ya bilməli olduğu faktlara istinadən qiymətləndirilməlidir. Lakin əgər Məhkəmə işi araşdırarkən ərizəçi hələ ekstradisiya və ya deportasiya olunmayıbsa, müvafiq tarix Məhkəmədəki icraatın tarixi olacaqdır (bax: Çahalın işi üzrə yuxarıda adı çəkilən qərar, b. 85 və 86; Venkadacalasarma Niderlanda qarşı, ərizə N 58510/00, b. 63, 17 fevral 2004). Adətən bu situasiya o hallarda yaranır ki, hazırkı ildə olduğun kimi, deportasiya və ya ekstradisiya Məhkəmə Reqlamentinin 39-cu Qaydasına uyğun olaraq Məhkəmə tərəfindən qəbul edilmiş ilkin tədbirin nəticəsində ləngiyir (bax: Mamatkulov və Askarovun işi üzrə yuxarıda adı çəkilən qərar, b. 69). Müvafiq olaraq, tarixi faktların cari situasiyaya və onun sonrakı inkişafına işıq salmaq baxımından maraq doğurduğu həqiqət olsa da, hazırkı vəziyyət həlledici amildir.
iii. “İşgəncə” və “qeyri-insani və ya ləyaqəti alçaldan rəftar” anlayışları
134. Məhkəmənin oturuşmuş presedent hüququna əsasən, 3-cü maddənin əhatə dairəsinə düşmək üçün pis rəftar minimal qəddarlıq səviyyəsinə çatmalıdır. Bu minimal səviyyənin qiymətləndirilməsi nisbidir: o, işin bütün hallarından, məsələn, həmin rəftarın davam etmə müddətindən, onun fiziki və ya ruhi təsirlərindən, eləcə də bəzi hallarda qurbanın cinsindən, yaşından və sağlamlıq durumundan asılıdır (digər qərarlar arasında bax: Prays Birləşmiş Krallığa qarşı, ərizə N 33394/96, b. 24, AİHM 2001-VII; Muisel Fransaya qarşı, ərizə N 67263/01, b. 37, AİHM 2002-IX; Yallo Almaniyaya qarşı [Böyük Palatanın qərarı], ərizə N 54810/00, b. 67, 11 iyul 2006).
135. Cəzanın və ya onunla bağlı rəftarın “qeyri-insani” və ya “ləyaqəti alçaldan” hesab olunması üçün iztirab və ya alçalma konkret qanuni rəftar və ya cəza formasından irəli gələn qaçılmaz iztirab və ya alçalma elementinin hüdudlarını aşmalıdır (bax: Labita İtaliyaya qarşı [Böyük Palatanın qərarı], ərizə N 26772/95, b. 120, AİHM 2000-IV).
136. Qəddar rəftarın hər hansı formasının işgəncə kimi tövsif edilməli olub-olmadığının müəyyənləşdirmək üçün 3-cü maddədə bu anlayışla qeyri-insani və ya ləyaqəti alçaldan rəftar anlayışı arasında qoyulan fərqə diqqət yetirilməlidir. Konvensiyada əks olunmuş bu fərq, görünür, ondan ibarətdir ki, yalnız bilərəkdən törədilən və çox ciddi və amansız iztiraba səbəb olan qeyri-insani rəftar xüsusi “işgəncə” anlayışı ilə damğalanır (bax: Aydın Türkiyəyə qarşı, 25 sentyabr 1997-ci il tarixli qərar, Qərar və qərardadlar toplusu 1997-VI, b. 82; və Selmuninin işi üzrə yuxarıda adı çəkilən qərar, b. 96).
b) Yuxarıdakı prinsiplərin hazırkı işə tətbiqi
137. Məhkəmə hər şeydən əvvəl qeyd edir ki, müasir dövrdə dövlətlər öz cəmiyyətlərini terrorizm zorakılığından qorumaq üçün böyük çətinliklərlə üzləşirlər (bax: Çahalın işi üzrə yuxarıda adı çəkilən qərar, b. 79; və Şamayev və başqalarının işi üzrə yuxarıda adı çəkilən qərar, b. 335). Buna görə də o, bu gün terrorizm təhlükəsinin miqyasını və cəmiyyət üçün yaratdığı təhlükəni lazımınca qiymətləndirməyə bilməz. Lakin bu, 3-cü maddənin mütləq xarakterini sual altına almamalıdır.
138. Müvafiq olaraq, Məhkəmə Birləşmiş Krallıq Hökumətinin cavabdeh Hökumət tərəfindən dəstəklənən belə bir arqumentini qəbul edə bilməz ki, Konvensiyanı imzalamış dövlətin bilavasitə rəftarı ilə digər dövlətin hakimiyyət orqanlarının rəftarı arasında 3-cü maddə əsasında fərq qoyulmalıdır və bu sonuncu qəddar rəftar formasına qarşı müdafiə bütövlükdə cəmiyyətin maraqları ilə müqayisədə qiymətləndirilməlidir (yuxarıda 120-ci və 122-ci bəndlərə bax). 3-cü maddə ilə qadağan olunan rəftara qarşı müdafiə mütləq olduğuna görə, həmin maddə dövlətin üzərinə belə bir öhdəlik qoyur ki, hər hansı şəxsin onu qəbul edəcək ölkədə bu cür rəftara məruz qalacağına dair real risk olduğu təqdirdə onu ekstradisiya etməsin və ya ölkədən çıxarmasın. Məhkəmənin dəfələrlə bildirdiyi kimi, bu qaydadan geri çəkilmək olmaz (yuxarıda 127-ci bənddə istinad edilən presedentlərə bax). Buna görə də o, Çahalın işi üzrə qərarda (həmin qərara yuxarıda 81-ci bənddə istinad edilib) bəyan edilmiş belə bir prinsipi bir daha təsdiq etməlidir ki, hətta qəddar rəftar digər dövlət tərəfindən törədildikdə belə, dövlətin 3-cü maddə üzrə məsuliyyətinin yaranıb-yaranmadığını müəyyənləşdirmək üçün qəddar rəftar riskini şəxsin ölkədən çıxarılması üçün irəli sürülən əsaslarla tutuşdurub qiymətləndirmək mümkün deyil. Bu baxımdan müvafiq şəxsin davranışı nə qədər arzuolunmaz və ya təhlükəli olursa-olsun, nəzərə alına bilməz, buradan belə nəticə çıxır ki, 3-cü maddənin təmin etdiyi müdafiə Qaçqınların statusuna dair Birləşmiş Millətlər Təşkilatının 1951-ci il Konvensiyasının 32-ci və 33-cü maddələrinin təmin etdiyi müdafiədən daha genişdir (bax: Çahalın işi üzrə yuxarıda adı çəkilən qərarın 80-ci bəndinə, habelə yuxarıda 63-cü bəndə bax). Üstəlik, bu nəticə Avropa Şurası Nazirlər Komitəsinin insan hüquqlarına və terrorizmə qarşı mübarizəyə dair rəhbər prinsiplərinin IV və XII maddələrinə uyğundur (yuxarıda 64-cü bəndə bax).
139. Məhkəmə hesab edir ki, şəxsin geri qaytarıldığı təqdirdə məruz qalacağı ziyan riskinin geri qaytarılmadığı təqdirdə cəmiyyət üçün təşkil edəcəyi təhlükə ilə balanslaşdırılmasına əsaslanan arqument başa düşülən deyil. Bu kontekstdə “risk” və “təhlükə” anlayışları balanslaşdırma testinə uyuşmur, çünki onlar hər biri yalnız müstəqil surətdə qiymətləndirilə bilən anlayışlardır. Məhkəmə qarşısında irəli sürülmüş sübutlar şəxsin geri qaytarılacağı, yoxsa qaytarılmayacağı təqdirdə əhəmiyyətli riskin mövcud olduğunu aşkara çıxarır. Perspektiv ondan ibarətdir ki, şəxs geri qaytarılmayacağı təqdirdə onun cəmiyyətə ciddi təhlükə yarada bilməsi şəxsin geri qayıtdıqdan sonra məruz qala biləcəyi qəddar rəftar riskinin dərəcəsini heç bir vəchlə azaltmır. Bu baxımdan, fərd cəmiyyətə ciddi təhlükə yaradan şəxs sayıldıqda işə qatılmış üçüncü tərəfin qeyd etdiyi daha yüksək sübutetmə standartını tələb etmək düzgün olmazdı, çünki risk səviyyəsinin qiymətləndirilməsi bu cür şərtdən asılı deyil.
140. Birləşmiş Krallıq Hökumətinin arqumentlərinin ikinci bölümünə, yəni ərizəçi milli təhlükəsizliyə qarşı təhlükə törətdiyi təqdirdə qəddar rəftar riskinin mövcud olduğuna dair daha ciddi sübutların təqdim edilməli olduğu barədə arqumentə gəldikdə (yuxarıda 122-ci bəndə bax), Məhkəmə qeyd edir ki, bu cür yanaşma da 3-cü maddənin təmin etdiyi müdafiənin mütləq xarakterinə ziddir. Həmin yanaşma belə bir iddiaya bərabərdir ki, daha yüksək standarta cavab verən sübut mövcud olmadıqda milli təhlükəsizliyin müdafiəsi zərurəti fərdə qarşı qəddar rəftar riskinin daha asanlıqla qəbul edilməsinə haqq qazandırır. Buna görə də Məhkəmə işə qatılmış üçüncü tərəfin təklif etdiyi kimi müvafiq sübutetmə standartını dəyişmək, yəni hazırkı işə bənzər işlərdə qəddar rəftara məruz qalma ehtimalının “nəinki sadəcə mövcud olduğunun, həm də bu böyük olduğunun” sübut olunmasını tələb etmək üçün heç bir əsas görmür. Əksinə, o bir daha təsdiq edir ki, müvafiq şəxsin onu qəbul edəcək ölkədə 3-cü maddə ilə qadağan olunan rəftara məruz qalacağını düşünmək üçün əhəmiyyətli əsasların göstərilməsi dövlətin planlaşdırdığı məcburi çıxarılma tədbirinin Konvensiyaya zidd olması üçün zəruri və kifayətdir (yuxarıda 125-ci və 132-ci bəndlərə və həmin bəndlərdə istinad edilən presedentlərə bax).
141. Məhkəmə daha sonra qeyd edir ki, işə qatılmış üçüncü tərəfin hazırkı işdə irəli sürdüyü arqumentlərə bənzər arqumentlər artıq Çahalın işi üzrə yuxarıda adı çəkilən qərarda rədd edilib. Hətta İtaliya və Birləşmiş Krallıq Hökumətlərinin iddia etdikləri kimi, həmin vaxtdan bəri terrorizm təhlükəsi atmış olsa belə, bu hal Çahalın işi üzrə qərarında Məhkəmənin 3-cü maddənin mütləq xarakteri ilə bağlı gəldiyi nəticələri sual altına ala bilməz.
142. Bundan başqa, Məhkəmə tez-tez qeyd edib ki, şəxs ekstradisiya, xaric edilmə və ya bu məqsədi daşıyan hər hansı digər tədbir vasitəsilə cavabdeh dövlətin ərazisindən çıxarıldığı hallarda o, qəddar rəftara dair real riskin mövcudluğunu qiymətləndirərkən ciddi meyarlar tətbiq edir və ciddi yoxlama həyata keçirir (bax: Cabarinin işi üzrə yuxarıda adı çəkilən qərar, b. 39). Həmin riskin qiymətləndirilməsi müəyyən dərəcədə nəzəri olsa da, Məhkəmə həmişə bu məsələyə ehtiyatla yanaşaraq 39-cu Qayda əsasında ilkin tədbiri müəyyən etməzdən və ya ərazidən çıxarılmanın Konvensiyanın 3-cü maddəsinə zidd olacağı qənaətinə gəlməzdən əvvəl qarşısındakı materialları zəruri sübutetmə standartının işığında diqqətlə araşdırır (yuxarıda 128-ci və 132-ci bəndlərə bax). Nəticədə Çahalın işi üzrə qərarın qəbulundan bəri o, yalnız nadir hallarda bu cür qənaətə gəlir.
143. Hazırkı işdə Məhkəmə ilk növbədə Beynəlxalq Amnistiya Təşkilatının və “Human Rayts Votç” Təşkilatının Tunis haqqında hesabatlarını nəzərə alıb (yuxarıda 65-79-cu bəndlərə bax), orada narahatedici situasiya təsvir edilib. Həmin hesabatlardakı nəticələr ABŞ Dövlət Departamentinin hesabatı ilə təsdiqlənib (yuxarıda 82-93-cu bəndlərə bax). Xüsusən bu hesabatlarda Terrorizmin qarşısının alınması haqqında 2003-cü il Qanunu əsasında təqsirləndirilən şəxslərə tətbiq edilən çoxsaylı və mütəmadi işgəncə halları qeyd olunur. Hesabatda qeyd olunan cəza praktikalarına (deyilənlərə görə onlar polis həbsxanasında olan şəxslərə onlardan etirafların alınması üçün tətbiq edilir) bunlar daxildir: tavandan asma, zorlama ilə hədələmə, elektroşokun tətbiqi, qurbanın başını suya salınması, döymə və bəndəni siqaretlə yandırma – bütün bunlar, şübhəsiz ki, 3-cü maddənin tələb etdiyi qəddarlıq səviyyəsinə çatan cəza praktikalardır. Hesabatda məlumat verilir ki, işgəncə və qəddar rəftar iddiaları Tunisin səlahiyyətli orqanları tərəfindən araşdırılmır, onlar şikayətlərə baxmaqdan imtina edir və məcburiyyət altında ittiham hökmlərini təmin etmək üçün alınmış etiraflardan mütəmadi olaraq istifadə edirlər (yuxarıda 68, 71, 73-75, 84 və 86-cı bəndlərə bax). Bu hesabatların müəlliflərinin nüfuz və reputasiyasını, həmin hesabatların kökündə ciddi araşdırmaların durduğunu, sözügedən məsələlər barədə onların gəldiyi nəticələrin bir-birinə uyğun olduğunu və həmin nəticələrin mahiyyətcə çoxsaylı başqa mənbələrlə tutuşdurulduğunu nəzərə alaraq (yuxarıda 94-cü bəndə bax), məhkəmə onların etibarlılığına şübhə etmir. Bundan başqa, cavabdeh dövlət ərizəçinin istinad etdiyi mənbələrdəki iddiaları təkzib edən hər hansı sübut və ya məlumat təqdim etməyib.
144. Ərizəçi beynəlxalq terrorizmdə iştiraka görə İtaliyada cinayət təqibinə məruz qalıb və “beynəlxalq terrorizmlə mübarizə üçün təcili tədbirlər” adlanan 27 iyul 2005-ci il tarixli 144 saylı Qanunvericilik Dekretinə əsasən ona qarşı deportasiya qərarı qəbul edilib (yuxarıda 32-ci bəndə bax). Eləcə də o, dinc dövrdə xaricdə fəaliyyət göstərən terror təşkilatında üzvlüyə və terrorizmə təhrikçiliyə görə Tunisdə qiyabi olaraq iyirmi il azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. Həmin hökmün mövcudluğu Beynəlxalq Amnistiya Təşkilatının 19 iyun 2007-ci il tarixli açıqlamasında da təsdiq edilib (yuxarıda 71-ci bəndə bax).
145. Məhkəmə daha sonra qeyd edir ki, tərəflər məsələsində ərizəçinin Tunisdəki məhkəmə prosesinin təzələnməsinin mümkünlüyü məsələsi barədə razılığa gəlməyiblər. Ərizəçi iddia etdi ki, ittiham hökmünü dayandırmaq qüvvəsinə malik bilən apellyasiya şikayəti verməsi mümkün deyil, hətta o bunu edə bilsəydi belə, Tunis hakimiyyət orqanları onu qətimkan tədbiri qismində həbsxanaya sala bilərdilər (aşağıda 154-cü bəndə bax).
146. Belə olan halda Məhkəmə hesab edir ki, hazırkı işdə ərizəçinin Tunisə deportasiya olunacağı təqdirdə Konvensiyanın 3-cü maddəsinə zidd olan rəftara məruz qala biləcəyinə dair real riskin mövcud olduğunu düşünmək üçün əhəmiyyətli əsaslar gətirilib. Bu risk Məhkəmənin əlində olan digər material əsasında da istisna oluna bilməz. Konkret olaraq, Beynəlxalq Qırmızı Xaç Komitəsi Tunis həbsxanalarına səfər etmək imkanına malik olsa da, bu humanitar təşkilatdan bu sahədəki işini konfidensial saxlaması tələb olunub (yuxarıda 80-ci bəndə bax) və 2005-ci ildə götürülmüş öhdəliyə baxmayaraq, insan hüquqlarının müdafiəsi üzrə müstəqil təşkilat olan “Human Rayts Votç” təşkilatının analoji səfər hüquqları rədd edilib (yuxarıda 76-cı və 90-cı bəndlərə bax). Bundan başqa, barəsində məlumat verilən bəzi işgəncə aktları qurbanlar polis həbsxanasında olarkən və ya Daxili İşlər Nazirliyinin nəzdindəki həbsxanalarda olduqları zaman verilib (yuxarıda 86-cı və 94-cü bəndlərə bax). Müvafiq olaraq, Beynəlxalq Qırmızı Xaç Komitəsinin səfərləri hazırkı işdə 3-cü maddəyə zidd olan rəftara məruz qalma riskini istisna edə bilməzdi.
147. Məhkəmə daha sonra qeyd edir ki, 29 may 2007-ci ildə hazırkı şikayət ərizəsi onun icraatında olarkən İtaliya Hökuməti İtaliyanın Tunisdəki səfirliyi vasitəsilə Tunis Hökumətindən xahiş etdi ki, ərizəçinin Konvensiyanın 3-cü maddəsinə zidd olan rəftara məruz qalmayacağına dair diplomatik təminatlar versin (yuxarıda 51-ci və 52-ci bəndlərə bax). Lakin Tunis hakimiyyət orqanları belə təminatlar vermədilər. İlk öncə onlar sadəcə bildirdilər ki, xaricdə olan tunislilərin Tunisə köçürülməsini təşkil etməyə hazırlaşırlar (yuxarıda 54-cü bəndə bax). Yalnız 10 iyul 2007-ci il tarixli ikinci verbal notada (yəni Böyük Palatadakı dinləməyə bir gün qalmış) Tunis Xarici İşlər Nazirliyi qeyd etdi ki, Tunis qanunları məhbusların hüquqlarına təminat verir və Tunis “müvafiq beynəlxalq müqavilələrə və konvensiyalara qoşulub” (yuxarıda 55-ci bəndə bax). Bununla bağlı Məhkəmə qeyd edir ki, əgər hazırkı işdə olduğu kimi mötəbər mənbələr hakimiyyət orqanlarının Konvensiyanın prinsiplərinə açıq-aşkar zidd olan əl atdığı və dözümlülüklə yanaşdığı praktikalar barədə məlumat verirlərsə, onda prinsipcə dövlətdaxili qanunların mövcudluğu və təməl insan hüquqlarına hörməti təmin edən beynəlxalq müqavilələrə qoşulma özlüyündə qəddar rəftar riskinə qarşı adekvat müdafiəni təmin etmək üçün yetəli deyil.
148. Bundan başqa, qeyd etmək lazımdır ki, hətta hazırkı işdə olduğundan fərqli olaraq Tunis hakimiyyət orqanları İtaliyanın istədiyi diplomatik təminatları verəcəklərini vəd etsəydilər belə, bu, Məhkəməni həmin təminatların praktikada tətbiq edilməklə yerinə yetirilib-yetirilmədiyini və ərizəçinin Konvensiya ilə qadağan olunan rəftara məruz qalma riskindən müdafiə olunacağını yetərincə təmin edib-etmədiyini yoxlamaq öhdəliyindən azad etməyəcəkdi (bax: Çahalın işi üzrə yuxarıda adı çəkilən qərar, b. 105). Şəxsi qəbul edəcək ölkənin verdiyi təminatların ciddi hesab olunması hər bir halda həmin dövrdə bu ölkədə mövcud olan vəziyyətdən asılıdır.
149. Müvafiq olaraq, ərizəçinin Tunisə deportasiya olunması barədə qərar icra olunacağı təqdirdə Konvensiyanın 3-cü maddəsi pozulmuş olacaq.
II. KONVENSİYANIN 6-cı MADDƏSİNİN İDDİA EDİLƏN POZUNTUSU
150. Ərizəçi iddia etdi ki, ona qarşı Tunisdəki cinayət prosesi ədalətli olmayıb və onun ölkədən çıxarılması onun ədalət mühakiməsi hüququnun kobudcasına rədd edilməsi riskini doğuracaq. O, Konvensiyanın 6-cı maddəsinə istinad etdi, həmin maddənin müvafiq hissəsində deyilir:
“1. Hər kəs, ... ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, ... müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ... işinin ədalətli ... hüququna malikdir.
...
3. Cinayət törətməkdə ittiham olunan hər kəs, ən azı aşağıdakı hüquqlara malikdir:
a) ona qarşı irəli sürülmüş ittihamın xarakteri və əsasları haqqında onun başa düşdüyü dildə dərhal və ətraflı məlumatlandırılmaq;
b) öz müdafiəsini hazırlamaq üçün kifayət qədər vaxta və imkana malk olmaq;
c) şəxsən və ya özünün seçdiyi müdafiəçi vasitəsilə özünü müdafiə etmək və ya müdafiəçinin xidmətini ödəmək üçün vəsaiti kifayət etmədiyi zaman, ədalət mühakiməsinin maraqları tələb etdikdə belə müdafiədən pulsuz istifadə etmək;
d) onun əleyhinə ifadə vermiş şahidləri dindirmək və ya bu şahidlərin dindirilməsinə nail olmaq və onun əleyhinə ifadə vermiş şahidlər üçün eyni olan şərtlərlə onun lehinə olan şahidlər çağırmaq və dindirməyə nail olmaq;
e) məhkəmədə istifadə olunan dili başa düşmürsə və ya bu dildə danışa bilmirsə tərcüməçinin pulsuz köməyindən istifadə etmək”.
151. Hökumət bu arqumenti rədd etdi.
A. Şikayətin qəbul edilənliyi
152. Məhkəmə qeyd edir ki, bu şikayət Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndində nəzərdə tutulan mənada açıq-aydın əsassız deyil. O, daha sonra qeyd edir ki, o, hər hansı digər əsaslara görə də qəbul olunmayan deyil. Buna görə də o, qəbul olunan elan edilməlidir.
B. Şikayətin mahiyyəti
1. Tərəflərin arqumentləri
a) Ərizəçi
153. Ərizəçi bildirdi ki, Tunisdə ədalət mühakiməsi hüququnun rədd edilməsinə dair ciddi risk mövcud idi, orada beynəlxalq hüququn verdiyi minimal təminatlara məhəl qoyulmurdu. İtaliyada terrorizm fəaliyyətlərində təqsirləndirilən bütün tunislilərin repatriasiya olunduqdan sonra məhkəmələri ədalətsiz keçirilmişdi. Ərizəçi bu baxımdan səciyyəvi olan cənab Lubiri Həbibin işinə istinad etdi, o, terrorizm ittihamları üzrə İtaliya məhkəmələri tərəfindən bəraət almış, amma Tunisdə həbsxanaya salınmış və ailəsini görmək imkanından məhrum edilmişdi. Cənab Lubiri Tunisdə məhkum edilməsi ilə nəticələnmiş cinayət prosesinin nəticələrinə “yenidən baxılmasına” nail olmuş, lakin Tunisdəki Yüksək Hərbi Məhkəmədə yenidən baxılma proseduru onun cəza müddətinin əhəmiyyətli dərəcədə (on ildən on üç ilədək) artırılması ilə nəticələnmişdi.
154. Ərizəçi daha sonra qeyd etdi ki, hökmün onun qiyabi surətdə məhkum olunduğunu elan edən hissəsi 2 iyul 2005-ci ildə atası cənab Məhəmməd Şərifə təqdim olunub. Nəticədə apellyasiya şikayəti vermək mümkün olmayıb. İstənilən halda, hətta apellyasiya şikayətinin mümkünlüyünü və həmin şikayətin hökmün icrasını dayandıracağını fərz etsək belə, bu, Tunisin hakimiyyət orqanlarının qətimkan tədbiri qismində onu həbsxanaya salmalarının qarşısını almayacaqdı. Üstəlik, Tunisdə siyasi məhbusların mülki hüquqlarının ciddi pozuntularını nəzərə alsaq, hətta vaxtı keçmiş apellyasiya şikayətinin nəzəri cəhətdən mümkünlüyü ərizəçinin ədalət mühakiməsi hüququnun kobudcasına rədd edilməsi riskini istisna etməyəcəkdi. Bundan əlavə, bu cür şikayətə baxmaq səlahiyyəti olan məhkəmənin mülki və ya hərbi apellyasiya məhkəməsi olacağı tam müəyyənliklə bəlli deyildi.
155. Nəhayət, ərizəçi qeyd etdi ki, məhkəmə prosesi Tunisdə hərbi məhkəmədə keçirilib və bu cür prosesdə müttəhimin hər hansı sübut təqdim etmək, özünə vəkil təyin etmək və ya məhkəmədə çıxış etmək imkanı yoxdur. Üstəlik, hazırkı işdə nə ərizəçinin ailəsi, nə də vəkilləri hərbi məhkəmənin hökmünü əldə edə bilməyiblər (yuxarıda 30-cu bəndə bax).
b) Hökumət
156. Hökumət iddia etdi ki, işin materialları arasında Tunisdə ərizəçiyə qarşı çıxarılmış hökmün əsli və ya təsdiq edilmiş surəti olmadığına görə onun təqdim etdiyi məlumatın düzgün olub-olmadığını yoxlamaq mümkün deyil. O, daha sonra bildirdi ki, ölkədən çıxarılma yalnız müstəsna hallarda, məsələn, şəxsi qəbul edəcək ölkədə hər hansı ittiham hökmünün onun ədalət mühakiməsi hüququnun “kobudcasına” rədd edilməsinə bərabər olduğu açıq-aşkar bəlli olduğu hallarda iştirakçı dövlətin 6-cı maddə üzrə məsuliyyətini doğura bilər, hazırkı işdə isə belə deyildi. Digər tərəfdən, iştirakçı dövlətdən tələb olunmur ki, onun ərazisi xaricində keçirilmiş məhkəmə prosesinin 6-cı maddədə təsbit olunmuş şərtlərin hər birinə cavab verib-vermədiyini müəyyən etsin. Bunun əksini düşünmək Məhkəmənin özü tərəfindən həvəsləndirilən cari tendensiyaya – ədalət mühakiməsi sahəsində beynəlxalq qarşılıqlı yardım tendensiyasına zidd olardı.
157. Tunis qanunvericiliyinin müvafiq müddəalarına əsasən, qiyabi şəkildə məhkum olunmuş şəxs məhkəmə prosesinin təzələnməsi hüququna malikdir. Məhkəmə prosesinin təzələnməsi hüququ müvafiq vaxtda və 6-cı maddənin tələblərinə uyğun olaraq həyata keçirilə bilər. Konkret olaraq, qiyabi surətdə məhkum olunmuş xaricdə yaşayan şəxs qiyabi hökm ona təqdim edildikdən sonra otuz gün müddətində apellyasiya şikayəti verə bilər. Bu cür təqdim edilmə baş vermədikdə, apellyasiya şikayəti həmişə qəbul oluna və hökmün icrasını dayandıra bilər. Bundan başqa, qiyabi ittiham hökmünə qarşı apellyasiya şikayəti verilməsinin mümkünlüyü Tunis Ədliyyə Nazirliyinin beynəlxalq əməkdaşlıq şöbəsinin müdirinin bu məsələ ilə bağlı hamını əmin edən bəyanatları ilə də təsdiq olunub (yuxarıda 40-cı bəndə bax). Bundan əlavə, ərizəçi Tunis qanunvericiliyinin müvafiq müddəalarının işığında onun məhkəməsinin ədalətli məhkəmə araşdırması prinsiplərinə zidd olaraq həyata keçirildiyini düşünmək üçün əhəmiyyətli əsaslar olduğunu göstərən hər hansı sübut təqdim etməyib.
158. Hamı razılaşır ki, Konvensiyanın iştirakçısı olan dövlətlərdə işin hərbi məhkəmələrdə icraatı 6-cı üzrə məsələləri doğura bilər. Lakin ölkədən çıxarılma işində ərizəçi onun ədalət mühakiməsi hüququnun “kobudcasına” rədd edildiyini sübut etməlidir. Bu işdə bu cür sübut təqdim edilməyib. Bundan əlavə, 2003-cü ilin dekabrında Tunis mülki şəxslər tərəfindən törədilmiş terrorizm cinayətləri ilə bağlı daxili qanunvericilik müddəalarına dəyişikliklər edib, nəticədə hərbi hakimlər mülki hakimlərlə əvəz olunub və işin istintaqını aparan hakim istintaqda iştirak edib.
159. Nəhayət, Hökumət iddia etdi ki, ərizə tərəfindən istinad edilən cənab Lubrinin işinin bu işə aidiyyəti yoxdur, çünki apellyasiya şikayətindən sonra cəza müddətinin artırılması hətta Konvensiyaya ciddi əməl edən ölkələrdə də baş verə bilən bir haldır.
2. Məhkəmənin qiymətləndirməsi
160. Məhkəmə gəldiyi belə bir nəticəni xatırladır ki, ərizəçinin Tunisə deportasiyası Konvensiyanın 3-cü maddəsinin pozuntusunu təşkil edəcək (yuxarıda 149-cu bəndə bax). O, cavabdeh Hökumətin bu qərara əməl edəcəyinə şübhəsi olmadığını bildirərək, hesab edir ki, Tunisə göndərilmə baş verəcəyi təqdirdə Konvensiyanın 6-cı maddəsinin pozulub-pozulmayacağı kimi hipotetik məsələni həll etməyə ehtiyac yoxdur.
III. KONVENSİYANIN 8-ci MADDƏSİNİN İDDİA EDİLƏN POZUNTUSU
161. Ərizəçi iddia etdi ki, onun Tunisə göndərilməsi qadınını və oğlunu onunla birgə olmaqdan və onun yardımından məhrum edəcək. O, Konvensiyanın 8-ci maddəsinə istinad etdi, həmin maddədə deyilir:
“1. Hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir.
2. Milli təhlükəsizlik və ictimai asayiş, ölkənin iqtisadi rifah maraqları naminə, iğtişaşın və ya cinayətin qarşısını almaq üçün sağlamlığı, yaxud mənəviyyatı mühafizə etmək üçün və ya digər şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan hallar istisna olmaqla, dövlət hakimiyyəti orqanları tərəfindən bu hüququn həyata keçirilməsinə mane olmağa yol verilmir”.
162. Hökumət bu arqumenti rədd etdi.
A. Şikayətin qəbul edilənliyi
163. Məhkəmə qeyd edir ki, bu şikayət Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndində nəzərdə tutulan mənada açıq-aydın əsassız deyil. O, daha sonra qeyd edir ki, şikayət hər hansı digər əsaslara görə də qəbul olunmayan deyil. Buna görə də o, qəbul olunan elan edilməlidir.
B. Şikayətin mahiyyəti
1. Tərəflərin arqumentləri
a) Ərizəçi
164. Ərizəçi qeyd etdi ki, onun İtaliyada ailə əlaqələrinə malikdir, onun ölkədən məcburi çıxarılması həmin əlaqələri şübhə altına alacaq: o, 1998-ci ildən bəri xanım V. ilə yaşayıb; növbəti ildə onların uşağı dünyaya gəlib. Həmin vaxt o, artıq yaşayış icazəsi üçün müraciət etmişdi, amma icazə 2001-ci ilədək verilmədi. Həmin icazənin müddəti bitdikdə o, iş tapmaqdan ötrü hüquqi vəziyyətini nizama salmaq üçün uğursuz cəhd etdi. Ərizəçinin uşağı İtaliyada məktəbə gedir, Tunisdə isə bu, mümkün olmayacaq, orada ərizəçinin həbsxanaya salınma və ya hətta ölüm riski altında olacaq. Xanım V. tez-tez xəstəxanaya aparılmasını zəruri edən və Tunisə səfər etməsinə mane olan ciddi işemiya formasından əziyyət çəkdiyinə görə təxminən bir ildir ki, işdən çıxıb. Buna görə də ərizəçi ailənin yeganə maliyyə dəstəyi mənbəyidir.
165. Ərizəçinin beynəlxalq terrorizm ittihamı üzrə birinci instansiya məhkəməsi tərəfindən bəraət alması onun cəmiyyətə qarşı təhlükə təşkil etdiyinə dair hər hansı iddianı təkzib edir. İşdən bəlli olduğu kimi, bu, ona qarşı məhkəmə prosesində çıxarılmış yeganə qərardır, çünki apellyasiya prosesi hələ başa çatmayıb. Hökumət tərəfindən hər hansı yeni sübut təqdim edilməyib.
166. Bundan başqa, hakimiyyət orqanları ərizəçini nəzarət altında saxlamaq üçün bir çox digər vasitələrə malikdirlər, ölkədən çıxarılma yalnız müstəsna hallarda qəbul edilməli olan tədbirdir. Bununla bağlı ərizəçi qeyd etdi ki, 3 noyabr 2006-cı ildən bəri o, həftədə üç dəfə Milandakı polis bölməsinə hesabata verməli olub və İtaliya ərazisini tərk etmək ona qadağan edilib (yuxarıda 43-cü bəndə bax). O, həmişə bu öhdəliklərdən şikayət edib və iddia etdiyinə görə nəqliyyata lisenziya verən orqan (motorizzazione civile) tərəfindən qanunsuz olaraq əlindən alınmış sürücülük vəsiqəsinin ona qaytarılması imkanını bu yolla əldə edib.
b) Hökumət
167. Hökumət bildirdi ki, aşağıdakı faktlar nəzərə alınmalıdır: a) ərizəçinin ailəsi onun İtaliyada qanunsuz yaşadığı zaman yaranıb, belə ki, onun 1999-cu ildə italiyalı qadından oğlu vardı, halbuki 29 dekabr 2001-ci ilədək ona ailə səbəblərinə görə yaşayış icazəsi verilməmişdi; b) uşağın İtaliyada məktəbə getdiyi müddət o qədər uzun deyil və onun İtaliya mədəniyyətinə əhəmiyyətli bağlılığı yoxdur (hazırda o, ibtidai məktəbin ikinci sinfindədir), buna görə də o, məktəbə getməsini Tunisdə davam etdirə bilər; c) ərizəçi heç vaxt xanım V. ilə və oğlu ilə yaşamayıb: onlar 7 oktyabr 2002-ci ilədək Arlunoda yaşayıblar, bundan sonra Milana köçüblər, ərizəçi isə heç vaxt Arlunoda yaşamayıb, tez-tez xaricə gedib, 9 oktyabr 2002-ci ildə həbs olunub və müsəlman nikah mərasimi ilə başqa bir qadınla evlənib (yuxarıda 57-ci bəndə bax); d) nə ərizəçinin, nə də xanım V.-nin İtaliyada işləmədiyini nəzərə alsaq, birgə ailə həyatı İtaliya ərazisindən kənarda mühafizə edilə bilər.
168. Ərizəçinin ailə həyatına müdaxilənin daxili qanunvericilikdə, yəni 2005-ci il tarixli 155 saylı Qanunda nəzərdə tutulmuş qanuni əsası vardı. Bundan əlavə, öz şəxsiyyəti ilə və terrorizm təhlükəsi ilə əlaqədar olaraq ərizəçinin milli təhlükəsizliyə qarşı təhlükə təşkil etməsinin mənfi təsiri nəzərə alınmalı, xüsusən də ciddi cinayətlərin və iğtişaşların qarşısının alınmasının mühümlüyünə xüsusi diqqət yetirilməlidir. Buna görə də ərizəçinin ailə həyatına hörmət hüququna müdaxilə qanuni məqsəd daşıyıb və demokratik cəmiyyətdə zəruri olub.
169. Bundan əlavə, ərizəçinin ailəsinin üzərinə heç bir qeyri-mütənasib və ya həddən artıq ağır vəzifə qoyulmayıb. Cinayətkarlığın qarşısının alınması siyasəti kontekstində qanunverici orqan mövcud ictimai maraqlar problemini müəyyən etməkdə və fərdi tədbirin tətbiqi üçün atılacaq addımları seçməkdə geniş sərbəstliyə malik olmalıdır. Terrorizm xarakterli mütəşəkkil cinayətkarlıq İtaliyada və Avropada o qədər həyəcan doğuran həddə çatıb ki, qanunun aliliyi təhlükə altına düşüb. Bu fenomenə qarşı səmərəli mübarizə üçün inzibati tədbirlər (məsələn, deportasiya) zəruri olub. Deportasiya şübhəli şəxsin terrorçu təşkilatlara dəstək verdiyinə və ya onlara kömək etdiyinə dair “yetərli sübutun” mövcudluğunu nəzərdə tutur. Daxili işlər naziri sadəcə şübhələrə əsaslana bilməzdi, o, faktları müəyyən etməli və onların obyektivliyini qiymətləndirməli idi. İşdəki bütün materiallar belə düşünməyə əsas verir ki, bu qiymətləndirə hazırkı işdə düzgün olub və əsassız olmayıb. İnzibati deportasiya prosesində istifadə edilmiş sübutlar Milan Andlılar Məhkəməsində açıq və çəkimə xarakterli prosesin gedişində müəyyən edilib. Həmin cinayət prosesi zamanı ərizəçi maraqlarının qorunması üçün vəkili vasitəsilə zəruri saydığı etirazları bildirmək və sübutları təqdim imkanına malik olub.
2. Məhkəmənin qiymətləndirməsi
170. Məhkəmə gəldiyi belə bir nəticəni xatırladır ki, ərizəçinin Tunisə deportasiyası Konvensiyanın 3-cü maddəsinin pozuntusunu təşkil edəcək (yuxarıda 149-cu bəndə bax). O, cavabdeh Hökumətin bu qərara əməl edəcəyinə şübhəsi olmadığını bildirərək, hesab edir ki, Tunisə göndərilmə baş verəcəyi təqdirdə Konvensiyanın 8-ci maddəsinin də pozulacağı kimi hipotetik məsələni həll etməyə ehtiyac yoxdur.
IV. 7 SAYLI PROTOKOLUN 1-ci MADDƏSİNİN İDDİA EDİLƏN POZUNTUSU
171. Ərizəçi bildirdi ki, ölkədən çıxarılması nə “ictimai qaydanın maraqları üçün zəruridir”, nə də “milli təhlükəsizlik əsasları ilə şərtləndirilir”. O, 7 saylı Protokolun 1-ci maddəsinin pozulduğunu iddia etdi, həmin maddədə deyilir:
“1. Qanuni əsaslarla dövlətin ərazisində yaşayan əcnəbi, qanuna müvafiq qəbul olunmuş qərarların icrası istisna olmaqla, oradan çıxarıla bilməz və onun aşağıdakı imkanları olmalıdır:
a) özünün çıxarılmasına qarşı arqumentlər təqdim etmək;
b) öz işinə yenidən baxılmasını tələb etmək; və
c) bu məqsədlərlə görə səlahiyyətli orqan qarşısında və ya belə orqanların təyin etdiyi şəxs, yaxud şəxslər qarşısında təmsil olunmaq.
2. Çıxarılma ictimai qaydanın maraqları üçün zəruri olduqda və ya milli təhlükəsizlik əsasları ilə şərtləndirildikdə, əcnəbi bu maddənin 1-ci bəndinin a, b və c yarımbəndlərində sadalanan hüquqlarına əməl edilməmişdən əvvəl çıxarıla bilər”.
172. Hökumət bu arqumenti rədd etdi.
A. Şikayətin qəbul edilənliyi
173. Məhkəmə qeyd edir ki, bu şikayət Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndində nəzərdə tutulan mənada açıq-aydın əsassız deyil. O, daha sonra qeyd edir ki, şikayət hər hansı digər əsaslara görə də qəbul olunmayan deyil. Buna görə də o, qəbul olunan elan edilməlidir.
B. Şikayətin mahiyyəti
1. Tərəflərin arqumentləri
a) Ərizəçi
174. Ərizəçi bildirdi ki, İtaliya ərazisində qanuni olaraq yaşayıb. O, iddia etdi ki, ölkədə “qanuni əsaslarla yaşama” tələbi deportasiya qərarının çıxarıldığı vaxt mövcud olan vəziyyət nəzərə alınmaqla qiymətləndirilməlidir. Həbs edilərkən onun qanuni qüvvəyə malik yaşayış icazəsi vardı, icazənin müddəti yalnız ona görə keçmişdi ki, o, həbsxanada idi. Sonradan o, hüquqi vəziyyətini nizama salmağa cəhd etdi, amma müvəqqəti saxlama mərkəzinə salınması ucbatından bunu edə bilmədi.
175. İndi ərizəçinin hüquqi vəziyyəti nizama salına bilərdi, çünki terrorizm ittihamları onun məhkum olunması ilə nəticələnməmişdi, o, italiyalı qadını və oğlunu ilə birgə yaşayırdı və işləmək imkanına malik idi. Lakin onun ata biləcəyi hər hansı inzibati addımı belə bir fakt əngəlləyir ki, onun vətəndaşlığını sübut edən sənədi yoxdur və Tunis hakimiyyət orqanlarından onu heç vaxt ala bilməyəcək (yuxarıda 45-ci bəndə bax).
176. Ərizəçi bildirdi ki, 7 saylı Protokolun 1 (a), (b), və (c) bəndlərində sadalanan hüquqlarının həyata keçirilməsinə maneə yaradılıb, halbuki onun ölkədən çıxarılması “ictimai qaydanın maraqları üçün zəruri” və ya “milli təhlükəsizlik əsasları ilə şərtləndirilən” tədbir sayıla bilməz. O, bununla bağlı qeyd etdi ki, daxili işlər nazirinin mülahizələri beynəlxalq terrorizm ittihamı üzrə ona bəraət vermiş Milan Andlılar Məhkəməsinin mülahizələrinə ziddir. İstənilən halda, Hökumət milli təhlükəsizlik və ya ictimai qayda üçün təhlükələrin mövcud olduğuna dair hər hansı sübut təqdim etməyib, buna görə də onun ölkədən çıxarılması məqsədi ilə müvəqqəti saxlama mərkəzində saxlanılması barədə qərar “qanunsuz” idi.
b) Hökumət
177. Hökumət qeyd etdi ki, 7 saylı Protokolun 1-ci maddəsinə əlavə olunmuş izahedici qeydə uyğun olaraq, “qanuni” sözü müvafiq dövlətin daxili qanunvericiliyinə istinadı bildirir. Buna görə də şəxsin dövlətin ərazisində olmasının “qanuni” sayılması üçün həmin şəxsin cavab verməli olduğu şərtləri məhz daxili qanunvericilik müəyyən etməlidir. Konkret olaraq, ölkəyə girişi və orada qalması müəyyən şərtlərdən asılı edilən, məsələn, müəyyən müddət ilə şərtləndirilən əcnəbi daha həmin şərtlərə cavab vermirsə, həmin dövlətin ərazisində “qanuni” əsaslarla olan şəxs sayıla bilməz. Hələ deportasiya qərarından əvvəlki tarixdən, 11 oktyabr 2002-ci ildən sonra daha onun İtaliyada qalmasına imkan verən hüquqi qüvvəyə malik yaşayış icazəsi yox idi. Buna görə də o, 7 saylı Protokolun 1-ci maddəsində nəzərdə tutulan mənada “qanuni əsaslarla dövlətin ərazisində yaşayan əcnəbi” deyildi, buna görə də bu maddə onun işinə tətbiq edilə bilməz.
178. Hökumət daha sonra qeyd etdi ki, deportasiya qərarı müvafiq qanunvericiliklə müəyyən olunmuş normalara uyğun olaraq qəbul edilib, həmin normalar deportasiya üçün sadəcə inzibati qərarın olmasını tələb edir. Sözügedən qanunvericilik anlaşılan idi, onun nəticələrini öncədən görmək mümkün idi və o, dövlət hakimiyyəti orqanlarının qanunsuz müdaxilələrinə qarşı lazımi dərəcədə müdafiəni təmin edirdi. Ərizəçi həmçinin “minimal prosessual təminatlardan” yararlanmaq imkanına malik idi. O, barışıq hakiminin qarşısında və Regional İnzibati Məhkəmədə vəkillə təmsil olunmuşdu və deportasiya olunmamaq arqumentini əsaslandıran dəlillərini təqdim etmək imkanına malik idi. Həmçinin ərizəçi Konvensiyanın tələb etdiyi bütün təminatların olduğu çəkişmə xarakterli məhkəmə prosesindən sonra dörd il altı ay müddətinə azadlıqdan məhrum edilərkən ona qarşı deportasiya qərarı qəbul edilmişdi.
179. İstənilən halda, Hökumət bildirdi ki, ərizəçinin deportasiyası milli təhlükəsizlik maraqları və iğtişaşların qarşısının alınması tələbləri üçün zəruri idi. O, ərizəçiyə qarşı cinayət prosesi zamanı açıq məhkəmə iclasında təqdim edilmiş informasiyaların işığında bu tələblərin haqlı olduğunu iddia etdi və qeyd etdi ki, inzibati tədbirin qəbul edilməsi üçün tələb olunan sübutetmə standartı (2005-ci il tarixli 144 saylı Qanunvericilik Dekreti əsasında daxili işlər naziri tərəfindən qəbul edilmiş deportasiya qərarı) cinayət işi üzrə ittiham hökmü üçün tələb olunan standartdan daha aşağı idi. Dövlət hakimiyyəti orqanlarının xatırlatdığı faktların əleyhinə açıq-aydın zidd olan hər hansı nəticəyə gəlməyə əsas olmadığına görə Məhkəmə onları təsdiq etməlidir.
2. Məhkəmənin qiymətləndirilməsi
180. Məhkəmə gəldiyi belə bir nəticəni xatırladır ki, ərizəçinin Tunisə deportasiyası Konvensiyanın 3-cü maddəsinin pozuntusunu təşkil edəcək (yuxarıda 149-cu bəndə bax). O, cavabdeh Hökumətin bu qərara əməl edəcəyinə şübhəsi olmadığını bildirərək, hesab edir ki, Tunisə göndərilmə baş verəcəyi təqdirdə 7 saylı Protokolun 1-ci maddəsinin də pozulacağı kimi hipotetik məsələni həll etməyə ehtiyac yoxdur.
V. KONVENSİYANIN 41-ci MADDƏSİNİN TƏTBİQİ
181. Konvensiyanın 41-ci maddəsində deyilir:
“Əgər Məhkəmə Konvensiya və onun Protokollarının pozulduğunu, lakin Razılığa gələn Yüksək Tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edirsə, Məhkəmə zəruri halda, zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsini təyin edir”.
A. Ziyan
182. Ərizəçi ilk növbədə gəlirlərini itirdiyinə görə 20.000 avro tələb etdi. O, qeyd etdi ki, deportasiya qərarı onu qeyri-müəyyən vəziyyətə salıb, o, Milanda müvəqqəti saxlama mərkəzində üç ay ərzində qanunsuz olaraq saxlanılıb və bu onun əmək fəaliyyəti ilə məşğul olmasının qarşısını alıb.
183. Mənəvi ziyana gəldikdə, ərizəçi 50.000 avro istədi və deportasiya qərarının dayandırılmasını və (və ya) ləğvini tələb etdi.
184. Hökumət qeyd etdi ki, deportasiya qərarı icra edilməyib, buna görə də İtaliya dövlətinin qanunlarını pozmuş və 9 oktyabr 2002-ci ildən sonra qanuni olaraq həbsə alınmış əcnəbi olaraq ərizəçi maddi ziyana görə və ya gəlirlərini itirdiyinə görə kompensasiya tələb etmək hüququna malik deyil.
185. Mənəvi ziyan məsələsi ilə bağlı Hökumət bildirdi ki, İtaliya hakimiyyət orqanlarının davranışı ilə ərizəçinin iddia etdiyi iztirab və narahatlıqlar arasında səbəbiyyət əlaqəsi yox idi. İstənilən halda, ərizəçi tələb etdiyi məbləğin hesablanmasında hansı meyarlardan istifadə edildiyini göstərməyib.
186. Məhkəmə xatırladır ki, o, tələbin əsasında duran itkinin və ziyanın müəyyən edilmiş pozuntu səbəbindən baş verdiyi təqdirdə 41-ci maddədə nəzərdə tutulmuş əvəzin ədalətli ödənilməsi yolu ilə kompensasiya məbləğləri təyin edə bilər, amma dövlətdən onun səbəb olmadığı ziyanın əvəzini ödəməsi tələb olunmur (bax: Perot Pellon İspaniyaya qarşı, ərizə N 45238/99, b. 57, 25 iyul 2002).
187. Hazırkı işdə Məhkəmə müəyyən etdi ki, ərizəçinin Tunisə deportasiyasının həyata keçirilməsi Konvensiyanın 3-cü maddəsini pozmuş olacaqdır. Digər tərəfdən, o, ərizəçinin azadlıqdan məhrum edilməsi ilə və ya onun İtaliyada olmasının qanunsuz hesab edilməsi ilə bağlı Konvensiyanın hər hansı pozuntusunu aşkar etmədi. Buna görə də o, hazırkı qərarla müəyyən edilmiş pozuntu ilə ərizəçinin iddia etdiyi maddi ziyan arasında heç bir səbəbiyyət əlaqəsi görmür.
188. Ərizəçinin məruz qaldığı mənəvi ziyana gəldikdə, Məhkəmə hesab edir ki, onun deportasiya olunacağı təqdirdə Konvensiyanın 3-cü maddəsinin pozulacağı barədə qərarın özü ədalətli kompensasiya təşkil edir.
B. Məhkəmə xərcləri və digər məsrəflər
189. Ərizəçi dövlətdaxili icraatda çəkdiyi məhkəmə xərclərinin və digər məsrəflərin əvəzinin ödənilməsini tələb etmədi. Lakin o, Məhkəmədəki icraatla bağlı çəkdiyi xərclərin əvəzini tələb etdi, onun vəkilinin təqdim etdiyi hesaba əsasən, həmin xərclər 18.179,57 avro təşkil edir.
190. Hökumət bu məbləği həddən artıq böyük hesab etdi.
191. Məhkəmənin oturuşmuş presedent hüququna uyğun olaraq, ərizəçinin çəkdiyi məhkəmə xərclərinə və digər məsrəflərə görə kompensasiya yalnız o halda ödənilə bilər ki, həmin xərclər faktiki və zəruri olaraq çəkilmiş olsun və miqdarca ağlabatan olsun (bax: Belzyuk Polşaya qarşı, 25 mart 1998-ci il tarixli qərar, Qərar və qərardadlar toplusu, 1998-II, b. 49).
192. Məhkəmə hesab edir ki, onun apardığı icraatla bağlı məhkəmə xərclərinə və digər məsrəflərə görə tələb olunan məbləğ həddən artıq böyükdür və bu bənd üzrə ərizəçiyə 8.000 avro təyin etməyi qərar alır.
C. İcranın gecikdirilməsinə görə faiz
193. Məhkəmə məqsədəuyğun hesab edir ki, icranın gecikdirilməsinə görə faiz Avropa Mərkəzi Bankındakı borc dərəcəsinin yuxarı həddinə əsaslanmalıdır və onun üzərinə daha üç faiz əlavə olunmalıdır.
BU ƏSASLARA GÖRƏ MƏHKƏMƏ YEKDİLLİKLƏ:
1. Ərizəni qəbul olunan elan edir;
2. Qərara alır ki, ərizəçinin Tunisə deportasiya olunması barədə qərar yerinə yetiriləcəyi təqdirdə Konvensiyanın 3-cü maddəsi pozulmuş olacaqdır;
3. Qərara alır ki, ərizəçinin Tunisə deportasiya olunması barədə qərar yerinə yetiriləcəyi təqdirdə həmçinin Konvensiyanın 6-cı və 8-ci maddələrinin və 7 saylı Protokolun 1-ci maddəsinin pozulub-pozulmayacağını araşdırmağa ehtiyac yoxdur;
4. Qərara alır ki, pozuntunun müəyyən edilməsinin özü ərizəçinin məruz qaldığı ziyana görə yetərli kompensasiya təşkil edir;
5. Qərara alır ki:
a) cavabdeh dövlət məhkəmə xərclərinə və digər məsrəflərə görə ərizəçiyə üç ay ərzində 8.000 (səkkiz min) avro ödəməli və bu məbləğdən tutula bilən hər hansı əlavə dəyər vergisi məbləği onun üzərinə əlavə olunmalıdır;
b) yuxarıda qeyd edilən üç aylıq müddət bitdikdən sonra öhdəlik icra edilənə qədər yuxarıda qeyd edilən ödənilməli məbləğin üzərinə Avropa Mərkəzi Bankındakı borc dərəcəsinin yuxarı həddinə bərabər olan adi faiz məbləği əlavə olunmalı və onun da üzərinə daha üç faiz əlavə olunmalıdır;
6. Əvəzin ədalətli ödənilməsi haqqında ərizəçinin qalan tələblərini yekdilliklə rədd edir.
Qərar ingilis və fransız dillərində tərtib edilmiş və 28 fevral 2008-ci ildə Strasburqda İnsan Hüquqları Sarayında açıq dinləmədə elan olunmuşdur.
Jan-Pol Kosta (Jean-Paul Costa)
Sədr
Vinsent Berger (Vincent Berger)
Hüquq məsləhətçisi
Konvensiyanın 45-ci maddəsinin 2-ci bəndinə və Məhkəmə Reqlamentinin 74-cü Qaydasının 2-ci bəndinə uyğun olaraq bu qərara aşağıdakı ayrıca rəylər əlavə olunur:
a) hakim Zupançiçin qərarla üst-üstə düşən rəyi;
b) hakim Mayerin qərarla üst-üstə düşən rəyi (bu rəyə hakim Zaqrebelski də qoşulub).
HAKİM ZUPANÇİÇİN QƏRARLA ÜST-ÜSTƏ DÜŞƏN RƏYİ
1. Mən çoxluğun rəyi ilə razılaşsam da iki əlavə məsələni dəqiqləşdirmək üçün həmin rəyə aşağıdakı qeydlərimi əlavə etmək istərdim. Birinci məsələni bir neçə il əvvəl Skotsari və Ciuntanın işində[1] qərarla üst-üstə düşən rəyimdə müəyyən dərəcədə izah etmişəm. Ailə hüququ ilə, ibtidai həbslə, habelə fövqəladə situasiyanın qiymətləndirilməsi ilə bağlı işlərdə (Saadinin işi də bu qəbildəndir) problem ondadır ki, məhkəmənin qiymətləndirməsi keçmiş tarixi hadisəyə toxunmur. Mən Skotsari və Ciuntanın işində bu məsələyə toxunduğuma görə bütövlükdə problemi təkrar xatırlatmağa ehtiyac yoxdur, təkcə onu əlavə redə bilərəm ki, burada hüquqi paradiqma retrospektiv xarakterlidir. Münaqişənin həlli kontekstində məhkəmə prosesi, özünün bütün sübutedici aparatı ilə birlikdə, həmişə retrospektiv xarakterlidir. Adətən gələcək hadisələrlə bağlı “nəzəri” ehtimalların qiymətləndirilməsini sığorta kompaniyaları aparırlar. Amerikanın hüquq ədəbiyyatında mücərrəd risk ehtimalının konkret qiymətləndirilməsində sapmalarla bağlı bir çox ciddi riyazi töhfələr tapmaq olar. Çoxsaylı hadisələri nəzərdən keçirənlər, məsələn, sığorta kompaniyaları çox zaman “Bayes teoremi” kimi tanınan olduqca sadə düsturdan istifadə edə bilərlər. Lakin nadir hadisələr nəzərdən keçirildikdə Bayes düsturundan istifadə mümkünsüz olur, çünki nadir hadisələrdə istinad edilə biləcək statistik reallıq yoxdur. Qərarın 142-ci bəndində çoxluq haqlı olaraq deyir ki, riskin qiymətləndirilməsi müəyyən dərəcədə nəzəri olsa da, Məhkəmə həmişə bu məsələyə ehtiyatla yanaşaraq 39-cu Qayda əsasında ilkin tədbiri müəyyən etməzdən və ya ərazidən çıxarılmanın Konvensiyanın 3-cü maddəsinə zidd olacağı qənaətinə gəlməzdən əvvəl qarşısındakı materialları zəruri sübutetmə standartının işığında diqqətlə araşdırır (b. 128-132).
Əlbəttə, bu kontekstdə həmişə istinad edilən qərar Çahalın işi üzrə qərardır. Həmin qərarın 74-cü bənddə sübutetmə standartına dair qayda aşağıdakı kimi müəyyən edilib: “Sözügedən şəxsin ölkədən çıxarılacağı təqdirdə onu qəbul edəcək ölkədə işgəncəyə, yaxud qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qalacağına dair real riskin mövcud olduğunu düşünmək üçün tutarlı əsasların olduğu sübut edildikdə, 3-cü maddə dövlətin üzərinə belə bir öhdəlik qoyur ki, sözügedən şəxsi həmin ölkəyə göndərməsin”. İşgəncələr Əleyhinə BMT Komitəsi İşgəncələr Əleyhinə BMT Konvensiyasının 33-cü maddəsini tətbiq edərkən bu standartdan istifadə edir.
Çahalın işində tətbiq edilmiş test zahirən məntiqli görünsə də bu rəyin başlanğıcında mənim qeyd etdiyim problemi doğurur. Çahalın işindəki testin formulu nə qədər dəqiq olursa-olsun, o, artıq baş verən hadisələrə deyil, gələcək hadisələrin baş vermə ehtimalına tətbiq edilir. Buna görə də qərarın 142-ci bəndində qeyd edilən müəyyən sübutetmə standartının tətbiq edilməli olduğunu söyləmək ən azı ziddiyyətli fikir olardı. Əlbəttə, bunun sadə səbəbi ondan ibarətdir ki, gələcək hadisəni hər hansı müəyyənlik dərəcəsi ilə sübut etmək olmaz, buna görə də sübutetmə barədə qanunvericilik öncəgörmə xarakterli deyil, məntiqli olmalıdır. Buna görə də Çahalın işindəki testin bu işə tətbiqinin “müəyyən dərəcədə nəzəri” xarakterli olduğu barədə fikir çox ehtiyatla söylənilmiş fikirdir.
Gələcək hadisələrə koqnitiv yanaşma yalnız mücərrəd ehtimaldan konkret ehtimaladək eksperimentlər spektrində ehtimal xarakterli rasional qiymətləndirmədən ibarət ola bilər. Bu cür ehtimal xarakterli qiymətləndirmənin (burada “proqnoz” sözündən istifadə etmək olar) dəqiqliyi konkret situasiyada təqdim edilmiş məlumatların (sübutların yox!) xarakterindən çox asılıdır.
İstər qanunvericilik keçmiş hadisələrə və onların sübutuna, istərsə də gələcək hadisələrin baş vermə ehtimalına toxunsun, hər bir halda bu məqsəd üçün təqdim edilən informasiya yüz faiz tam olmur. Tarixi hadisələrə toxunarkən problem ondadır ki, onlar xaraktercə təkrarolunmazdır və müəyyən mənada keçmişdə qalmış bərpa olunmayan itkidir. Bu, təkrarlanan hadisələrin əksinə olaraq, bir tərəfdən elmi yanaşmada və sübutlarda, digər tərəfdən isə keçmişdə baş verənlərə verilən hüquqi qiymətdə fərq yaradır.
Müvafiq olaraq, bir tərəfdən keçmiş hadisələrin qiymətləndirilməsi, digər tərəfdən isə hazırkı işdəki kimi gələcək hadisələrin ehtimal xarakterli qiymətləndirilməsi arasında sübutetmə problemi ilə bağı paralellik vardır. Lakin hər iki halda biz koqnitiv olaraq tam dərk oluna bilməyən situasiya ilə qarşılaşırıq, keçmiş hadisələrə nisbətən gələcək hadisələrlə bağlı “sübutetmə” problemi daha kəskindir.
Hələ qədim zamanlardan məhkəmə prosesi bu problemlərlə üzləşib və yuxarıdakı koqnitiv natamamlığa baxmayaraq, bu situasiyaların həlli üsulları icad edilib. Mən Roma hüququnda ehtimallardan istifadəni nəzərdə tuturam, orada magistratdan (pretordan) tələb olunurdu ki, təqdim edilmiş sübutlar yetərli olmasa da keçmiş hadisə barədə qərar çıxarsın. Buna görə də ehtimallarla bağlı formul şübhəli situasiyaları nəzərdə tutur və qərar qəbul edən şəxsdən tələb edir ki, məcburi hüquqi prezumpsiya nümunəsində olduğu kimi, şübhə mövcud olduqda konkret mövqe tutsun. Başqa sözlə, bu, məhkəmə sisteminə imkan verir ki, hətta bütövlükdə həqiqəti aşkara çıxara bilməsə də, res judicata (bir dəfə baxılmış işə ikinci dəfə baxmağın yolverilməzliyi prinsipi) səviyyəsinə çata bilsin.
Ehtimal güzgüsü ümumi hüquqda “sübutetmə yükü” və “əminliyin olmaması riski” adlandırdığımız məfhumları əks etdirir. Buna görə də məhkəmə prosesində həmin yükü və riski daşıyan şəxsin vəziyyəti ondan ibarət olur ki, o, ya yetərincə sübut təqdim etməli, ya da əks halda işi uduzmalıdır.
Söhbət keçmiş hadisələrdən getdikdə bu məntiq çox yaxşı işləyir, lakin istər ailə hüququ ilə (Skotsari və Ciuntanın işi), istərsə də ibtidai həbslə bağlı olan, yaxud da 39-cu Qaydada nəzərdə tutulan işlərdə o, çox da yaxşı işləmir.
Sonuncu nümunədə söhbət açıq-aydın fövqəladə situasiyalardan, məsələn, şəxsin ölkədən çıxarılmaq (refoulement) üçün hava limanında tutulmasından gedir. Belə situasiyada şəxsin (hava limanının saxlama mərkəzində ola-ola!) həm sübutetmə yükünü, həm də əminliyin olmaması riskini daşıdığını söyləmək açıq-aydın absurddur. Həmin yükün və riskin xeyli hissəsini şəxsi ölkədən çıxaran dövlətin üzərinə qoymaqla onları yenidən bölüşdürmədən bu cür şəxsi həm sübutetmə yükünü, həm də əminliyin olmaması riskini daşımağa məcbur etmək inkvizisiya məhkəməsi kimi bir şeydir. Bu cür səthi formalizm İnsan hüquqları haqqında Avropa Konvensiyasının təbiətinə ziddir.
Bundan başqa, Məhkəmə Reqlamentinin 39-cu Qaydasına uyğun olaraq, məhkəmə qadağalarının məqsədi konkret iş üzrə qərar çıxarmaq deyil. Hər bir hüquq sistemində bu cür fövqəladə tədbirlər situasiyanı dondurmaq üçün tətbiq edilir ki, həmin situasiya ilə qarşılaşmış məhkəmə ədalət mühakiməsinin zəfər çalması üçün vaxta və imkana malik olsun. Belə situasiyalarda problem heç də ondan ibarət deyil ki, ölkədən çıxarılacaq şəxs göndəriləcəyi ölkədə işgəncəyə, yaxud qeyri-insani və ya ləyaqəti alçaldan rəftara məruz qalacaqmı, problem sadəcə ondan ibarətdir ki, şəxs ölkədən çıxarılacağı təqdirdə sonradan düzəldilməsi mümkün olmayan nəticələr baş verməsin. Buna görə də məqsəd hələ həqiqətin aşkar edilməsi deyil. Məqsəd həqiqətin aşkar edilməsinə imkan verə bilən şəraitin yaradılmasıdır.
Buna görə də açıq-aydın görünür ki, burada ehtimalların və “sübutetmə yükünün” rolu tamamilə fərqlidir, çünki bu rol hələ konkret məsələ üzrə yekun qərarının çıxarılmasına xidmət etmir; o, yalnız həmin məsələ üzrə məhkəmənin gələcəkdə qərar çıxarması üçün zəmin hazırlanmasına xidmət edir. Buradan qəti şəkildə belə çıxır ki, 39-cu Qaydada nəzərdə tutulan situasiyalarda ölkədən çıxarılan şəxsin rolu hər hansı şübhə kölgəsinin olduğunu nümayiş etdirməkdən ibarətdir, bundan sonra sübutetmə yükü müvafiq ölkənin üzərinə keçir. Bu, insan hüquqlarına aid məsələdir. Sübutetmə doktrinasında bu, “qovuqcuğun partlaması” adlanır, məsələn, anlaqlılıq prezumpsiyası ilə bağlı nümunədə bu prezumpsiyanı aradan qaldırmaq və sübutetmə yükünü ittiham tərəfinin üzərinə ötürmək üçün minimum şübhə kifayət edir. Əlbəttə, cinayət işi üzrə məhkəmə araşdırmasında sübutetmə yükünün əks tərəfə ötürülməsini əsaslandırmaq üçün gətirilən səbəblər tamamilə fərqlidir, lakin şəxsin ölkədən çıxarılması ilə bağlı hava limanındakı fövqəladə situasiyanın nümunəsində həmin səbəblərin yetərliliyinə qarşı tələb n qədər zəifləyir. Məsələyə insan hüquqları kontekstində yanaşdıqda insan hüquqlarına xas olan minimal mərhəmət və insanpərvərlik diqtə edir ki, ölkədən çıxarılma təhlükəsi ilə üzləşən şəxsin üzərinə həddən artıq sübutetmə yükü və ya əminliyin olmaması riski qoyulmasın. Başqa sözlə, ərazisindən şəxsi çıxaran dövlət riskin yanlış qiymətləndirilməsinə görə mənəvi məsuliyyət daşıyır, lakin eyni zamanda, belə situasiyalarda Məhkəmənin rəyi ölkədən çıxarılacaq şəxsin təhlükəsizliyinin lehinə olmalıdır.
2. Mən qərarın 139-cu bəndində çoxluğun dediyi belə bir fikirlə tam razıyam ki, bir tərəfdən “cəmiyyətə ciddi təhlükə”, digər tərəfdən “şəxsin geri qayıtdıqdan sonra məruz qala biləcəyi qəddar rəftar riskinin dərəcəsi” arasında heç bir quid pro quo (qarşılıqlı əvəzləmə) əlaqəsi yoxdur. Üçüncü tərəf qismində işə qatılmış iştirakçı dövlətin irəli sürdüyü polis məntiqi sadəcə heç bir tənqidə davam gətirmir. Ölkədən çıxarılacaq şəxsin onu çıxaran tərəf üçün törətdiyi təhlükə məsələsi heç də onun ölkədən çıxarılacağı təqdirdə üzləşəcəyi hər hansı növ təhlükə ilə birbaşa əlaqəli deyil. Əlbəttə, elə işlər olacaq ki, bəlli və ya məşhur terrorçu göndəriləcəyi ölkədə (adətən Konvensiyanı imzalamayan dövlətdə) bu səbəbdən daha ağır cəza ilə üzləşəcək. Lakin bu iki məsələnin qismən üst-üstə düşməsi faktı özlüyündə onların arasında quid pro quo əlaqəsinin olduğunu sübut etmir.
Digər tərəfdən, sadəcə şəxsin öz təhlükəliliyi ilə tanınması səbəbindən ölkədən çıxarılma işlərində sübutetmənin daha aşağı səviyyəsinin tələb olunduğunu düşünmək əqli baxımdan düzgün olmazdı. Siyasət nöqteyi-nəzərindən aydındır ki, şəxsi ölkədən çıxaran dövlət bu cür situasiyalarda onun çıxarılmasına daha çox can atır. Lakin hər hansı tərəfin nədəsə maraqlı olması onun həmin şeyi etmək hüququna malik olduğunun sübutu demək deyil. İHAK-ın ruhu buna birmənalı olaraq ziddir, yəni Konvensiya bu cür natamam məntiqi tsiklin əngəllənməsi və dövlətin icra hakimiyyətinin, yaxud hətta bəzən qanunvericilik hakimiyyətinin sonu bilinməyən “marağından” fərdin müdafiə edilməsi üçün düşünülüb.
Buna görə də qərarın 139-cu bəndini fərdin hüquqlarını qoruyan qəti imperativ kimi qəbul etmək son dərəcə vacibdir. Bu məntiqi zərurətdən yeganə istisna belə bir iddiadan ibarət ola bilər ki, bu cür fərdlər insan hüquqlarına layiq deyillər, çünki onlar daha az insanpərvərdirlər (işə qatılmış üçüncü tərəf özü də hiss etmədən bir qədər az dərəcədə olsa da hər halda məhz bunu nəzərdə tuturdu).
HAKİM MAYERİN QƏRARLA ÜST-ÜSTƏ DÜŞƏN RƏYİ
(BU RƏYƏ HAKİM ZAQREBELSKİ DƏ QOŞULUB)
Dirə hakimlər kimi mən də səs verdim ki, ərizəçini Tunisə deportasiya etmək qərarı yerinə yetirilərsə, Konvensiyanın 3-cü maddəsi pozulmuş olacaq. Mən həmçinin qərarın 124-148-ci bəndlərində yer alan əsaslandırma ilə tam razıyam.
Amma hər halda aşağıdakı qeydlərimi əlavə etmək istərdim.
Prosedur barəsində:
Saadi İtaliyaya qarşı işdə üçüncü tərəf qismində işə qatılmış Hökumətin irəli sürdüyü prinsip məsələsi (Məhkəmə tərəfindən Çahalın işində tətbiq edilmiş yanaşmaya beynəlxalq terrorizmin yaratdığı təhlükə ilə bağlı işlərdə düzəliş və dəyişiklik etmək üçün əsasın olub-olmaması məsələsi) bundan öncə hazırda Üçüncü Seksiyanın Palatasının icraatında olan bir neçə başqa işdə də qaldırılıb (Rəmzi Niderlanda qarşı, ərizə N 25424/05; və A. Niderlanda qarşı, ərizə N 4900/06). Niderlanda qarşı qaldırılmış bu işlərdə Litva, Portuqaliya, Slovakiya və Birləşmiş Krallıq Hökumətlərinin və bəzi qeyri-hökumət təşkilatlarının üçüncü tərəf qismində prosesə qatılmasına icazə verilib. Bu Hökumətlər işə üçüncü tərəf qismində birgə qatılaraq ayrıca arqumentlərini təqdim ediblər, həmçinin bəzi qeyri-hökumət təşkilatları da üçüncü tərəf qismində ayrıca arqumentlərini təqdim ediblər.
Sonra elə alındı ki, Saadi İtaliyaya qarşı iş (öncə bu iş N.S. İtaliyaya qarşı adlanırdı) qərar çıxarılması üçün hazır olduğu halda Niderlanda qarşı işlər hələ bunun üçün hazır deyildi. Saadinin işində Üçüncü Seksiyanın Palatası 27 mart 2007-ci ildə Böyük Palatanın xeyrinə yurisdiksiyasından imtina etdi. Presedent hüququna dair 2007-ci il mart tarixli Məlumatlar Toplusunda (2007-ci ildə işıq üzü görmüş müvəqqəti versiyada) 95 saylı bildirişdə 38-ci səhifədə N.S. İtaliyaya qarşı işin adı çəkilib (Böyük Palatanın xeyrinə yurisdiksiyadan imtina qeyd edilib) və göstərilib ki, bu iş ərizəçinin beynəlxalq terrorizmdə iştirakının iddia edilməsi səbəbindən ölkədən çıxarılaraq Tunisə göndərilməsi ilə bağlıdır. Eyni məlumat Məhkəmənin presedent hüququna dair 2007-ci il mart tarixli Məlumatlar Toplusunun bir müddət sonra işıq üzü görmüş yekun versiyasında 95 saylı bildirişdə də vardır. Birləşmiş Krallıq Hökuməti müvafiq vaxtda prosesə üçüncü tərəf qismində qatılmaq üçün ona icazə verilməsi xahişi ilə müraciət edib.
Məsələnin özü barəsində:
Qərarın 137-ci bədində bu işdəki məsələyə dair çox qısa cavab verilir: “Məhkəmə hər şeydən əvvəl qeyd edir ki, müasir dövrdə dövlətlər öz cəmiyyətlərini terrorizm zorakılığından qorumaq üçün böyük çətinliklərlə üzləşirlər (bax: Çahalın işi üzrə yuxarıda adı çəkilən qərar, b. 79; və Şamayev və başqalarının işi üzrə yuxarıda adı çəkilən qərar, b. 335). Buna görə də o, bu gün terrorizm təhlükəsinin miqyasını və cəmiyyət üçün yaratdığı təhlükəni lazımınca qiymətləndirməyə bilməz. Lakin bu, 3-cü maddənin mütləq xarakterini sual altına almamalıdır”.
Məhkəmə 3-cü maddənin mütləq xarakterini vurğulayarkən, görünür, müvafiq ölkənin vətəndaşı olmayan, terrorizmlə bağlı cinayətlərdə təqsirkar sayılan ərizəçinin müdafiəsini bütövlükdə cəmiyyətin terrorizm zorakılığına qarşı müdafiəsindən daha üstün tutur və əgər qərarı oxuyan bəzi oxucular ilk baxışdan bunu çətin başa düşülən hesab etsələr, mən buna təəccüblənmərəm. Bu mülahizəni, yəqin ki, aşağıdakı kimi başa düşmək olar: qeyri-vətəndaşlar, o cümlədən siyasi sığınacaq istəyənlər, əgər ölkədən çıxarılarsa onları qəbul edəcək ölkədə 3-cü maddəyə zidd olan qəddar rəftara məruz qalacaqlarını düşünmək üçün tutarlı əsaslar varsa (misal üçün bax: Salah Şix Niderlanda qarşı iş üzrə 11 yanvar 2007-ci il tarixli qərar), yaxud hətta onlar Qaçqınların statusuna dair 28 iyul 1951-ci il tarixli Konvensiyanın 1F maddəsində göstərilən kateqoriyaya düşən qeyri-vətəndaşlardırsa (bax: Teşome Qoraqa Bonger Niderlanda qarşı iş üzrə 15 sentyabr 2005-ci il tarixli qərardad), belə şəxslər dövlətin vətəndaşlarının həyatına təhlükə törətmədikləri təqdirdə ölkədən çıxarılmamalıdır, lakin bu heç də o demək deyil ki, qeyri-vətəndaş dövlətin vətəndaşları üçün mümkün terrorizm təhlükəsi yaradıbsa (və ola bilsin ki, hələ də yaradırsa), ölkədən çıxarılmamalıdır.
Konvensiyada (və onun Protokollarında) insan hüquqları ilə bağlı hüquqi standartlar yer alıb ki, Razılığa gələn Yüksək Tərəflər yurisdiksiyalarında olan hər kəs üçün onları təmin etməlidirlər (1-ci maddə). “Hər kəs” ifadəsi təkcə terrorçuları və bu kimi şəxsləri deyil, hamını bildirir. Dövlətlər həm də vətəndaşlarının həyatlarını qorumaqdan ibarət pozitiv öhdəlik daşıyırlar. Dövlətlər insanların həyatına qarşı bildikləri və ya bilməyə borclu olduqları real və birbaşa riskin qarşısını almaq üçün onlardan əsaslı olaraq gözlənilə bilən hər şeyi etməlidirlər (Osman Birləşmiş Krallığa qarşı iş üzrə 28 oktyabr 1998-ci il tarixli qərar, b. 115-116). Onlar, Avropa Şurası Nazirlər Komitəsinin insan hüquqlarına və terrorizmə qarşı mübarizəyə dair rəhbər prinsiplərinin (11 iyul 2002-ci ildə qəbul edilib) preambulasında qeyd edildiyi kimi, öz əhalilərini mümkün terror aktlarından qorumaqdan ibarət “imperativ öhdəlik” daşıyırlar. Hətta mən bunu deməyə cəsarət edərdim ki, Konvensiya Razılığa gələn Yüksək Tərəflərin üzərinə vətəndaşlarının həyatlarının və əmlaklarının risk altında olmasından qorxmadan yaşamalarını təmin etmək öhdəliyini qoyur. Bununla bağlı mən xatırladıram ki, Ruzveltin məşhur nitqindəki dörd azadlıq arasında qorxu hissindən azad olma da vardır.
Lakin dövlətlərin beynəlxalq terrorizmlə hər cür qurbanlar bahasına mübarizə aparmasına icazə verilmir. Onlar müdafiə etmək istədikləri dəyərlərə xələl gətirən metodlara əl atmamalıdırlar. Bu, xüsusən “mütləq” olan və fövqəladə hallar zamanı öhdəliklərdən geri çəkilməyə yol verməyən (15-ci maddə) hüquqlara aiddir. “Terrorizmlə mübarizə apararkən insan hüquqlarını qorunması” haqqında yüksək səviyyəli seminar zamanı (Strasburq, 13-14 iyun 2005-ci il) Fransanın sabiq ədliyyə naziri Robert Badinter haqlı olaraq terrorizmin insan hüquqlarına yaratdığı ikili təhlükədən danışdı; terrorizm aktlarının yaratdığı birbaşa təhlükə və anti-terror tədbirlərinin insan hüquqlarının pozulması riskini doğurmasından yaranan dolayı təhlükə. Terrorizmə qarşı mübarizədə insan hüquqlarının müdafiəsi ilk növbədə dəyərlərimizin müdafiəsidir, hətta həmin dəyərləri dağıtmaq istəyənlərin də insan hüquqları müdafiə edilməlidir. Oda qarşı odla mübarizə aparmaqdan səmərəsiz bir şey yoxdur, bunun nəticəsində terrorçular əsil əzabkeş kimi qələmə verilir, demokratik isə ölkələr ikili standartlardan istifadədə təqsirləndirilir. Bu cür hərəkət yalnız daha da radikallaşma üçün və gələcək terrorçuların cəlb olunması üçün münbit zəmin yaradır.
11 sentyabr 2001-ci il hadisələrindən sonra Avropa Şurasının Nazirlər Komitəsi yuxarıda adı çəkilən rəhbər prinsiplərin preambulasında bir daha təsdiq etdi ki, dövlətlər terrorizmə qarşı mübarizədə insan hüquqlarının müdafiəsinə dair beynəlxalq müqavilələrə əməl etmək öhdəliyini daşıyırlar, konkret olaraq Avropa Şurasının üzvü olan dövlətlər həm də İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasına və Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququna əməl etməlidirlər. 14.2-ci rəhbər prinsipdə aydınlıq gətirilir ki, şəxsi ölkədən çıxararaq onun öz ölkəsinə və ya hər hansı başqa ölkəyə göndərmək niyyətində olan dövlətin vəzifəsidir ki, onun ölüm cəzasına, işgəncəyə, yaxud qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qalmayacağını təmin etsin.
Bu işdə Məhkəmə müəyyən etdi ki, ərizəçinin Tunisə deportasiya olunacağı təqdirdə Konvensiyanın 3-cü maddəsinə zidd rəftara məruz qalma riski ilə üzləşəcəyini düşünmək üçün tutarlı əsaslar gətirilib.
Buna görə də bu məsələnin yalnız bir (yekdil) mümkün cavabı vardır.
[1] Skotsari və Ciunta İtaliyaya qarşı, ərizələr N 39221/98 və 41963/98, AİHM 2000-VIII.
© Rada Europy / Europejski Trybunał Praw Człowieka, źródło: HUDOC (hudoc.echr.coe.int), pozyskano 13.07.2026. · Źródło